Azərbaycan hər cəhətdən nümunəvi olan multikultural mühitə malikdir. Ölkəmizdə milli-dini zəmində hər hansı bir ploblem yaşanmır. Xristian dünyasının müqəddəs bayramı olan və dirçəlişi, yeniliyi, mərhəmət və xeyirxahlıq duyğularını simvolizə edən Pasxanın Azərbaycanda yüksək səviyyədə qeyd edilməsi bunun əyani təsdiqidir.
Yaranmış gözəl ənənəyə uyğun olaraq cari ildə də respublikamızda Pasxa bayramı münasibətilə çoxsaylı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev aprelin 9-da Azərbaycanın pravoslav xristian icmasına Pasxa bayramı münasibətilə təbrik ünvanlayaraq Özünün xoş arzularını çatdırıb. “Sizi - Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm”, - deyə təbrikdə vurğulanıb.
Dünyanın ciddi narahatlıq doğuran mənzərəsi
Hazırda sivilizasiyanın yüksək mərhələsinə çatan bəşəriyyət eyni zamanda bir sıra ciddi sınaqlarla üzləşib. Dünyada müşahidə edilən mənzərə heç də ürəkaçan deyil. Bu gün beynəlxalq miqyasda sülh və təhlükəsizliyə yaranan təhdidlər heç vaxt olmadığı qədər artıb. Ən yüksək auditoriyaların tribunalarından tez-tez səsləndirildiyi kimi, hazırda dünyamız heç vaxt olmadığı qədər parçalanmış görünür.
Artıq onilliklərdir ki, Yaxın Şərq müharibə girdabından çıxa bilmir. Qanlı savaşlar, imperialist güc mərkəzlərindən ixrac olunan xaos, rəngli inqilablar ayrı-ayrı xalqların dövlətçilik ənənələrini pozub, bir vaxt çiçəklənən şəhər və kəndlər dağıdılıb, ölkələrin sərvətləri talanır. Son illərdə Qəzzada insanlıq faciəsi yaşandı və hələ də bu faciənin fəsadları davam edir. Çox qısa müddətdə aralarında uşaqlar, qadınlar və qocalar da olmaqla təxminən 70 min insanın həyatına son qoyulub, on minlərlə yaralı var. Sağ qalanlar ən zəruri ehtiyaclardan belə məhrumdurlar. Münaqişənin aktiv fazasında hətta humanitar dəhlizlər belə qəddarcasına atəşə tutulur, insanlara ərzaq məhsulları bir sıra hallarda havadan atılaraq çatdırılırdı.
Digər bir münaqişə ocağının - Rusiya-Ukrayna müharibəsinin də sonu görünmür. Yenə də on minlərlə ölü və yaralı sayı. Milyonlarla insan doğma ev-eşiyini tərk etmək, ağır qaçqınlıq taleyi yaşamaq məcburiyyətində qalıb. Müharibənin alovlanmasına isə güc mərkəzlərinin qarşıdurması, geosiyasi maraqları olub. Hazırda vəziyyət o həddədək gərginləşib ki, tərəflər daha genişmiqyaslı müharibənin, hətta nüvə təhdidlərinin anonsunu edirlər.
Son günlərdə isə dünya İran-ABŞ -İsrail müharibəsinin şokunu yaşamaqdadır. İranın şəhərləri, hərbi və mülki infrastrukturu amansız şəkildə hücumlara məruz qalaraq dağıdılıb, yüzlərlə insan həyatını itirib. Hörmüz boğazının təhdidlərə məruz qalması qlobal təchizat zəncirini pozub. Elan olunan iki həftəlik atəşkəs isə çox kövrəkdir. Bəhs olunan müharibə ilə əlaqədar həmçinin Yaxın Şərqin bir sıra digər ölkələri də dağıdıcı raket hücumlarına məruz qalıb. Livanda isə vəziyyət daha kritikdir.
