EN

Putinin xüsusi nümayəndəsi: Macarıstanda hakimiyyət dəyişikliyi Aİ-nin dağılmasını sürətləndirəcək

Rusiya Prezidenti Vladimir Putinin xarici iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev hesab edir ki, Macarıstanda baş verən hakimiyyət dəyişikliyi Avropa İttifaqında parçalanma meyllərini daha da sürətləndirəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib. TASS-ın yazdığına görə, Dmitriyev “Dörd aydan sonra baxın, haqlı olub-olmadığımı görün” sözlərini işlədib.

Dmitriyevin bu bəyanatı Macarıstanda Peter Madyarın rəhbərlik etdiyi Tisza partiyasının seçkidə qələbə qazanmasından sonra səslənib.

Reuters-in məlumatına görə, Viktor Orbanın 16 illik hakimiyyətinə son qoyan bu nəticə Avropa İttifaqı ilə münasibətlərin yumşalacağı, Budapeştin daha açıq avropapərəst kurs götürəcəyi və dondurulmuş Aİ fondlarının taleyi ilə bağlı yeni mərhələnin başlanacağı gözləntilərini gücləndirib.
 

Seçkinin ilkin və sonrakı təsdiqlənən nəticələrinə əsasən, Tisza partiyası parlamentdə konstitusion çoxluq əldə edib. Reuters və AP yazır ki, bu, həm Macarıstanın daxili siyasətində, həm də onun Brüssel, NATO və Rusiya ilə münasibətlərində ciddi dönüş nöqtəsi sayılır. Yeni hökumətin prioritetləri sırasında korrupsiyaya qarşı mübarizə, hüququn aliliyinin bərpası və Aİ ilə münasibətlərin normallaşdırılması göstərilir.


Buna baxmayaraq, Moskva bu dəyişikliyi fərqli qiymətləndirir. Dmitriyevin fikrincə, Macarıstandakı yeni siyasi kurs Aİ daxilində ziddiyyətləri azaltmaq yox, əksinə, daha da dərinləşdirə bilər.

O, əvvəl də Avropa İttifaqının iqtisadi və siyasi baxımdan zəifləyəcəyinə dair pessimist proqnozlarla çıxış edib.

Hazırda Avropa paytaxtlarında isə əksinə, Madyarın qələbəsi daha çox Brüssellə yaxınlaşma və Orban dövründə dondurulmuş münasibətlərin yenidən qurulması şansı kimi qiymətləndirilir. Bu baxımdan Dmitriyevin açıqlaması həm Macarıstandakı dəyişikliklərə Kremlin siyasi reaksiyası, həm də Aİ-nin gələcəyi ilə bağlı Moskvanın baxışının növbəti ifadəsi kimi dəyərləndirilir.

Bizim.Media

Chosen
14
29
bizim.media

10Sources