
Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hüsaməddin Cindoruk vəfat edib.
81 yaşlı Türkiyə siyasətçisi ötən il dekabrın 25-də Koç Universiteti Xəstəxanasında reanimasiyaya yerləşdirilmişdi.
Hüsaməddin Cindorukun bu gün vəfat etdiyi bildirilib.
Hüsaməddin Cindoruk 1933-cü ildə İzmirdə anadan olub. Ankara Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra siyasi karyerasında ilk addımlarını Demokrat Partiyasında atıb.
1985-ci ildə Doğru Yol Partiyasının (DYP) lideri seçilən Hüsaməddin Cindoruk 1987-ci ildə liderliyi Süleyman Dəmirələ təhvil verib.
16 noyabr 1991-ci ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib, 1 oktyabr 1995-ci ilə qədər bu vəzifədə çalışıb.
Prezident Turqut Özalın vəfatından sonra 17 aprel 1993-cü ildən 16 may 1993-cü ilə qədər prezident səlahiyyətlərini icra edib.
Süleyman Dəmirəl prezident seçildikdən və Tansu Çillər Doğru Yol Partiyasının lideri olduqdan sonra Cindoruk Demokratik Türkiyə Partiyasını qurub.
Demokratik Türkiyə Partiyası 1999-cu il seçkilərində barajı keçə bilmədikdə o, sədr vəzifəsindən istefa verib.