EN

Sürünənlər niyə uçmur: “sadələr”ə mürəkkəb baxış...

Yolun böyük hissəsi arxadadır, qarşıda sayılı illər, bəlkə də aylar qalıbdır. Amma hətta sayılı sabahlar da dünəni xatırlamaq, dünənkilər haqqında düşünmək-daşınmaq üçündür. Elə bir ay otursaq bircə cümləsini yaza bilməyəcəyimiz Folkner də təxminən belə yazmamışdımı: sabah da bugünün davamıdır, başqa adıdır...

Qərəz, oxucunu yormayaq, mətləbə keçək. Sovet vaxtında bir şeirə seçilmiş epiqraf hələ də yadımda qalıb: hökmdarlar şairləri anlayanda onları edama göndərirlər...
İndi də hərdən bu sözlər yadıma düşür. Başlayıram lap əvvəlcə bütün Qərb şairlərini, yazçılarını – Homeri, Servantesi, Danteni, Şekspiri, Höteni, Bayronu, Heyneni və başqalarını kino kadrları kimi gözümün önündən keçirməyə. Amma hansınınsa hökmdarlarla hansısa ciddi problemini yada sala bilmirəm.
Keçirəm Şərq ədiblərinə - Firdovsiyə, Nizamiyə, Fizuliyə, nə bilim, Axundova, Mirzə Cəlillə, hətta Sabirə! Bu adamların da onda bilavasitə hakimiyyətlə, hökumətlə ciddi problemi olmayıb axı! Əvvəllər sarayların zinəti “ədəbi məclislər” olurmuş. Bircə Nəsiminin problemi (başqasını yada sala bilmirəm!) olub, amma bu xüsusda da hələ çox mübahisələr gedir, necə ki, hələ də insanlar müzakirələr edirlər ki, İsa peyğəmbərin edamına görə romalıları, İudeya hökmdarı Pontiy Pilatı qınamaq lazımdır, yoxsa yəhudi ravvinlərini?
Bizim ədiblərin də ruslar kimi problemləri Sovetlərin dövründə başlayıbdır–hətta rus çarları da bəzi şairləri uzağı, Qafqaza–filana əsgərliyə göndərərdilər. Düzdür, Dostoyevski kimi katorqa yaşayanı da olub, amma əsərlərinə görə göndərmşmişdilər ki! Əksinə, bəzi yazılanlara görə, adam bir az ağıllanandan- müdrikləşəndən sonra hətta çarın övladlarına tərbiyəçilk edib, özü də çox monarxist-slavyanistmiş.
Yəni hara çevirirsən çevir, görürsən ki, yenə də şairləri, yazıçıları son anda başa düşən, anlayan hökmdarlar olub, ən azı ona görə ki, məşhur məsəl bir var, deyir ki, zər qədrini zərgər bilər...
Vaxtilə bir rəvayət danışırdılar. Əlbəttə, Fizuli heç vaxt zindanda–filanda olmayıb, amma deyirdilər ki, guya şairi məhbəsə atıblarmış və o, bir dəfə görür ki, bir sadə məhbus hey ona baxıb gözünün yaşını axıdır. Şair dözməyib soruşur ki, sənə nə olub? Məlum olur ki, sadə adam çobanmış və bilirsiniz, guya o, Fizuliyə nə deyibdi? Sənin saqqalın mənə keçimin saqqalını xatırladır!..
Düşünürəm, şərhə ehtiyac yox, amma əlbəttə, bir rəvayətdir bu. Belədəsə, digər məşhur məsəli xatırlamırsınızmı? Fizulu dərd əlindən dağa çıxdı, dedilər, bəxtəvər yaylağa çıxdı...
