EN

İran və ABŞ arasındakı gərginliklə bağlı sensasion açıqlamalar

Azərbaycana dost və qardaş ölkə olan Pakistanın Baş naziri cənab Şahbaz Şərifin təşəbbüsü ilə ABŞ – İran danışıqları aprelin 11-də İslamabadda baş tutdu.

Lakin gözlənildiyi kimi, 21 saat davam edən danışıqlarda tərəflər maksimalist tələblərlə çıxış etdiklərinə görə, hər hansı bir nəticə əldə edilmədi. Bundan sonra hadisələrin necə cərəyan edəcəyi dünyanı düşündürən əsas məsələlərdəndir. Xüsusilə də sərt ritorikanın yenidən davam etməsi, əldə olunan atəşkəsin hər an pozula biləcəyi barədə narahatlıqlar, həmçinin İsrailin yeni hücuma hazırlaşdığı barədə xəbərlər və ABŞ-nin Hörmüzlə bağlı yeni strategiyası növbəti təhlükələrdən xəbər verir.
Deputat Azay Quliyev mövzu ilə bağlı Musavat.com-a sensasion açıqlamalar verib.

– Azay bəy, ABŞ – İran danışıqlarının nəticəsiz başa çatmasından sonra nələri proqnozlaşdırısınız?

– İranın uranı zənginləşdirməyə davam etməsi, ballistik raket proqramını toxunulmaz saxlaması, Hörmüz boğazı üzərində nəzarəti və keçid üçün rüsum toplamaq hüququ əldə etməsi, 39 günlük müharibə zamanı dəyən ziyana görə kompensasiya ödənilməsi, Livanda atəşkəsə nail olunması, bloklanan aktivlərin geri qaytarılması, BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) qətnamələrinin ləğvi, Amerika hərbi qüvvələrinin bölgədən çıxarılması, müharibənin tam dayandırılması və hücum etməmək öhdəliyi kimi irəli sürdüyü şərtlərin və tələblərin ABŞ tərəfindən qəbul edilməyəcəyi əvvəlcədən hamıya bəlli idi. O zaman sual oluna bilər ki, bunu bilən tərəflər niyə 14 günlük atəşkəsə və İslamabadda danışıqlara razılıq verdilər və 21 saat müddətində hansı sahədə yaxınlaşma müşahidə edildi, hansı sahədə barışmaz mövqe sərgiləndi? Məncə, ABŞ-nin atəşkəsə razı olmasının üç səbəbi var. Birincisi, hərbi qüvvələrini yenidən cəmləşdirmək və həlledici zərbəni vurmaq üçün hərtərəfli plan hazırlamağa vaxt qazanmaq. İkincisi, “Mən danışıqlar və məsələnin sülh yolu ilə həlli üçün hər şeyi etdim, İrana bir daha şans verdim, lakin İran sülh yolu ilə məsələni həll etmək istəmədi” demək üçün əsas yaratmaq və son həftələr əleyhinə işləyən yerli və beynəlxalq rəyi bu faktla öz xeyrinə dəyişmək. Son günlər Trampı məhkəmə ilə hədələyənlərin sayı artmaqda idi və bu iki həftəlik fasilə onu sülh tərəfdarı kimi göstərməyə imkan verəcək. Üçüncüsü, hamı tərəfindən etirazla qarşılanan İranın Hörmüz boğazını nəzarətdə saxlamaq və keçid üçün qanunsuz rüsum toplamaq tələbi fonunda “Hörmüz düyünü”n açılmasına nail olmaq üçün başqa ölkələrin dəstəyinə və bəlkə də, onların birgə koalisiyasına nail olmaq”.

– Sizcə belə bir situasiyada İran niyə atəşkəsə razı oldu? Bu, ABŞ və İsrailə əlavə şans tanımaq demək deyildimi?

