EN

Rusiya kosmosa nüvə silahı yerləşdirmək istəyir - Bunun riskləri nədir?

Rusiya kosmosda nüvə silahı yerləşdirməyi planlaşdırır və bu silahın partlayışı qlobal miqyasda xaosa səbəb ola bilər. Belə ki, bu addım nəticəsində peyklərin təxminən 80 faizi sıradan çıxa bilər...

Poliqon xəbər verir ki, bu barədə The Times yazır.

ABŞ Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq bildirib ki, Vaşinqton Kremlın bu planlarından çox narahatdır. Onun sözlərinə görə, bu təşəbbüs Rusiyanın Ukraynaya qarşı müharibə başlayandan bəri kosmosda artan aqressiyasının bir hissəsidir.

General qeyd edib ki, Rusiya yüksək inkişaf etmiş kosmik dövlət olaraq qalır və antikosmik silah sistemlərinə investisiya qoymağa davam edir. O izah edib ki, Moskva aşağı Yer orbitində yerləşdirilməsi planlaşdırılan nüvə antippeyk silahı üzərində işləyir və bu, həmin orbitdə olan bütün peyklər üçün təhlükə yaradır.

Nəşr vurğulayır ki, Yer səthindən təxminən 480–1930 kilometr yüksəklikdə baş verəcək nüvə partlayışı 10 minədək peyki məhv edə və ya zədələyə bilər. Bu isə ümumi peyk sayının təxminən 80 faizinə bərabərdir.

Belə bir zərbə yalnız hərbi kəşfiyyat və yönləndirmə sistemlərini deyil, həm də qlobal mülki peyk rabitəsini — internet, mobil əlaqə və GPS xidmətlərini ciddi şəkildə iflic edə bilər. Bu ssenari "kosmik Perl-Harbor" kimi xarakterizə olunur.

General Uaytinq bildirib ki, GPS sistemlərinə müdaxilə xüsusilə Şərqi və Cənubi Avropada mülki aviasiyaya təsir göstərə bilər. Onun sözlərinə görə, sərnişinlərlə dolu mülki təyyarələrin təhlükə altına düşməsi ciddi narahatlıq doğurur və belə halların normaya çevrilməsi qəbuledilməzdir.

O əlavə edib ki, son onillikdə kosmik sahə köklü şəkildə dəyişib və hazırda həm Rusiya, həm də Çin kosmosda döyüş imkanlarını genişləndirir. Bununla belə, Çin ABŞ üçün kosmosda ən böyük rəqib olaraq qalır.

Generalın fikrincə, növbəti böyük münaqişənin kosmosda başlaması ehtimalı yüksəkdir.

Poliqon.info

Chosen
21
poliqon.info

1Sources