Odur, şair qardaşlar, hökmdarların ətəyindən bərk yapışın, sizi başa düşsə, yenə də onlar düşəcək, “sadə camaat” deyilən toplumdan heç nə gözləməyin: bunlar yüz illər bundan əvvəl biri –birini itələyə-itələyə Yan Qus üçün qalanmış tonqala odun atanlardır, axsaya-axsaya, edama aparılan Baba çatmağa çalışanlardır ki, ona daş ata bilsinlər, bundan da xeyli əvvəl İsanı daş-qalaq edənlər, Sokrata zəhər içirdənlərdir...
Bəlkə də bütün bu sözlərin hətta xaraktercə belə çox demokrat olan adamın dilindən səslənməsi qəribə görünəcək, amma təəccüblü bir şey yox.
Özümüzü “elitar-aristokratik” düşüncəli, ya xasiyyəli adam saymırıq, yox, İsa peyğəmbərin həvariləri hansısa seçilmiş intellektuallar, aristokratlar deyildi. Məhəmməd peyğəmbərin sevdiyi adamlardan biri ilk azançı Bilal idi. Bəs Bilal kim idi? Qul ailəsindən çıxmış, ayağıyalın afrikalı zənci-həbəş...
Amma demokratiyaya gələndə, totalitar, hətta elektoral demokratiya kimi anlayışlar var. Hələ yüz illər bundan əvvə avropalı intellektuallar, bundan da xeyli öncə Platonlar, Aristotellər xəbərdarlıq edirdilər ki, çoxluğun hətta “demokartik hakimiyyəti” çoxluğun tiraniyasına çevrilər!
Volter Russoya yazırdı ki, sənin kitablarını oxuyanda adam vəhşi heyvan kimi əlləri üstündə yerimək istəyir. Tək düzgün seçki hər şeyi həll etsəydi Almaniyada Hitler hakimiyyətə gəlməzdi, əsl demokratiya üçün seçkidən başqa da nəsə tələb olunur, amma nə edəsən ki, indinin özündə belə bəzi ökələrdə də heç bu da yoxdur. Ağıllı insanlar demirmi ki, demokratiya azad və savadlı xalqın hakimiyyətidir!..
Bəli, belədəsə, mexaniki çoxluq elə qaragüruhdur! Volter bütün böyük inqilabların ideoloqu sayılır, amma adam yazırdı ki, kütlədən qorxuram, onlar mənim kitablarımı yandıracaqlar! Məgər olmadımı? Almaniyada kitablardan tonqal qalanmadılarmı?
Azadlıq, savad olmayanda “sadə camaat” çevrilib olur “qara camaat”. Bir çox hallarda ÇOXLUĞUN SÜKUTUNU elə ÇOXLUĞUN SEÇİMİ kimi də qəbul etmək lazımdır. Bilirsiz, bu yaşda axırda nəyi başa düşmüşük? “Sadə insanlar”, “sadə camaat” belə heç bir vaxt heç kimi sevməyib, tabe olub, hesablaşıb – vəssəlam!..
Özümüzün ən yaxın tariximizdən misal yadıma düşür. İllər öncənin söhbətidir. Bir müxalifətçilə rəhmətlik jurnalist Elmarın yasına gedirdik.
Metrodan çıxanda müxalifətçi dostum rayonlu tanışına rast gəldi və xoş-beşdən sonra dedi ki, filankəs, alçaq adamlar Elmarı öldürdülər! Sadə “rayon adamı” bilirsizmi, qayıdıb nə dedi? Yəqin nəsə günahı varmış!..
“Sadə camaat” budur. Bir dəfə yazmışdım ki, hətta Danko kimi ürəyini çıxarıb bunlar üçün məşəl etsən belə yenə sənə nifrət edəcəklər ki, niyə sən bunu edə bilirsən, bizsə bacarmırıq?
