EN

Azərbaycan Ermənistan iqtisadi münasibətlərində yeni imkanlar və sülh perspektivi

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son dövrlərdə Azərbaycan və Ermənistan arasında iqtisadi münasibətlərdə ehtiyatlı da olsa, müsbət dinamika üçün müəyyən ümidlər yaranmaqdadır. Regional sabitlik və sülh prosesinin irəliləməsi gələcəkdə ticarət və logistika əlaqələrinin yenidən qurulması üçün imkanlar aça bilər.

Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin fəaliyyətə başlaması idxal və ixrac axınlarını genişləndirə biləcək potensiala malikdir. Bu isə uzunmüddətli perspektivdə regionda iqtisadi əməkdaşlığın daha dayanıqlı və qarşılıqlı faydalı modelə keçidini mümkün edə bilər.

Milli Məclisin deputatı Vüqar Bayramov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistana enerji məhsullarının ixracını həyata keçirir. Deputat vurğulayıb ki, eyni zamanda, Azərbaycan üzərindən daşınan yüklərlə bağlı mövcud məhdudiyyətlər aradan qaldırılıb. Bu da Azərbaycanın regiondakı sülhə töhfəsini və dəstəyini bir daha təsdiq edir.

“Zəngəzur dəhlizinin istifadəyə verilməsi və kommunikasiyaların bərpa edilməsi, o cümlədən, iqtisadi əlaqələrin genişləndirilməsi vacib məqamlardandır və regionda dayanıqlı sülhün formalaşmasına xüsusi töhfə verəcək. Bu kontekstdə, Azərbaycanla Ermənistan arasında bizim apardığımız qiymətləndirmələr göstərir ki, 38 məhsul üzrə bütövlükdə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu, o deməkdir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında illik dövriyyə təxminən 300 milyon dollar ətrafında dəyişə bilər. Bura birbaşa Ermənistandan Azərbaycana ixrac və Azərbaycandan Ermənistana ixrac daxildir. Yəni söhbət idxal-ixrac əməliyyatlarından gedir”, – deyə deputat vurğulayıb.

Vüqar Bayramov əlavə edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən daha çox yüklərin daşınmasına, eyni zamanda region ölkələrinin bundan daha çox faydalanmasına imkan yaradacaq. Beynəlxalq yükdaşımalar hesabına ölkələrin daha çox gəlir əldə etməsi də mümkün olacaq. Bu da praktik olaraq həm dayanıqlı sülh, həm də regionun iqtisadi inkişafı baxımından vacib məqamlardandır.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
bizimyol.info

1Sources