EN

"Özəl bank sektoru qərarlarını müstəqil verir" - Vüqar Bayramov

DOST TV-nin "Ekspert rəyi" verlişinin son buraxılışında  sahibkarlıq fəaliyyəti imkanları və maliyyə savadlılığı haqqında danışılıb.

QHT.az xəbər verir ki, Milli Məclisin Deputatı Vüqar Bayramov verlişdə qonaq olub və çıxışı zamanı Son vaxtlar ölkələr arasında, xüsusilə də inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında vergi sisteminin sadələşdirilməsi və sahibkarlıq fəaliyyətinin qeydiyyat prosedurlarının yüngülləşdirilməsi istiqamətində ciddi rəqabət müşahidə olunur. Bu baxımdan, Azərbaycan bu sahədə kifayət qədər rəqabətqabiliyyətlidirmi? Ümumilikdə, Milli Məclisdə, eləcə də sizin komitədə bu istiqamətdə hansı müzakirələr aparılır? Hansı işlər görülür və hazırda nələr müzakirə olunur? mövzusu ilə bağlı fikirlərini açıqlayıb.

"Qanunvericilik, əvvəl də qeyd etdiyimiz kimi, mütəmadi olaraq təkmilləşir. Biz hər il vergi məcəlləsinə yeni dəyişikliklərin edildiyini müşahidə edirik və bunların bir neçəsini artıq qeyd etdik. Hətta yeni vergi məcəlləsinin hazırlanması üzərində də işlər gedir. Təbii ki, yeni vergi məcəlləsi qəbul edildikdən sonra da ona dəyişikliklərin edilməsi istisna deyil.

Çünki nəticə etibarilə çağırışlar mövcuddur. Bu çağırışlar təkcə milli iqtisadiyyatla bağlı deyil, eyni zamanda regional və qlobal proseslərdən də qaynaqlanır və yeni imkanlar yaradır. Bu imkanların və çağırışların nəzərə alınması olduqca vacibdir. Ümumilikdə qanunvericilik təkmilləşir və vergi sistemi həm sahibkarlığın inkişafı, həm də vergi orqanları ilə sahibkarlar arasında münasibətlər baxımından yeni mərhələyə keçir.

Qeyd etmək istərdim ki, 2026-cı ilin yanvarından etibarən yeni monitorinq mexanizmi tətbiq olunur. Bu mexanizmin mahiyyəti ondan ibarətdir ki, sahibkarlar öz riskləri ilə bağlı əvvəlcədən vergi orqanına məlumat verdikdə, sonradan həmin risklər reallaşarsa və ya müəyyən uyğunsuzluqlar aşkar olunarsa, vergi orqanı tərəfindən cərimələr tətbiq edilmir. Yəni sahibkar əvvəlcədən bildirir ki, bu istiqamətdə risklər mövcuddur və müəyyən problemlərin yaranması mümkündür. Bu yanaşma sahibkarlarla vergi orqanları arasında əməkdaşlığın gücləndirilməsi baxımından vacibdir.

Bu kontekstdə vergi nəzarətində yanaşma da dəyişir. Artıq təkcə vergi ödəyicilərinin mütəmadi yoxlanılması deyil, onların təqdim etdiyi elektron məlumatların da sistemli şəkildə təhlili aparılır və kənarlaşmalar aşkar edildikdə səyyar vergi yoxlamalarına ehtiyac yaranır. Lakin praktik olaraq səyyar vergi yoxlamalarının – yəni vergi ödəyicisinin fəaliyyət yerində aparılan yoxlamaların – sayı əhəmiyyətli dərəcədə azalır. Bu da qarşılıqlı etimadın formalaşması baxımından vacibdir.

Eyni zamanda son illərdə dövlət xidmətlərində elektronlaşma səviyyəsi kifayət qədər artıb və bizneslə dövlət qurumları arasında birbaşa ünsiyyət minimuma enib. Bu, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə və ümumilikdə idarəetmənin səmərəliliyi baxımından mühüm əhəmiyyət daşıyır. Şəffaflıq artdıqca sahibkarların daha açıq və şəffaf fəaliyyət göstərməyə meyli də güclənir və bu, vergi mədəniyyətinin formalaşmasına xidmət edir. Vergi mədəniyyətinin inkişafı çox vacibdir ki, sahibkarlar vergidən yayınmaqda maraqlı olmasınlar.