Elmar hamımızın dostu idi. Dəfələrlə evlərində də olmuşduq. Ölümü ərəfəsində deyəsən, yeganə mənzillərini də satışa çıxarmışdı. Deyirdilər ki, neçəsinə qrant verilməsində, maliyyə yardımı göstərilməsində dəstəkçi olmuşdu, amma özünə on dollar da vermirdilər ki, get, iki qutu siqaret al! Söyləyirdilər ki, lap son illərdə bir regional qrant layihəsi (deyəsən ki, gürcülərlə!) keçmək üzrəydi, ona da ölüm imkan vermədi...
Belədəsə, səhv etmirəmsə, Elmar rəhmətlik Mirzə Xəzər haqqında yazmışdı ki, onun bu xalqı sevməkdən savayı suçu yox idi! Düşünürəm, özünə də aid idi, elə onun da bu ölkəni sevməkdən savayı qeyri bir ciddi suçu - günahı yox idi – hər halda, mən bilmirəm, eşitməmişəm...
Yaşlaşmağa başlayanda daha çox keçmişlə yaşayırsan. Mən də beynimdə hey keçmiş hərəkatımızı, hərəkatçılarımızı çək-çevir edir və düşünürəm. Aralarında səmimi, həqiqətən də fədakar adamlar çox idi, amma çoxu elə doğrudan qaragürüh, xəbis təbiətli, paxıl, qeyri-obyektiv, iddiası məzmunundan on dəfələrlə böyük olan adamlar idi.
Sonradan bu, genişlənib sosial bəla oldu. Məsələn, indi ölkədə kitab oxumayan adamların hamısı “kitab” yazıb, kimi dindirirsən, qayıdır ki, “kitabım” belə oldu, elə oldu!
Siyasət, ictimai elmlər bir yana, Sovetin dissidentləri, xüsusən də ədibləri haqda əvvəllər çox pafoslu şeylər yazılırdı. Axırda rus filoloqları bilirsinizmi, nə yazdı? Gəlin, “dahi” sözünü ucuzlaşdırmayaq, vacib deyil, hər əsrdə, hətta hər nəsildə “dahi”lər olsun, bəzən müəyyən səbəblərdən “qısır nəsillər” də olur, həm də heç də hər il Puşkin, yaxud Lermontov doğulmur.
Bir “sadə hərəkatçı”yla söhbətim yadıma düşür. Doktorant olmuş bir nəfərdən söz düşdü. Dedim ki, mənə də çox təklif edirlər, hətta təkid edənlər də var. Bilirsiniz, həmsöhbətim nə dedi? “Doktrorant olsaydın sənə salam verməzdim!” . Qərəz, məlum oldu, bu adam mənə yalnız ona görə salam verir ki, məni də ÖZÜ KİMİ UĞURSUZ sayır!..
İndi də daha çox qaragüruhçuluqdur, hər şey kiçik “siyasi dükan”lara bölünüb, hələ də təlimat budur ki, bəzi adamlara heç bir halda imkan vermək olmaz, çünki onlar camaata nəsə ağıllı söz deyərlər! Yox, qəti olmaz, ona görə ki, miflər dağılar, maket pozular!..
Ən yaxşı halda əvvəllərdə olduğu kimi hərdən işarə edirlər ki, sən yaz, danış, nəsə et, bizsə həmişə olduğu kimi pul qazanaq, ad-san sahibi olaq: bəli, guya biri hakimiyyətyönümlüdür, digəri müxalifətçidir, üçüncüsüsə müstəqildir, di gəl, hamısını bəzi adamlara qarşı eyni təlimat birləşdirir və səbəbsiz, təsadüfi deyil bu...
Burada bircə ştrix qeyd edəcəm. Keçmiş AXCP-də iki böyük fraksiya vardı. Onlardan birinin iclaslarından bəzi dostlar mənə məlumat verirdilər. Deyirdilər ki, bəs bir nəfər hər iclasda məsələ qaldırır ki, gəlin Hüseynbalanı sıxışdırıb AXCP-dən, əsas müxalifətdən uzaqlaşdıraq, qoy, getsin kiçik partiyalardan birinə! Özüm də həmin “adam” haqda on belə detal yazardım, amma nə mənası?..