– Birincisi, müharibə başlayandan bəri çoxlu sayda öldürülən yüksək rütbəli hərbiçilərinin və dövlət adamlarının bundan sonra da öldürülməsindən qaçmaq, dağıdılan və məhv edilən hərbi, sənaye, enerji və nəqliyyat infrastrukturunu ən azı 14 gün müddətində sonrakı dağıntı və fəlakətdən qorumaq. İkincisi, əlində qalan hərbi resursları təkrar toparlayaraq növbəti hücumlara qarşı müqavimətə və dirənişə hazırlaşmaq. Üçüncüsü, “ABŞ İranın şərtləri ilə razılaşaraq atəşkəsi qəbul etdi və biz qalib gəldik” ritorikasından yerli və beynəlxalq rəydə yararlanmaq. İslamabadda baş tutan danışıqların nəticəsiz qalmasından sonra nə baş verəcək sualına gəlincə, bundan sonra aşağıdakı iki ssenaridən biri mümkün ola bilər. Birinci ssenaridə, danışıqlar davam edir və atəşkəsin müddəti daha 14 gün və ya daha çox uzadılır. Bu, o vaxt mümkün olar ki, ABŞ danışıqlar vasitəsilə onun üçün həyati əhəmiyyət kəsb edən iki məsələdə istəyinə nail olsun. Birinci, uranın zənginləşdirilməsi proqramından İranın tam imtinası və ABŞ-nin şərtlərini qəbul etməsi. İkincisi, Hörmüz boğazında tranzit keçidin tam və məhdudiyyətsiz fəaliyyətinin bərpası. Bunların hər ikisi olmadan məsələnin dondurulması və ya uzun müddətə danışıqların uzadılması həm ABŞ üçün biabırçı məğlubiyyət, həm də Tramp və komandasının siyasi karyerasının sonunun başlanğıcı kimi qəbul ediləcək. Belə bir durumla Trampın razılaşacağı real görünmür. İkinci ssenaridə Trampın “İranı daş dövrünə qaytarmaq” planı işə düşə, ABŞ bütün hərbi gücünü toplayaraq İranın yerdə qalan hərbi, sənaye, enerji, yol, tibbi və digər kritik infrastrukturunu və bütövlükdə, dövlətin əsaslarını məhv etməyə, o cümlədən hərbi və siyasi elitasına növbəti zərbələr endirməyə əl ata və bu məqsədilə indiyə qədər istifadə etmədiyi ən güclü və dağıdıcı silah arsenalını səfərbər etməklə yeni hərbi əməliyyatlara başlaya bilər. Əgər bu ssenari işə düşərsə, onun regionumuz üçün ciddi fəlakətlərə səbəb olacağını və İranın da var gücü ilə buna müqavimət göstərəcəyini proqnozlaşdırmaq çətin deyil.

– Söhbət Azərbaycanın cənub qonşusundan və ərazisində on milyonlarla soydaşımızın yaşadığı ölkədən söhbət gedir…

– Əlbəttə, biz istəməzdik ki, 30-40 milyon soydaşımızın yaşadığı, mehriban qonşuluq münasibətlərini davam etdirmək istədiyimiz İranda və bütövlükdə, regionumuzda belə bir dəhşətli fəlakət ssenarisi baş tutsun.

– Bəs tərəflərin əlində hazırda hansı “kozırlar” var və onların hərbi və iqtisadi potensialı sonrakı prosesi idarə etməyə kifayət edəcəkmi?

