EN

Filip Ozobiç Premyer Liqada yeni rekorda imza atdı – ARENA.AZ

“Turan Tovuz”un formasını geyinən hücumameyilli yarımmüdafiəçi Filip Ozobiç Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Ozobiç 1992-ci ildən keçirilən turnirin tarixində ən çox qol vurmuş legioner və ya çempionatda legioner kimi debüt edib sonradan Azərbaycan vətəndaşlığı alanlar arasında ən yaxşı bombardir olub.

Hazırda “Turan Tovuz”un formasını geyinən Xorvatiya əsilli yarımmüdafiəçi bunu 72-ci qolunu vurmaqla gerçəkləşdirib. O, Azərbaycan Premyer Liqasının 27-ci turunun “Sumqayıt”la ev görüşündə (2:1) fərqlənib.

72-ci qolunu 225-ci matçında vuran Ozobiç Azərbaycan millisinin formasını geyinmiş gürcüstanlı Badri Kvaratsxeliyanın rekordunu geridə qoyub. “Kəpəz” və “Şəmkir”də oynamış forvard 132 matçda 71 qola imza atıb.

Filip Ozobiç Premyer Liqada 4 klubda çıxış edib. İndiki komandasında 26 oyunda 6 qola sevinmiş futbolçu bunadək “Qəbələ” (46 oyunda 16 qol), “Qarabağ” (95 oyunda 35 qol )və “Neftçi”nin (58 oyunda 15 qol) də uğurları üçün çalışıb.

Qeyd edək ki, Premyer Liqada 2016/2017-ci illər mövsümündə debüt etmiş yarımmüdafiəçi “Qəbələ”də vurduğu 11 qolla həmin çempionatın bombardiri adına şərik olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
1
12
arena.az

10Sources