EN

Rusiya hərəkətə KEÇDİ - Yeni GƏLİŞMƏ

Ermənistanda kritik parlament seçkiləri yaxınlaşdıqca Rusiyaya bağlı radikal müxalifət daha da fəallaşır. Artıq paytaxtda kütləvi aksiyalar başlayıb. Moskvaya güvənən bu qüvvələr eyni zamanda, hakimiyyətə qarşı təhdid və təzyiq ritorikası sərgiləyir.

“Moskva-İrəvan münasibətlərində yeni mərhələnin əlamətləri görünür”.

Bunu yerli siyasi texnoloq Karen Köçəryan deyib. O, baş nazir Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında aprelin 1-də Kremldə keçirilən görüşdən sonra iki ölkə münasibətlərində dəyişikliklərin ilk siqnallarının ortaya çıxdığını bildirib.

Ermənistan-Rusiya

Onun sözlərinə görə, artıq söhbət simvolik bəyanatlardan yox, real addımlardan gedir. Köçəryan hesab edir ki, baş verənlər daha geniş proseslərin başlanğıcıdır: “Bu, bir növ filmin reklamıdır, əsas ‘film’ hələ qabaqdadır”.

Erməni ekspertə görə, Ermənistan məhsullarının Rusiyaya idxalı ilə bağlı yaranan məhdudiyyətlər təkcə epizodik hal deyil və sistemli xarakter ala bilər. Onun fikrincə, biznes dairələri artıq siyasi siqnalların real iqtisadi addımlara çevrildiyini hiss edir. “Bəyanatlar artıq söz olaraq qalmır, onların ardınca konkret addımlar gəlir və bu da təbii olaraq gərginlik yaradır”, - Köçəryan bildirib.

O əlavə edib ki, məsələ yalnız ixracla məhdudlaşmır. Ermənistanın Rusiyadan geniş həcmdə idxal həyata keçirdiyini xatırladan ekspert yaxın zamanda bu istiqamətdə də məhdudiyyətlərin gündəmə gələ biləcəyini istisna etməyib.

Siyasi texnoloq diqqəti həmçinin rəsmi şəxslərin mövqeyinə yönəldib. O bildirib ki, Putin və baş nazirin müavini Aleksey Overçukun açıqlamaları bu proseslərin ciddi siqnalı kimi qiymətləndirilməlidir. Köçəryanın fikrincə, əvvəllər belə addımlar daha çox epizodik xarakter daşıyırdısa, indi onların daha geniş və sistemli mərhələyə keçməsi ehtimalı artır.

Ermənistanın

Bəs seçkilərədək Moskva iqtisadi rıçaqlardan istifadə edə bilərmi?

Maraqlıdır ki, aprelin 9-da Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin və səfirliyin birinci katibi Aleksandr Malışev Ermənistan MSK-da olublar. Rəsmi məlumata görə, qonaqları MSK sədri Vaaqn Hovakimyan qəbul edib. “Səfir qarşıdan gələn milli seçkilərə hazırlıqla maraqlanıb”. Rusiya diplomatlarının başqa bir ölkənin MSK-da, özü də seçkilər ərəfəsi nə işi? Moskva nədən narahatdır?

Yada salaq ki, Kremldə görüş zamanı Putin Paşinyandan Rusiya yönlü müxalif qüvvələrə və Rusiya vətəndaşı olan ermənilərə (ikili vətəndaşlığı olanlara) seçkilərə şərait yaratmağın vacibliyini söyləmiş, Nikol Paşinyan isə konstitusiyanın buna imkan vermədiyini bildirmişdi.

Deputat Vüqar İskəndərov Musavat.com-a deyib ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Moskva və İrəvan arasındakı münasibətlər diplomatik etiket qaydalarını tamamilə tərk edərək, açıq-aşkar iqtisadi müharibə və siyasi təzyiq müstəvisinə keçib:

“Artıq Kremlin Ermənistanla bağlı ritorikasında "strateji müttəfiqlik" termininə rast gəlmək çətindir. İndi meydanda yalnız iqtisadi rıçaqlar və bu rıçaqların idarə etdiyi siyasi alətlər var. Köçəryan kimi siyasi texnoloqların "əsas film qabaqdadır" xəbərdarlığı İrəvan üçün iqtisadi qaranlığın başlanğıcı hesab oluna bilər. Çünki aprelin 1-də Putin və Paşinyan arasında baş tutan Kremldəki o gərgin görüşdən sonra Moskvanın "yumşaq gücü" yerini sistemli blokadaya buraxdı”.

Azərbaycanın

Onun sözlərinə görə, burada ən mühüm məqam Moskvanın Ermənistanı məhz öz daxilindən, biznes elitası və kəndli kütləsi vasitəsilə vurmaq strategiyasıdır:

“Erməni məhsullarının Rusiya bazarına girişinə qoyulan "sanitar" qadağalar sadəcə texniki prosedur deyil, Paşinyan administrasiyasının masasına qoyulmuş siyasi hesabdır. Moskva yaxşı bilir ki, ixracatın dayanması Ermənistanda daxili narazılığı alovlandıracaq və bu, Rusiyayönlü radikal müxalifət üçün ideal bir tramplin rolunu oynayacaq. Lakin təzyiq təkcə kənd təsərrüfatı ilə bitmir. Ermənistanın Rusiyadan olan kritik idxal asılılığı – enerji resurslarından tutmuş taxıla qədər – hər an kəsilə biləcək bir "nəfəslik" kimidir”.

Milli Məclis təmsilçisinin fikrincə, Rusiya Ermənistanı sülh yolu ilə deyil, iqtisadi çöküş və daxili xaos təhlükəsi ilə öz orbitində saxlamağa çalışır.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
35
50
musavat.com

10Sources