EN

“Sağlamlıq deyirik, toyda isə özümüzü unuduruq: bu ziddiyyət normaldır?”

ain.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

18:00-dan sonra yemək ziyandır,  toy ənənələrində dəyişiklik olmalıdır.

Bir tərəfdən sağlam qidalanma qaydaları bizə deyir ki, axşam saatlarından sonra ağır yeməklərdən uzaq durmaq lazımdır. Maddələr mübadiləsi yavaşlayır, həzm çətinləşir, yuxu keyfiyyəti pozulur. Xüsusilə də yağlı və gec həzm olunan qidalar orqanizmə əlavə yük yaradır.

Digər tərəfdən isə bizim toy ənənələrimiz var…

Toy süfrəsinə baxanda tam fərqli mənzərə görürük:

Yeməklər əsasən axşam saatlarında verilir, ən ağır yemək olan plov məclisin sonuna saxlanılır, qazlı və şəkərli içkilər bol-bol təqdim olunur, moyanezli, kalorili salatlar süfrədən əskik olmur. Ofisiantlar isə qonaqların boşqablarını “boş” görməyə dözə bilmir. Hətta elə olur ki, 1 "rumka" içki içən insanın stəkanı da məclisin sonunadək boş qalmır, istəsən də, istəməsən də yenidən doldurulur. Nəticədə insan tox olsa belə, sosial mühitin təsiri ilə yeməyə, içməyə davam edir. Bu isə artıq fiziki aclıq yox, “məcburi qidalanma və içmə” olur. Amma burada bir məqamı da unutmayaq:

Toya ancaq dadlı təamları dadmaq üçün getmirlər, toy, əslində, mədəniyyət, qonaqpərvərlik və birlik rəmzidie. İnsanlar ora kalori saymağa yox, paylaşmağa, oynamağa və sevinməyə gedir.

Digər tərəfdən isə işin maddi tərəfi də var:

Bəzən süfrələrdə bu qədər bolluq ciddi israfla nəticələnir, tonlarla yemək tox qaldığı halda atılır. Toy sahibləri isə çox vaxt “ən yaxşısını edək” düşüncəsi ilə böyük xərclərə girir və nəticədə toydan xeyir yox, bəzən zərərlə çıxırlar.

Bəlkə də problem təkcə menyuda deyil, bizim yanaşmamızdadır:

Hər təqdim olunanı yemək məcburiyyət deyil, “yox” demək normaldır, hər şeydən dadmaq olar, amma həddi keçmədən. İsrarla yedirtmək və içirtmək isə artıq qayğı yox, narahatlıq yaradır.

Zənnimcə ən doğru yol balansdır.

Daha yüngül alternativlər, daha az şəkərli içkilər, qonağın seçiminə hörmət və ən əsası, ölçünü bilmək gərəklidir.

Unutmayaq ki, yaxşı qonaqlıq insanı yormayan, israf yaratmayan və xoş xatirə buraxan qonaqlıqdır. Və insan hər bir halda nəfsinə sahib çıxmağı bacarmalıdır.

Şəlalə Camal

*Prezident təqaüdçüsü*

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
1
adalet.az

2Sources