EN

​Şəhid Mais Verdiyev doğulduğu kənddə anıldı -

Birinci Qarabağ Müharibəsi şəhidi Mais Akif oğlu Verdiyev şəhadətə yüksəlməyinin 31-ci ildönümündə yad edilib. Bu münasibətlə şəhidin doğulduğu Cəbrayıl rayonunun Soltanlı kəndində anım mərasimi keçirilib. Metbuat.az-ın məlumatına görə, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsini yad etməklə başlayıb. Şəhidin yaxın qohumu, tanınmış jurnalist Seymur Verdizadə tədbir iştirakçılarını salamlayıb. O, şəhidlərimizin xatirəsinin əziz olduğunu, onların adının daim əbədiləşdirildiyini bildirib: “Mais müstəqil Azərbaycanın yeni yaranan ordusunun ilk əsgərlərindən idi. O, müharibə başlayanda Rusiyada yaşasa da, Vətənin ağır günündə kənarda qalmağı özünə sığışdırmayaraq, Azərbaycana dönmüş, könüllü şəkildə Milli Ordu sıralarına yazılmışdı. 1993-cü ilin 11 aprelində Cəbrayılda qanlı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu. Mais kimi igid oğullarımızın xatirəsi daim qəlbimizdə yaşayacaqdır". Şəhidin döyüşçü yoldaşı Saday Səfərov Maisin keçdiyi şərəfli döyüş yolundan danışıb. Saday Səfərov bildirib ki, şəhadətə yüksəldiyi gün Mais son nəfəsinə kimi vuruşub: "O, ölümün gözünə dik baxmağı bacardı. Müzəffər Azərbaycan Ordusu Mais kimi igid oğulların sayəsində təşəkkül tapdı, gücləndi. Maisə və onun timsalında bütün şəhidlərimizə vəfa borcumuz var". Şəhidin anası Adilə Verdiyeva tədbir iştirakçılarına öz minnətdarlığını bildirib. Şəhid anası deyib ki, Vətənin başının üstünü qara buludlar alanda Mais könüllü şəkildə silaha sarılıb: "Onun yolu haqq yolu idi. Biz onu bu yoldan döndərə bilməzdik. Mais öz yolu ilə getdi. İndi o, cənnətdən bizə baxır. Tək təsəllim odur ki, Maisin şəhid olduğu torpaqlar azaddır. Bu tədbirin Maisin doğulduğu kənddə keçiirlməsi bizi qürurlandırır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin".

Şəhidin qardaşı Malik Verdiyev anım mərasiminə yığışan tədbir iştirakçılarına ailə üzvləri adından minnətdarlıq edib.

Chosen
23
metbuat.az

1Sources