AZ

Cəmi 2 il öncə müxalifətə keçmişdi... Yeni Baş nazir olacaq

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Məlum olduğu kimi, Macarıstanda mühafizəkar siyasətçi və Avropa parlamentinin deputatı Peter Madyarın rəhbərlik etdiyi “Tisza” partiyası ölkədə keçirilən parlament seçkilərində qalib gəlib. Seçki məntəqələrinin 98 faizinin nəticələrinə əsasən, Madyar və partiyası parlamentdə 199 yerdən 138-ni qazana bilib. Bununla da o, 16 ildir Macarıstan Baş naziri postunu tutan Viktor Orbanı bu vəzifədə əvəzləyəcək.

“Qafqazinfo”nun məlumatına görə, uzun müddət dövlət və biznes idarəçiliyinə aid strukturlarda çalışan Peter Madyar ölkə rəhbərliyi ilə yaşadığı qalmaqala görə hələ 2024-cü ildən dünyanın diqqətini özünə cəlb edə bilib.

Həmin dövrdə 45 yaşlı siyasətçinin açıqlamaları ictimaiyyətdə böyük rezonans və kütləvi etirazlara səbəb olmuşdu. Belə ki, ixtisasca vəkil olan Madyarın natiqlik bacarığı qısa müddətdə ona böyük populyarlıq qazandırıb. O, dəfələrlə Viktor Orban hakimiyyətinə qarşı keçirilən etiraz aksiyalarına minlərlə insan toplaya bilib.

İlk olaraq qeyd edək ki, P.Madyar 2002-ci ildə parlament seçkilərindən sonra Viktor Orban tərəfindən təsis edilən “Fidesz” (Fiatal Demokratak Szovetsege) partiyasına qoşulub. Partiya 2010-cu ildə seçkilərdə qalib gəldikdən sonra Madyar dövlət aparatında işləməyə başlayıb və həmin ildən Macarıstanın Xarici İşlər Nazirliyində Avropa qanunvericiliyi məsələləri ilə məşğul olub. 2015-ci ildən 2018-ci ilə qədər Orban hökuməti və Avropa parlamenti arasında münasibətlərdən məsul şəxs olub. 

Onun müxalifətə keçidi isə 2024-cü ildə baş tutub və o, həmin ilin fevralında ölkə prezidentinin imzaladığı əfv qərarı ətrafında yaranmış qalmaqal fonunda “Fidesz” partiyasından ayrılıb.

Belə ki, həmin dövrdə Macarıstan Prezidenti Katalin Novakın tərbiyəçilərə qarşı cinsi zorakılıq hallarının gizlədilməsində iştirak etmiş uşaq evinin keçmiş direktor müavinini əfv etməsi məlum olub. Əfv qərarı Macarıstan cəmiyyətində ciddi rezonans yaradıb. Bu zaman təkcə müxalifət deyil, həm də “Fidesz” partiyasının bir sıra üzvləri belə cinayətlərin ört-basdır edilməsinin yolverilməz olduğunu bəyan ediblər. Hadisəyə etiraz edənlərdən biri də Madyar olub. Bu qalmaqaldan sonra macar siyasətçi Orban hökumətini tənqid etməyə başlayıb və hakim partiya ilə yollarını ayırıb. Eyni zamanda, hadisələr fonunda K.Novak da istefa verməli olub. 

Novakın istefasından qısa müddət sonra Madyar müsahibə verərək “Fidesz”i tənqid edib və hökumətin korrupsiyaya bulaşdığını, yalnız öz maraqlarını düşündüyünü iddia edib. Sözügedən müsahibənin videosu 1,4 milyondan çox baxış toplayıb və ona əlavə populyarlıq qazandırıb. 

Bunun ardınca o, 2024-cü ildə “Tisza” partiyasına qoşulur. Avropayönümlü həmin partiya isə 2020-ci ilin oktyabrında, Macarıstanda keçirilən parlament seçkilərindən əvvəl yaradılmışdı. 

Müxalif statusuna baxmayaraq, Peter Madyar klassik liberal siyasətçi hesab olunmur. Onun baxışları əsas olaraq konservativ olaraq qalır. Belə ki, o, sərt miqrasiya siyasətinin tərəfdarıdır və sağ yönümlü dəyərləri dəstəkləyir. 

Bununla yanaşı, o, dövlət sistemində islahatlar keçirilməsinin, korrupsiya ilə mübarizənin və iqtisadiyyatın modernləşdirilməsinin vacibliyini vurğulayır. Siyasətçi bu xüsusda əsas vəzifələrdən biri kimi isə Avropa İttifaqı ilə münasibətlərin bərpasını və Macarıstanın ümumavropa siyasi istiqamətinə yenidən qayıtmasını görür.

P.Madyar hələ 2025-ci ilin yanvarında bildirmişdi ki, “Tisza” seçkilərdə qalib gələrsə, Macarıstanın Avropa İttifaqı və NATO-da yerini möhkəmləndirmək, ölkəsinin Avropa prokurorluğuna qoşulmasına nail olmaq, Çin və Rusiya ilə praqmatik münasibətlər yaratmaq niyyətindədir. 

Günel İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
29
qafqazinfo.az

10Mənbələr