EN

Ermənistan seçkiyə siyasi parçalanma şəraitində gedir

Keçmişin terror tarixçəsi

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Erməni Milli Konqresi (EMK) ilə hazırda həbsdə olan iş adamı Samvel Karapetyanın başçılıq etdiyi “Güclü Ermənistan” Partiyası arasında vahid siyasi blok yaratmaq istəkləri gerçəkləşməyib. Halbuki, tərəflərin razılaşmaya ümidli olduqları bildirilirdi. Seçki ittifaqı nə üçün reallaşmayıb, bununla bağlı suallar çoxdur. Söhbət, ilk baxışdan, cavabsız kimi görünən suallardan getsə də, bəzi mətləbləri vurğulamağa dəyər.

Deməli, EMK sədrinin müavini Levon Zurabyan təmsil olunduğu qurumla “Güclü Ermənistan” arasında seçki bloku yaratmaq barədə danışıqların ciddi keçdiyini bildirsə də, yekun nəticənin əldə edilmədiyini vurğulayıb. Onun sözlərinə görə, tərəflər blok formalaşdırmağa çox yaxınlaşıblar, lakin həlledici anda fikir ayrılığı yaşanıb. Səbəbi Zurabyan son dərəcə ehtiyatla ifadə edib və bldirib ki, siyasi nəticəyə çatma üsulları ilə bağlı yanaşma fərqləri var. Sadə dildə desək, tərəflər hakimiyyət üzərində necə qələbə qazanmaq barədə vahid mövqeyə gələ bilməyiblər. Görəsən, yanaşma fərqi nədədir? Suala ehtimal etdiyimiz cavabı sonda diqqətə çatdıracağıq. Hələlik isə EMK funksionerinin dilə gətirdiyi digər fikirlər üzərində dayanaq.

Deməli, Zurabyan xatırladıb ki, təmsil olunduğu qurum son iki ildə ətrafında müxalif qüvvələri toplamağa çalışıb. İstəyib ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyətə alternativ təsir mərkəzi formalaşdırsın. Sonra S.Karapetyanın “Güclü Ermənistan”ı siyasi səhnəyə çıxıb və EMK-da belə qərara alınıb ki, bu komanda olmadan tamhüquqlu siyasi qütb yaratmaq mümkünsüzdür. Bəs belə bir qənaət nə üçün yaranıb? Çox düşünməyə ehtiyac yoxdur, cavab puldadır. Görünür, L.Ter-Petrosyan seçkidən sonraya sərmayə qoyurmuş. Düşünürmüş ki, Karapetyanın Rusiyada qazandığı pullar qələbə üçün vasitə olsun. Aydındır ki, iş adamının dövlət idarəçiliyi təcrübəsi yoxdur və buna görə də blokdakı azlıq olan EMK-nın idarəçilikdə öncüllüyü mümkündür. Ancaq Zurabyanın öz izahı var. O deyir ki, birləşmə, sadəcə, texniki ittifaq kimi deyil, qüvvələr balansını dəyişə biləcək amil kimi qiymətləndirilib. O, hətta, “inqilabi dirçəliş effekti” kimi ifadə işlədərək, böyük blokun tərəddüd edən seçicilər üçün siqnal ola biləcəyinə işarə edib. Amma...

“Əmması” budur ki, L.Zurabyan, müəyyən məqamda, tərəflərin strategiyalarının dəyişdiyini vurğulayıb. Onun fikrincə, “Güclü Ermənistan” siyasi konsolidasiyadan çox, seçki texnologiyalarına üstünlük verərək başqa yol seçib. EMK-ya gəldikdə, qurum, Zurabyanın dediyinə görə, birləşməmək qərarını açıq narazılıq bildirmədən qəbul edib, baxmayaraq ki, fikir ayrılığı aydın şəkildə hiss olunub və qalmaqdadır.

L.Zurabyan, həmçinin, EMK-nın səsləri parçalamaq xətti götürdüyünə dair ittihamlara da cavab verib. O bildirib ki, hazırda əsas mübarizə üç mərkəz – Samvel Karapetyan, ikinci prezident Robert Koçaryan və iş adamı Qagik Sarukyanın komandaları arasında gedir və EMK onların elektoratını ciddi şəkildə özünə çəkmək gücündə deyil. Deməli, gücü olmadığına görə də EMK pafoslu S.Karapetyanın partiyasına sığınmaq istəyirmiş, amma alınmayıb. L.Zurabyanın dilə gətirdiyi bir fikir də var ki, ona nəzərən gözlənilən konsolidasiyanın hansı səbəbdən geçəkləşmədiyinə dair ağlabatan ehtimal irəli sürmək mümkündür. EMK funksioneri bildirib ki, təmsil olunduğu qurum öz yerini sülh gündəliyinə yönəlmiş seçicilər arasında görür. Yəni bu o deməkdir ki, S.Karapetyanın rəhbərlik etdiyi cinah tamam başqa düşüncədədir. Amma L.Zurabyan tez də diqqəti bu amildən yayındıraraq, Paşinyan iqtidarını siyasi manipulyasiyada günahlandırıb. O deyib ki, Nikol və tərəfdarları hakimiyyət dəyişikliyinin baş verəcəyi təqdirdə, müharibə olacağına dair təbliğat aparırlar və bu təbliğat cəmiyyətə təzyiq aləti kimi istifadə olunur. O zaman Zurabyanın hakim “Mülki müqavilə”ni “müharibə partiyası” adlandırması yersizdir. Axı o, özü də fərqinə varmadan savaşa, yəni Azərbaycanla müharibəyə hansı siyasi qüvvənin can atdığını açıqladı.

