EN

Baltikyanı dövlətlərin Azərbaycana artan marağı - SƏBƏBLƏR

Gələn həftə Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri gözlənilir. Yada salaq ki, bir neçə gün əvvəl Litvanın baş naziri də ölkəmizdə olub.

Ümumiyyətlə, son illərdə Estoniya, Latviya və Litva ilə Azərbaycan arasında siyasi və iqtisadi təmasların intensivləşməsi diqqət çəkən geosiyasi tendensiyalardan birinə çevrilib. Bu proses təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, həm də Avrasiya məkanında dəyişən güc balansının göstəricisi kimi qiymətləndirilir.

Ukrayna müharibəsindən sonra Avropada təhlükəsizlik arxitekturası ciddi dəyişikliklərə məruz qalıb. Baltikyanı ölkələr Rusiya ilə tarixi gərginlik fonunda alternativ əməkdaşlıq istiqamətlərini genişləndirməyə çalışır. Bu kontekstdə Azərbaycan həm enerji resursları, həm də tranzit imkanları ilə ön plana çıxır. Azərbaycanın Cənubi Qafqazda sabitlik və enerji ixracatçısı kimi rolu, onu Baltikyanı dövlətlər üçün daha cəlbedici tərəfdaşa çevirir.


Picture

Baltikyanı ölkələrin əsas prioritetlərindən biri enerji asılılığının şaxələndirilməsidir. Xüsusilə qaz və neft bazarlarında Rusiya təsirinin azalması bu ölkələri yeni tərəfdaşlara yönləndirib. Azərbaycan isə Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində artıq mühüm rol oynayır.

Bu əməkdaşlıq təkcə enerji idxalı ilə məhdudlaşmır, həm də uzunmüddətli strateji enerji dialoquna çevrilir. Çin–Avropa ticarətini birləşdirən Orta Dəhliz layihəsi Baltikyanı ölkələrin maraq dairəsindədir. Azərbaycanın bu marşrutda tranzit ölkə kimi rolu artır və bu, Baltik limanları ilə Xəzər regionu arasında yeni logistika körpüləri yaradır. Latviya və Litva liman infrastrukturu baxımından bu xətdə potensial tərəfdaş kimi çıxış edir.

Estoniya xüsusilə e-hökumət və rəqəmsal idarəetmə sahəsində Avropanın lider ölkələrindən biridir. Azərbaycanın son illərdə həyata keçirdiyi rəqəmsal transformasiya siyasəti bu əməkdaşlıq üçün yeni imkanlar açır. Bu sahədə təcrübə mübadiləsi və texniki dəstək iki ölkə arasında münasibətlərin qeyri-enerji istiqamətini gücləndirir.

Yəni Baltikyanı dövlətlərin Azərbaycana artan marağı təsadüfi deyil. Bu proses həm təhlükəsizlik narahatlıqları, həm enerji strategiyaları, həm də yeni qlobal ticarət marşrutlarının formalaşması ilə bağlıdır. Nəticə etibarilə, Bakı–Baltik xətti Avrasiya məkanında yeni strateji əməkdaşlıq istiqaməti kimi formalaşır.


Latviya

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Musavat.com-a dedi ki, Baltikyanı dövlətlərlə Azərbaycanı birləşdirən və geniş əməkdaşlığa sövq edən bir sıra tarixi və köklü səbəblər var: 

"Üç dövlət-Latviya, Litva və Estoniya təxminən yarım əsr sovet imperiyasının tərkibində olub. Bu, imkan verib ki, qarşılıqlı münasibətlər dərinləşsin, xalqlar arasındakı inteqrasiyada yaxınlıq yaransın. Baxmayaraq ki, sovet ideologiyası və aparılan siyasət ittifaq respublikalarının və millətlərin əriməsini, qondarma "sovet xalqı" kimi formalaşmasını, qarışıq istisadi əlaqələr və asılılıq yaradılmasına fokuslanmışdı. Ancaq bütün bu cəhdlərə baxmayaraq bolşevik-kommunist avantürası iflasa uğradı və ittifaq ın hər biri öz müstəqilliklərini əldə edə bildilər. Sovetlərin ən çox repressiyaya və assimlasiyaya məruz qoyduğu regionlardan biri olan Baltikyanı region müstəqillikdən sonra da Moskvanın davamlı basqıları altındadır. NATO və Aİ bu ölkələrə təhlükəsilik qarantiyası olmasına baxmayaraq Kreml təhlükəsini tam dəf etməkdə müxtəlif çətinliklərlə üzləşməkdədir. Baltikyanı dövlətlərlə Rusiya arasında bir çox sahələrdə ciddi fikir ayrılıqları var. Bu xüsusən də artan milli təhlükəsizlik, enerji təminatı və iqtisadi sahələrdə özünü açıq şəkildə biruzə verir. Rusiyanın Ukraynaya hərbi təcavüzü və enerji ilə bağlı yaranmış problemlər Baltikyanı dövlətlərin narahatlığını daha da artırdı. Rusiyanı Almaniya ilə birləşdirən Şimal axını 1 və Şimal axını 2 qaz boru və ötürücü kabel xəttinin Baltik dənizinin dibi ilə çəkilməsinə qarşı çıxan Latviya, Litva və Estoniya Moskvanın təhdidləri ilə üzləşdi. Həmin ölkələrin də Azərbaycana marağının daha da artması, yüksək səviyyəli səfərlərin intensivləşməsi beynəlxalq münasibətlər sistemindən qaynaqlanan ehtiyacların zərurətindən doğur. Bakı qlobal siyasətdə aktiv rol oynayır və Qərbin təhlikəsizlik arxitekturasında və enerji şaxələndirilməsində önəm daşıyır. Azərbaycanın həm də tranzit imkanları genişlənir”.

Politoloq bir məsələyə də xüsusi toxundu: “Burada vacib məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş və qarşılıqlı hörmətə, mənafelərin təmin edilməsinə diqqət yetirən dövlət kimi qəbul edilir. Bu da Azərbaycanı cəlbedici ölkəyə çevirir. Resurslar və strateji nəqliyyat yolları uğrunda aparılan gərgin mübarizə böyük dövlətlər qarşısında risqləri artırır. Odur ki, ortaq təhlükəsizlik, iqtisadi və ticari maraqlar özünü qoruma instikntinin daha çevik və etibarlı təminatını diqtə edir. Baltikyanı dövlətlər də təbii ki, belə strategiyadan kənarda qala bilməzlər”.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
7
musavat.com

1Sources