EN

“Tisa” Partiyası qalib gəldi – Macarıstanda yeni siyasi era

Macarıstanda keçirilən parlament seçkilərində 16 illik Viktor Orban dövrü sona çatıb. Aprelin 12-də baş tutan seçkilərdə “Tisa” Partiyası qalib gələrək ölkədə yeni siyasi mərhələnin əsasını qoyub.

Məlumata görə, səslərin 60,24 faizi hesablandıqdan sonra “Tisa” Partiyası 136 mandat qazanaraq konstitusion çoxluq əldə edib. Bu nəticə ölkə siyasi tarixində “inqilabi seçki” kimi qiymətləndirilir.

Seçkilərdən sonra Baş nazir Viktor Orban məğlubiyyətini etiraf edib və rəqib partiyanı qələbə münasibətilə təbrik edib.

Siyasi şərhçi Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Orban həm ABŞ Prezidenti Donald Trampın, həm də Rusiya Prezidenti Vladimir Putinin yaxın müttəfiqlərindən biri kimi tanınıb və onun məğlubiyyəti beynəlxalq siyasi kontekstdə də diqqət çəkir.


Onun sözlərinə görə, “Tisa” Partiyasının lideri Peter Magyar uzun müddətdir Orbanın sərt tənqidçilərindən biri olub və yeni hökumətin əsas diqqətini hüququn aliliyi, media azadlığı və məhkəmə müstəqilliyi kimi sahələrə yönəldəcəyi gözlənilir.

Turan Rzayev qeyd edib ki, Orban dövründə Macarıstan Qərb institutları daxilində alternativ siyasi model kimi çıxış edirdi. Bu model milli suverenlik və mərkəzləşmiş idarəetmə prinsiplərinə əsaslanırdı.

Ekspert əlavə edib ki, Macarıstanın Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusu və Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələri Orban dövründə güclənib və bu istiqamətin yeni hökumət tərəfindən də davam etdirilməsi ehtimal olunur.

Bununla belə, o, Peter Magyarın Avropa İttifaqı ilə münasibətlərə daha çox üstünlük verəcəyini və Macarıstanın xarici siyasətində müəyyən balans dəyişikliklərinin baş verə biləcəyini istisna etməyib.

Ekspertin fikrincə, yeni hökumət dövründə ölkənin Avropa strukturlarına inteqrasiyası daha da güclənə bilər, lakin Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin tamamilə zəifləməsi gözlənilmir.

Chosen
36
29
news365.az

10Sources