EN

Kosmik tualetin tutulması

12 aprel insanın ilk dəfə kosmosa uçduğu gün kimi tarixə düşüb. Yuri Qaqarinin gülər siması bizim sovet uşaqlarının yaddaşında silinməz iz buraxmışdır, hərçənd, sonralar məlum oldu ki, orta məktəb inşasında “Böyüyəndə kosmonavt olmaq istəyirəm” yazan uşaqlar “Mən prokuror olacağam” yazan uşaqlara uduzacaqmış.

Hər halda, bəşəriyyət başından yekə qələt də olsa artıq kosmosa çıxıb. Guya o tərəflərdə həyat axtarırıq, bu tərəfdə həyatın zibilini çıxartmağı bacarsaq da. Amerikalı astonavtlar elə bugünlərdə Ayın görünməyən tərəfinə baxmağa gedəndə biz “bakılılar və şəhərimizin qonaqları” Bakının görünməyən tərəfində kanalizasiya xəttlərini axtarırdıq. Hökumətimizlə bahəm. Deyəsən axırda o xəttlər evlərin içindən çıxdı. Lap köhnə Şəki lətifəsindəki vəziyyət idi. Biri şəkiliyə qonaq gəlir, tualetin yerini soruşanda şəkili deyir: “Odey, ağzoun içində!”

Zarafat bir yana, bizi NASA-nın həmin “Artemis” missiyası ilə birləşdirən xüsusiyyət gözlənilmədən ortaya çıxmışdı. Uçuşun hansısa anında kosmik gəmidəki tualet... xarab olmuşdu.

Burada xırda haşiyə çıxım. Amerikalılar Aya ötən əsrin 60-70-ci illərində yanılmıramsa 11 dəfə uçublar, “Apollon” adlı həmin missiyada tualet komfortu yox kimi idi. Loru dildə desək, pampersi doldurub elə yanlarında saxlayırmışlar və uçuşun axırına qədər gəminin kabinəsindən, yumşaq yazsam, yaxşı qoxular gəlmirmiş. Təxminən kənd tualeti.

İndiki gəmidə isə guya daha müasir tualet sistemi quraşdırılmışdı. Hətta ifrazatın toplanıb bayıra atılması (yəqin bunu “kosmosun içinə... eləmək” yazsaq yanılmarıq) nəzərdə tutulmuşdu. Lakin uçuşun hansısa anında məlum oldu sistem işləmir, kimsə liniyanın üstündə gecəqondu tikib, bələdiyyədən sənədlə... Zarafat edirəm, ifrazat donub, bir növ gəmiyə yapışırdı, heç uçub getmək istəmirdi.

Səhv eləmirəmsə, hətta Yerdəki mərkəzdən belə çıxış yolu təklif olunmuşdu: gəmini müəyyən bucaq altında fırladıb tualetin çıxışını Günəşə tərəf tutmaq, onun şüalarıyla ...-püsürü əridib-yumşaltmaq. Bu zaman da ifrazat (dindarlar demişkən, nəcasət) uçub həmin hissədəki ötürücü antenləri bulamışdı. (İyrənc təfərrüatlara görə oxuculardan üzr istəyirəm. İndi görün qəhrəman ADSEA əməkdaşları nə zülüm çəkir. Kosmik əziyyətdir, maaşları isə ən aşağı qatdadır).

Uzun sözün qısası, təkcə Yerdə yox, kosmosda da ... Qarışıqlıq yaranmışdı, belə yazaq, mədəni olsun.

“Artemis”in uçuşundan həmişəki kimi bizə bir topa fotolar-zad qaldı. Yerin Ayın o biri üzündən görünüşü, Günəşin Ayın, türkün sözü, dalında qalmağı və sairə. Bəşəriyyətin müəyyən hissəsi var ki, belə romantik-sentimental, burun suyu axıtmaq məqsədli şəkilləri sevir. Şərh edirlər, mavi planetimiz, kainatda nöqtə elə getdi, tək sığınacağımız belə gəldi... Halbuki, yuxarıda yazdım, əslində planetimizin mavi olmağı şübhəlidir. Məncə o, daha çox qəhvəyidir. Kanalizasiya problemlərinə görə. Ancaq kosmosdan mavi görünürmüş.

Belə şeylər çox olur. Məsələn, bu yaxında bir dəstə səfeh uşaq-muşaq “Nizami” kino mərkəzimizin divarlarını yazıq-yuzuq eləmişdilər, zibil gününə qoymuşdular. Hökumət uşaqları və valideynlərini tutub qulaqlarını dartdı, cərimələdi, səhv etmirəmsə, birinə lap 30 sutka verdilər. Bununla da milli kinomuzun vəziyyəti oldu əliyüləla...

Olmadı axı. Nə kino çəkən var, nə göstərən. Bir kino tənqidçimiz yazmışdı, deyir həmin mərkəzdə hansısa sənədli filmə baxırdıq, proyektor bərbad və sınıq-salxaq gündə olduğundan təsvir də bərbad idi. Yəni, kinoteatrın proyektorunu düzəltmək yerinə divarını təmiz saxlamaq qayğısına qalırıq.

İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm siz haçan kosmosa uçursunuz.

Chosen
25
musavat.com

1Sources