“Mən əminəm ki, onun kifayət qədər bacarığı, biliyi və təcrübəsi var. Orxan Səttarov mətbuat üçün yeni sima deyil. O, hazırlıqlı, püxtələşmiş və böyük yaradıcı potensiala malik bir həmkarımızdır. Belə dinamik bir insanın bu vəzifəyə təyin olunması məni həqiqətən sevindirir”.
Bunu Ulu Öndər Heydər Əliyevin ilk mətbuat katibi olmuş Tofiq Abbasov Orxan Rəcəb oğlu Səttarovun prezidentin mətbuat katibi təyin edilməsi ilə bağlı danışarkən deyib.
O bildirib ki, prezident İlham Əliyevin təyinatları hər zaman düşünülmüş qərarlardır:
”Dövlət başçısı təsadüfi heç kimi belə bir vəzifəyə təyin etməz. Bu baxımdan əsas məsələ həmin vəzifədə olan şəxsin roludur. Mən ümumiyyətlə, bu mövqedə olan insanları mətbuat camiəsinin önündə gedən nümayəndələri hesab edirəm. Onlar həm jurnalistlərin yüksək səviyyəli təmsilçisi, həm də qarşı tərəf üçün bir ölçü, meyar rolunu oynayırlar.
Bu vəzifədə iki əsas istiqamət var. İlk növbədə, həmin şəxs dövlət siyasətini təbliğ etməli, onun detalları və nüansları barədə həmkarlarına aydın məlumat verməli, öz mövqeyini bildirməlidir. Digər tərəfdən isə mətbuatdan uzaq düşməməli, jurnalistlərin yanında olmalı, onlara dəstək verməlidir. O, jurnalist camiəsi ilə rəhbərlik arasında bir körpü rolunu oynamalıdır və bu xətt üzrə daim fəal olmalıdır.
Belə bir mövqedə olan insan həm görən, həm də eşidən olmalıdır. Yəni müşahidə və dinləmə qabiliyyətini gücləndirməli, məsələlərə həssas yanaşmalıdır. Hər məsələni müzakirə etmək vacib deyil, amma elə məqamlar olur ki, müdaxilə zəruri olur. Xüsusilə dövlət siyasəti ilə bağlı boşluqlar yarananda mətbuat katibi çıxış edib məsələləri izah etməli, qərarların səbəblərini və gözləntiləri açıqlamalıdır".
Onun sözlərinə görə, bu vəzifə çox vacib, şərəfli, eyni zamanda mürəkkəb bir postdur: ”Burada bütün prosesləri dərindən bilmək və lazım gəldikdə suallara cavab verməyə hazır olmaq vacibdir. Bu, o demək deyil ki, insan hər məsələyə dərhal reaksiya verməlidir, amma strateji baxımdan vacib və təxirəsalınmaz hallarda, hətta qeyri-iş günlərində belə müdaxilə tələb oluna bilər.
Mən əminəm ki, yeni təyin olunmuş həmkarımız Orxan Səttarov kifayət qədər təcrübəli və məsuliyyətli bir insandır. İnanıram ki, o, bu vəzifədə özünü doğruldacaq və ona olan ümidləri tam şəkildə yerinə yetirəcək”.
Qeyd edək ki, Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib. O, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri olub. Buna qədər isə "Vestnik Kavkaza" xəbər agentliyində çalışıb. Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdir müavini Rəcəb Səttarovun oğludur. Orxan Səttarovun qardaşı İsmət Səttarov isə Azərbaycan Respublikası Audiovizual Şurasının sədridir.
Xatırladaq ki, T.Abbasov prezidentin mətbuat katibi postunda 4 noyabr 1993-cü ildən 30 aprel 1994-cü il tarixinə kimi işləyib.
Şahanə Rəhimli
Musavat.com