EN

Uqandada şimpanzelər arasında "vətəndaş müharibəsi" başlayıb

ABŞ, Almaniya, Çin və Uqandanı təmsil edən beynəlxalq tədqiqatçılar qrupu müəyyən ediblər ki, çoxsaylı Nqoqo şimpanze icması hazırda parçalanma və "vətəndaş müharibəsi" dövrünü yaşayır. Bu qanlı toqquşmalar nəticəsində 200-dən çox fərd olan qrupda ən azı 24 primat həyatını itirib.

 

Uqanda ərazisində yerləşən Kibale Milli Parkındakı şimpanzelər üzərində aparılan çoxillik tədqiqatların yekunları nüfuzlu "Science" jurnalında ictimaiyyətə təqdim edilib.

 

Tədqiqatçıların qənaətinə görə, Nqoqo şimpanze sürüsü 20 ildən artıq müddətdə güclü sosial bağlarla birləşən bütöv bir cəmiyyət kimi fəaliyyət göstərib. Həmin illər ərzində icma daxilində hər hansı bir çəkişmə qeydə alınmayıb; əksinə, onlar qidalanma areallarını genişləndirmək məqsədilə qonşu primat dəstələrinə qarşı birgə mübarizə aparıb, daim yeni ərazilər ələ keçiriblər.

 

Ancaq 2015-ci ildə iyerarxik quruluşda üstün mövqeyə malik olan bəzi lider erkək şimpanzelərin xəstəlik səbəbindən ölməsi 200-dən çox fərdin olduğu sürüdə parçalanmaların əsasını qoyub. Liderlərin itirilməsi icmadaxili sosial telləri qırıb və onların mövqeyini daha təcavüzkar fərdlərin tutması vəziyyəti kəskinləşdirib. Yekunda qəbilə iki fərqli düşərgəyə ayrılıb və bundan sonra bir qrupun erkəkləri digər tərəfdəki şimpanzelərə qarşı sistematik hücumlar təşkil etməyə başladılar.

 

Bu proseslər son nəticədə genişmiqyaslı və davamlı "vətəndaş müharibəsinə" çevrilərək azı 24 fərdin məhvi ilə sonlanıb. Elm adamları real itki göstəricilərinin təxmin ediləndən daha yüksək olduğunu istisna etmirlər. Bəzi aparıcı erkəklərin öldürülməsinə baxmayaraq, tərəflər arasındakı münaqişə hələ də səngiməyib. Tədqiqatçılar bu amansız qarşıdurmanın dəqiq kökləri barədə yekun rəy verməsələr də, ehtimal edirlər ki, qrupun ərazi genişləndirməsində əldə etdiyi böyük uğurlar populyasiyanın artmasına və nəticə etibarilə daxili rəqabətin ifrat dərəcədə güclənməsinə gətirib çıxarıb.

 

Mütəxəssislər xatırladırlar ki, şimpanzelər arasında oxşar miqyaslı sonuncu belə savaş 1970-ci illərdə Tanzaniyada qeydə alınıb. Həmin hadisə tarixə "Qombe şimpanze müharibəsi" yaxud "Dördillik müharibə" adı ilə düşüb. O zaman təqribən 10 primatın ölümü ilə nəticələnən qarşıdurma, bir dəstə tərəfindən rəqib qrupun erkəklərinin demək olar ki, tamamilə öldürülməsi və yerdə qalanların başqa zonalara sıxışdırılması ilə bitmişdi.

 

Oxu.az

Tarix: 11 Aprel 2026, 09:25   
Chosen
23
1
pravda.az

2Sources