Rəqabət qabiliyyətliliyə gəldikdə, Azərbaycan bir sıra məhsullar üzrə müqayisəli üstünlüyə malik ölkədir. Lakin sektorların dəstəklənməsi ilə bağlı yanaşma da mövcuddur. Müzakirələrdə tez-tez qeyd olunur ki, müqayisəli üstünlüyə malik olan sektorların daha çox dəstəklənməsi məqsədəuyğundur. Bu, kredit resurslarının daha səmərəli bölüşdürülməsi baxımından da əhəmiyyətlidir.

Özəl bank sektoru qərarlarını müstəqil verir, hansı sahəyə hansı şərtlərlə kredit ayıracağını özü müəyyənləşdirir. Lakin stimullaşdırıcı alətlər tətbiq edilə bilər. Məsələn, Yaponiyada müəyyən sektorları daha çox maliyyələşdirən banklara vergi güzəştləri və digər təşviqlər nəzərdə tutulur. Bu kimi mexanizmlərlə bankların stimullaşdırılması mümkündür.

Müqayisəli üstünlüyə malik sektorların dəstəklənməsi idxaldan asılılığın azaldılması baxımından da vacibdir. Regional və qlobal risklər göstərir ki, yerli istehsalın gücləndirilməsi zəruridir. İdxaldan asılılıq yalnız valyutanın ölkədən çıxması deyil, həm də inflyasiya təzyiqlərinin artması deməkdir. Xüsusilə qlobal bazarlarda qiymət artımları milli iqtisadiyyatlara birbaşa təsir göstərir. Bunun minimuma endirilməsi üçün yerli istehsalın genişləndirilməsi vacibdir.

Əgər hər hansı istehsal xarici ölkələrlə, məsələn Türkiyə və ya Çinlə qiymət baxımından rəqabət apara bilmirsə, həmin istehsalın uzunmüddətli davamlılığı da mümkün olmur. Ona görə də sektorların düzgün müəyyənləşdirilməsi və onların daha geniş maliyyə və güzəştli alətlərlə dəstəklənməsi vacibdir.

Qeyd etmək lazımdır ki, artıq bəzi regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında 10 illik güzəşt paketləri tətbiq olunur və sənaye parklarında da müxtəlif vergi güzəştləri mövcuddur. Bu güzəştlərin sektorlar üzrə də genişləndirilməsi məqsədəuyğundur ki, sahibkarlar strateji əhəmiyyətli sahələrə daha çox yönəlsinlər.

Gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması məsələsinə gəldikdə isə, gənclər daha enerjili, fəal və ideyalara açıqdırlar. Təbii ki, bu ideyaların hamısı reallaşmır, lakin startap ekosistemində seçim mexanizmləri mövcuddur və bunlardan biri vençur fondlarıdır. Vençur kapitalı xüsusilə ABŞ kimi ölkələrdə geniş inkişaf edib və startapların formalaşmasında mühüm rol oynayır.

Statistika göstərir ki, yeni yaradılan bizneslərin böyük hissəsi uğursuz olur, lakin bu, startap yanaşmasının əhəmiyyətini azaltmır. Çünki kiçik və orta bizneslər innovasiyanın əsas mənbələrindən biridir. Son illərdə sosial media və digər texnoloji sahələrdə bir çox yeniliklər məhz gənclərin yaratdığı startaplardan qaynaqlanıb.

Ona görə də startapların dəstəklənməsi vacibdir. Azərbaycanda da startaplara dəstək fondu yaradılması təklif olunur. Bu fond əsasən dövlət büdcəsi hesabına maliyyələşməli və qrant formasında fəaliyyət göstərməlidir. Yəni geri qaytarılmayan maliyyə dəstəyi təqdim olunmalıdır.

Təbii ki, ayrılan qrantların hamısı uğurlu olmaya bilər, lakin uğurlu layihələr iqtisadi inkişafa ciddi töhfə verir. Startapların fəaliyyətə başlaması üçün maliyyə resursları vacibdir. Ona görə də onların dəstəklənməsi və rəqəmsal inkişafın gücləndirilməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır.

Bu istiqamətdə dövlət tərəfindən də müvafiq tapşırıqlar mövcuddur və startapların dəstəklənməsi üçün xüsusi fondun yaradılması məqsədəuyğun hesab edilir".

Fatimə Nəbiyeva

Chosen
24
qht.az

1Sources