Həm də bir nəfər deyillər! Hələ demirəm, əzəl gündən daha çox kimlərə, hara bağlı olublar və bizim kimi adamları niyə sevməyiblər! İndi bəzisinin hətta İran-Cənub problemilə bağlı “dediklərinə” diqqət edirəm: bəli, bunlara indi “kiçik Azərbaycan” daha çox sərf edir (bunu da yazmışam!), istəyirlər ki, bizim Şimal Azərbaycanı bunların “biznes toçkası” kimi qalsın, digər şimallı-cənublu azərbaycanlılar talelərini başqa yerdə axtarsınlar! Eləsi var, hətta vaxtilə Əbülfəz bəyin çevrəsində olduğuna görə tövbə etmək istəyir! Niyə?..
Əlbəttə ki, İranla - Cənubla bağlı bir neçə ciddi ssenari var. Həyatdır, hələ heç kim dəqiq bilmir, bunlardan hansı, özü də nə vaxt real olacaq? Hamımızın istədiyi iki şey var: Azərbaycan-İran türkləri mümkün qədər çox fayda götürsünlər və bir də proseslər mümkün qədər qansız–qadasız olsun. Bizim nəslin edə biləcəyi bəlkə bir şey qalıb – gənclərin ürəyində bu məşəli az da olsa, közərtmək! Bu xüsusda Əbülfəz bəyin də adının hərdən hallandırılması onunla bağlıdır ki, vaxtında bizim də qəlblərimizdə bu ideyanı közərdən olub, belədə, kimsə demir ki, Əbülfəz bəyin dediyi “Quran” ayəsidir! Yox, həyatdır bu, hətta gözləmədiyimiz bir ssenari daha gerçək ola bilər...
O ki qaldı bir daha “sadə insanlar”a, qəti nəsə ummayın. Boş şeydir! “Öz vətənində peyğəmbər olmur” sözləri də boşdan yaranmayıb. Belədə, guya peyğəmbərlər xoşbəxt olublar?
Qətiyyən asilik olmasın, amma biz-adi insanlar hətta Tanrımızdan nə gördük? Nə olur, deyirlər ki, səbrli olun, Tanrı sizi sınayır! Olsun! Neyləyə bilərik? Tanrıyla savaşası deyilik ki! Amma bir sual adamı rahat buraxmır: Tanrı sınamaqçün beş-on bədbəxtdən qeyrisini tapmır?..
O biri tərəfdən də düşünürsən ki, yazıq Tanrı özü heç bu insanlarla bacardımı? İSAYA onun OĞULU deyirdilər, amma qoruya bilmədi insanlardan! Neçə KİTAB göndərdi. Oxuyan, hətta əzbərləyən çox oldu, ƏMƏL EDƏN olmadı. Odur, hələ 150 il öncə Nitşe “ALLAH ÖLÜB”- yazırdı...
Gəlin Allahın özünə də ürəklərimizdə yas quraq, yazıqdır axı! O, da “yerdəki allahlar”la bacarmadı! Neyləsin? Şeytan və şeytancıqlar güclü çıxdı.
Nə isə! Yazı yox, lap “popurri” oldu. Yadınızdamı rəhmətlik Yusif Səmədoğlunun bir qəhrəmanı nə deyirdi? Dərd çəkincə, papiros çək...

Daha hiyləgərcəsinisə “sadə camaat” deyib və deyir: işininin xatirinə erməniyə “dayı” de, ağıllı olub başqalarının dərdini çəkincə, dəli ol, dərdini çəksinlər, nə bilim, palaza bürün, elnən sürün–bəli, məhz sürün, çaşıb yerimək istərsən, qəti olmaz.
Ən böyük səhvimiz bilirsiniz, nə oldu? Böyük Qorkini, onun məşhur “Sürünənlər uça bilməz!” sözlərini unutduq...

Chosen
13
musavat.com

1Sources