Dünyanın olduqca narahat mənzərəsinin digər bir mühüm əlaməti mədəniyyətlərarası dialoqla bağlıdır. Bir sıra hallarda sivilizasiyalararası qarşıdurmaların müşahidə edilməsi son dərəcə kədərli təəssüratlar oyadır. Bəşəriyyət sanki geridönüş edir və ayrı-ayrı məkanlarda dinlər, etiqadlar, irqlər arasında qarşıdurmalar açıq müstəviyə keçir. Ən qorxulu cəhət ondan ibarətdir ki, mədəniyyətlərarası dözümsüzlük əksər hallarda müəyyən qüvvələr, hətta dövlətlər səviyyəsində təşviq edilərək qızışdırılır. Bütün səmavi dinlər bəşəriyyəti bərabərliyə və humanizmə çağırır. Təəssüf doğuran haldır ki, bugünkü Avropada hətta dini dəyərlər belə manipulyasiya peredmetinə çevrilib. Tam qətiyyətlə deyə bilərik ki, hazırda öz dəyərlərindən və ənənələrindən uzaqlaşan Qərbdə bir sıra hallarda dini təəssübkeşliyə çağırışlar edilir, islamafobiya həyat normasına çevrilir. Son illərdə Yaxın Şərqdə alovlanan münaqişələrin və müharibələrin ssenariləri bir qayda olaraq Qərb dairələrində hazırlanır. Sadə, günahsız insanlar aclıqdan, səfalətdən, dağıntılardan xilas olmaq naminə Avropaya üz tuturlar. Burada isə onların üzünə qapılar bağlanır. Açıq statistikaya görə, dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi Avropa ölkələrinin payına düşür. İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində, o cümlədən Fransada, İsveçdə, Danimarkada, Niderlandda müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir ki, bu da qəbuledilməzdir.
Multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm də insanların həyat tərzidir
Dünyadakı belə kədərli mənzərə ilə müqayisədə respublikamızın reallıqları tamam fərqli rakursdan diqqət çəkir. Azərbaycanın dövlət başçısı İlham Əliyev dünyada multikulturalizmə davamlı şəkildə çağırış edən azsaylı liderlər sırasında yer alır. Başqa dinlərə, mədəniyyətlərə sayğılı münasibət bəslənilməsi Azərvbaycanda oturuşmuş bir ənənədir. Tarix boyunca respulikamızın ərazisində müxtəlif inanclara məxsus insanlar əmin-amanlıq şəraitində yaşayaraq öz gələcəklərini qurublar. Tarixdən gələn ənənələr bu gün də yaşayır. Azərbaycan çoxkonfessiyalı dövlətdir. Hazırda ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Lakin belə fərqlilik ölkəmizdə əsla ayırıcı xətlər yaratmır. Cəmiyyətimizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin mədəni özünüifadəsi üçün bərabər imkanlar yaradılıb. Təqdirəlayiq haldır ki, ölkəmizin bütün etnik və dini azlıqların təmsilçiləri ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər.
Azərbaycan, həmçinin dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm töhfələr verir və birgəyaşayışa çağırışlar edir. Prezident İlham Əliyev 2008-ci ildə sonradan bütün dünyada Azərbaycanın brendinə çevrilən “Bakı prosesi” təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs çərçivəsində Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa İttifaqının yüksəksəviyyəli rəsmilərini Bakıda bir araya gətirməyə və faydalı dialoq qurmağa nail olub. Bu prosesin tərkib hissəsi olaraq paytaxtımız Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna müntəzəm qaydada ev sahibliyi edir. Ölkəmizin mənzərəsini ümumiləşdirsək, belə deyə bilərik: Multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm də insanların həyat tərzidir. Respublikamızın reallıqlarına diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycanda yüzillərdir hökm sürən tolerantlıq mühiti burada məskunlaşmış ayrı-ayrı xalqların, etiqad və inancların mənsubları arasında nümunəvi və harmonik ictimai münasibətlərin bərqərar olmasında müstəsna rol oynamışdır. Biz cəmiyyətimizdə tarixən formalaşmış etnik-mədəni müxtəlifliyi, milli-mənəvi dəyərləri və multikultural ənənələri müasir dövlətçiliyimizin unikal sərvəti kimi qiymətləndiririk”.
Əlamətdar haldır ki, ölkəmizdə geniş əhatə dairəsinə malik olan multikulturalizm siyasətinin həyata keçirlməsində Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da fəal şəkildə iştirak edir. Fond indiyədək qurumun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə paytaxt Bakıda və regionlarda həm İslam dininə, həm də digər mədəniyyətlərə aid tarixi abidələrin bərpasını uğurla həyata keçirərək inanclı insanların istifadəsinə verib. Heydər Əliyev Fondu, həmçinin dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən də Vatikanda bir sıra tarixi-dini abidələrin bərpasını öz üzərinə götürərək onlara ikinci həyat bəxş edib.
Faktlardan da göründüyü kimi, ölkəmizdə bütün dinlər qayğı ilə əhatə olunub. Təbrikində Prezident İlham Əliyevin bildirdiyi kimi, hazırda ölkəmizdə demokratik-hüquqi prinsiplərin təmin edilməsi, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsə, o cümlədən xristian icmasına özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradır. “Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızda fəal iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mübariz FEYZLİ