– Məlumdur ki, İran nə hərbi, nə də iqtisadi potensial baxımından ABŞ və İsraillə müqayisə edilə bilməz və İran bütün parametrlərlə ABŞ-yə uduzur. Həm də nəzərə almaq lazımdır ki, 39 günlük müharibədə İranın 10 mindən çox hərbi hədəfi vuruldu, müdafiə sənayesinin 70 faizi sıradan çıxarıldı, savaş gəmilərinin 92 faizi, raket ehtiyatının ən azı yarıdan çoxu məhv edildi, hava məkanı tam olaraq ABŞ və İsrailin nəzarətinə keçdi, ali rəhbərlik də daxil olmaqla əsas siyasi və hərbi fiqurlar öldürüldü. Bundan başqa, ABŞ İran ərazisində qalan pilotunu desant əməliyyatı həyata keçirməklə sağ-salamat qurtarmağı bacardı və bununla da ordusunun yüksək döyüş qabiliyyətini bir daha nümayiş elətdirdi. İran isə yalnız ABŞ-nın körfəz ölkələrində olan hərbi bazalarına və körfəz ölkələrinin iqtisadi infrastrukturuna raket və dron zərbələri endirməklə onlara maksimum zərər yetirməyə, bəzi ABŞ təyyarələrini vurmaqla şiddətli müqavimət göstərməyə çalışdı və ən başlıcası isə çoxlarının gözləmədiyi Hörmüz boğazından keçidi məhdudlaşdırdı və nəzarətə götürdü. Baxmayaraq ki, BMT-nin Dəniz hüququ haqqında Beynəlxalq Konvensiyasına görə İranın Hörmüzdə tranzit keçidə məhdudiyyət qoymaq hüququ yoxdur, lakin İran bu konvensiyaya qoşulmadığını əsas gətirərək belə bir addımı atdı və bununla da, dünyada enerji və neft-kimya məhsullarının qiymələri görünməmiş dərəcədə yüksəldi. Hazırda İran nə qədər ağır zərbələrə və itkilərə məruz qalsa da, əlində iki güclü “kozır”ı var. Biri qeyd etdiyim Hörmüz boğazı, hansı ki, orda tətbiq etdiyi məhdudiyyətlərlə dünya iqtisadiyyatını böhrana yaxınlaşdıra bilib, digəri isə “zaman”.

Hörmüz boğazı ilə bağlı məsələni qeyd etdim. “Zaman” deyəndə noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilərini nəzərdə tuturam.

– Azay bəy, belə bir durumda proqnozunuz nədir?

– Hər keçən gün müharibənin uzanması və Trampın istədiyinə nail ola bilməməsi İranın xeyrinə, Trampın isə əleyhinə işləyir. Hər keçən gün Trampın üzləşdiyi nəticəsizlik və bunun fonunda verdiyi ziddiyyətli bəyanatlar onun rəqibləri üçün əla fürsətə çevrilir. Tramp və komandası arasında baş verən fikir ayrılıqları, Pentaqonun bir sıra yüksək vəzifəli generallarının istefa verməsi və ya istefaya göndərilməsi, İran cəbhəsində qeyri-müəyyənliyin davam etməsi, müharibə əleyhdarlarının çoxalması ictimai rəyin respublikaçıların əleyhinə çevirir ki, bu da aralıq seçkilərdə Trampın hər iki palatada malik olduğu hazırkı çoxluğu itirməsinə səbəb ola bilər. Onu da nəzərə almaq lazımdır ki, indiyə kimi demokratlar tərəfindən Trampın əleyhinə 11 “soruşturma dosyesi” hazırlanıb və əgər seçkilərdə demokratlar üstünlük qazansalar, bu dosyelər dərhal açıla və proseslər Trampın impiçmentinə qədər irəliləyə bilər. İran da bunu yaxşı bildiyindən daha çox zamana işləməyə çalışır. Digər tərəfdən İranın daxilində ən azı xarici müdaxiləyə qarşı mübarizədə hər hansı bir ciddi fikir ayrılığı yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, Tramp bu siyasi fəlakətdən yan keçmək üçün İran kampaniyasında mütləq qələbə qazanmağa, şərtlərini qəbul etdirməyə və bunu son 50 ilin tarixi nailiyyəti kimi, ABŞ ictimaiyyətinə “satmağa” maksimum çalışacaq. Ona görə də Tramp hazırda dilemma qarşısındadır, lakin onun ikinci ssenarini işə salmaqdan başqa seçimi yox kimi görsənir. Bunun nə ilə bitəcəyini, İranın necə reaksiya verəcəyini, digər qlobal güclərin açıq formada müdaxilə edib -etməyəcəyini və dünyada nələrə bais olacağını isə indidən demək çox çətindir.

Musavat.com

Chosen
15
50
editor.az

10Sources