EN

İran üçün yeni çıxış qapısı? Xəzərlə bağlı iddiaların pərdəarxası

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Regionda geosiyasi gərginliklər fonunda enerji və nəqliyyat marşrutları yenidən diqqət mərkəzinə gəlir. Belə ki, xarici mediada yazılan iddialara görə, ABŞ Prezidenti Donald Tramp İranı təcrid etmək istəsə, Xəzər dənizi Tehran üçün alternativ çıxış yolu rolunu oynaya bilər. Bildirilir ki, ABŞ ordusu Fars körfəzindəki limanları bloklasa belə, Xəzər üzərindən enerji təchizatının davam etdirilməsi mümkündür.

Xəzər dənizinin İran üçün alternativ çıxış yolu kimi təqdim olunması nə dərəcədə realdır? Bu ssenarinin siyasi əsasları varmı?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, bu gözləntilər real imkanlar və məhdudiyyətlər baxımından bir qədər şişirdilmiş yanaşmadır:

“Bunu düzgün qiymətləndirmək üçün Xəzər dənizinin hüquqi statusunu, regiondakı güc balansını və İranın faktiki iqtisadi-logistik imkanlarını birlikdə nəzərdən keçirmək lazımdır. İlk növbədə, Xəzər “açıq dəniz” deyil, qapalı su hövzəsidir. Xəzərdə sahilyanı dövlətlər olan İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında bölüşdürülmüş xüsusi hüquqi rejim mövcuddur. Bu o deməkdir ki, burada hərbi və ticarət hərəkətliliyi beynəlxalq okeanlar kimi sərbəst deyil. Bu da Xəzərin “alternativ nəfəs yolu” rolunu daraldan əsas faktorlardan biridir”.

Yusif Bağırzadə

Politoloq bildirib ki, digər vacib aspekt iqtisadi və logistik reallıqdır:

“İranın enerji ixracının və ümumi ticarətinin böyük hissəsi cənub istiqamətinə, yəni, Hörmüz boğazı ilə Fars körfəzinə bağlıdır. Xəzər dənizi isə daha çox regional ticarət və Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistanla məhdudlaşan marşrutlar üçün əhəmiyyətlidir. Yəni Xəzər İran üçün tam alternativ qlobal çıxış qapısı deyil, yalnız müəyyən regional diversifikasiya imkanıdır. Bu da blokada ssenarisinin təsirini tam kompensasiya etməyə kifayət etmir.

Xəzərin İranı xilas edən faktora çevrilməsi üçün təkcə coğrafiya yox, həm də güclü nəqliyyat infrastrukturu, sanksiyalara davamlı ticarət kanalları və geniş bazar əlaqələri lazımdır ki, indiki mərhələdə bunlar da məhduddur. Odur ki, Xəzərlə bağlı iddialar qismən siyasi məntiqə əsaslansa da, real olaraq tam xilasedici alternativ kimi qiymətləndirilə bilməz. ABŞ-ın dəniz blokadası vəziyyətində Xəzər İran üçün müəyyən manevr imkanları yarada bilər, amma ölkənin iqtisadi və enerji sistemini tam blokadadan qorumaq gücündə deyil”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
50
globalinfo.az

10Sources