L.Zurabyanın bildirdiyi fikirlərlə bağlı ümumiləşdirmək apararaq, iki məqamın üzərində dayanaq. Deməli, EMK ilə S.Karapetyanın partiyasının blok yarada bilməməsinin birinci səbəbi necə qalib gəlmək barədə razılığa gəlməməklə bağlıdırsa, ikinci səbəb “Güclü Ermənistan”nın müharibə tərəfdarı olması, daha çox sülh istəməyən elektoratı öz ətrafında birləşdirmək istəməsi ilə bağlıdır. L.Ter-Petrosyan təcrübəli siyasətçidir və o, hazırkı məqamda Azərbaycanla yeni savaşın hansı böyük fəlakətlərə yol aça biləcəyindən gözəl xəbərdardır. Karapetyan isə Rusiyanın buyruq quludur.

Digər tərəfdən, çox da uzaq olmayan keçmişə ekskurs edərək, L.Ter-Petrosyanın 1997-ci ildə istefasının səbəbindən söz açaq. Məlumdur ki, birinci prezident öz postunu məhz Azərbaycanla danışıqların heç bir fayda verməməsinə görə tərk etmişdi. Ter-Petrosyan yaxşı görmüşdü ki, dünya Ermənistanın Qarabağ avantürasını qətiyyən dəstəkləmir və bunu daxildə açıq şəkildə bildirmiş, güzəştlərə gedilməsinin zəruriliyini vurğulamışdı. Aydındır ki, Birinci Qarabağ müharibəsində uğur qazanmış, eyforiya ab-havasında olan erməni cəmiyyəti L.Ter-Petrosyanı qəbul etməzdi. Nəinki qəbul etməzdi, eyni zamanda, 1999-cu ilin parlament terroru göstərdi ki, istefaya getməsə, Levonu asanlıqla məhv edə bilərdilər. Nəzərə alaq ki, 1999-cu ilin oktyabrında Ermənistan Milli Assambleyasında qətlə yetirilən şəxslər, xüsusən, parlament sədri Karen Dəmirçyan və baş nazir Vazgen Sarkisyan Azərbaycana güzəştə gedilməsinin tərəfdarları idilər və onlar barış niyyətlərini açıqca ifadə edirdilər.

Qeyd edək ki, adları çəkilən şəxslər Qarabağ klanının təmsilçisi olan və 1998-ci ildə qeyri-qanuni şəkildə prezident postuna yiyələnmiş R.Koçaryanı bütün parametrlər üzrə üstələyirdilər. Eyni zamanda, Ermənistanın o zamankı quruluşu onların dövlət başçısı üzərində dominantlığına şərait yaradırdı. Parlament terroru bu status-kvonu kökündən dəyişdi və Koçaryan mütləq hakimə çevrildi. Beləliklə, Qarabağ danışıqlarında güzəşt ritorikası sıradan çıxdı. Sonrası hamıya yaxşı məlumdur. Sözümüz isə ondadır ki, hazırda Karapetyanın partiyası, müəyyən mənada, 1998-ci ildə R.Koçaryanın oynadığı rola iddialıdır. Onun Azərbaycanla barışmaz mövqe tutması fonunda EMK ilə fikir ayrılığı labüddür.

Sonda əvvəldə vurğuladığmız məqama keçid alaq. Seçkidə necə qələbə qazanmaq barədə razılığın əldə olunmamasına gəlincə, S.Karapetyanın sivil siyasi mübarizədən uzaqlığı vurğulanmalıdır. Mövcud xüsusda terrorun da nəzərdən keçirilməsi mümkündür. Axı, Ermənistanın siyasi təcrübəsində terror amili var və bu barədə söz açdıq. Ehtimal etmək olar ki, EMK blok yaratmaqla məhz hakimiyyətdən narazı seçici aktivliyi ilə qalib gəlməyi düşünübsə, “Güclü Ermənistan” bütün vasitələri keçərli sayıb. Yəni terroru da. Nəzərə alaq ki, zamanında Ermənistanın Azərbaycanla savaş və barışmazlıq ritorikası ömrünü məhz terrorla uzatmışdı. Əlbəttə ki, söhbət hakim komandaya qarşı terrordan gedir.

Ə.CAHANGİROĞLU
XQ

Chosen
17
1
xalqqazeti.az

2Sources