EN

“Altmışını verib yelə, düşməyibdir ruhdan hələ” – Tereşkova seçkiyə gedir

Dünyanın ilk qadın kosmonavtı, 89 yaşlı Valentina Tereşkova "Vahid Rusiya"nın ilkin seçkilərində iştirak edir və Dövlət Dumasında dördüncü müddətə seçilməyi planlaşdırır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tereşkova Dövlət Dumasında seçkilərdə iştirak etmək və yenidən Yaroslavl vilayətini təmsil etmək planlarını açıqlayıb.

Partiyanın regional şöbəsi deputatın "Vahid Rusiya"nın 15 apreldə keçiriləcək ilkin seçkilərində iştirak etmək niyyətini açıqlayıb. Əgər o, ilkin seçkilərdə qalib gələrsə və sonradan seçilərsə, bu, onun parlamentin aşağı palatasında ardıcıl dördüncü müddətə seçiləcəyi deməkdir.

“Harada olsam da, həmişə kiçik vətənimi, doğma Yaroslavlı xatırlayıram - ürəyim burada yaşayır. Son illər ərzində əziz həmvətənlərimlə birlikdə Yaroslavl vilayəti üçün çox şey etmişik. Amma mənə yenidən etibar edilsə, daha çox iş görməyə çalışacağam", - deyə Tereşkova bildirib.

Tereşkovanın hazırda 89 yaşı var, 2027-ci ildə 90 yaşına çatacaq. Hazırkı Dövlət Dumasında yalnız yenidən seçilmək niyyətində olan Vladimir Resin ondan böyükdür.

Valentina Tereşkova 1963-cü ildə "Vostok 6" kosmik gəmisində üç günlük uçuş həyata keçirərək kosmosa uçan ilk qadın olub. O, 1966-cı ildən başlayaraq əvvəlcə SSRİ-nin, sonra isə o dövlətin varisi olan Rusiya Federasiyasının qanunvericilik orqanlarında təmsil olunmağa başlayıb.

Bir sözlə, 60 ilin deputatı olsa da, görünür, Valentina Vladimirovna hələ də ruhdan düşməyib.

Musavat.com

Chosen
31
musavat.com

1Sources