ain.az, Bizimyol saytına istinadən bildirir.
Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək.
Bizimyol.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb. Sənəddə qeyd olunur ki, müvafiq dəyişikliklərlə bağll təkliflər iki ay müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.
"Avtomobil nəqliyyatı haqqında" Qanunun 15.5-ci maddəsinə əsasən, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında, habelə qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunur, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılır və ya o, ləğv edilir.
Yeni tələblər taksi bazarına necə təsir göstərəcək?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında vurğulayıb ki, istənilən avtomobili taksi faəliyyətində istismar etmək mümkün olmayacaq: “Bu yeni qərarın taksi bazarında həm keyfiyyətin artırılmasında, həm rəqabət mühitinin yaxşılaşdırılmasında, eyni zamanda təhlükəsizlik baxımından ciddi bir təsiri olacaq. Artıq istənilən avtomobili taksi fəaliyyətində istismar etmək mümkün olmayacaq. Maşının həm texniki vəziyyəti, həm görünüşü müvafiq standartlara cavab verməlidir. Ancaq bu da o demək deyil ki, bu günə qədər fəaliyyət göstərən taksi sürücülərinə bu çox mənfi təsir edəcək. Belə deyil. Bu qərar qüvvəyə minəndən sonra artıq bu tələblər də həyata keçəcək. Bu tələblərə əsasən həm daşıyıcı şirkətlər, həm də taksi fəaliyyəti ilə məşğul olan sürücülər fəaliyyət göstərməli olacaqlar. Texniki cəhətdən uyğun olmayan, köhnə, komfortsuz avtomobillər taksi fəaliyyəti dövriyyəsindən yavaş-yavaş çıxarılacaqlar. Həmçinin taksidə və qeyri-müntəzəm sərnişin daşımalarında istismar olunan digər nəqliyyat vasitələrinin parkı da yenilənəcək. Bu sahədə ancaq yeni kamfortlu, təhlükəsiz avtomobillər istifadəyə veriləcək”.
Taksi qiymətlərində artım gözlənilirmi?
“Düşünmürəm ki, taksi qiymətləri kəskin yüksəlsin. Taksi qiymətləri dəyişkəndir və müxtəlif amillərdən asılı olaraq formalaşır, yəni fiks (sabit) deyil. Ona görə də bu dəyişikliklərin taksi qiymətlərinə kəskin təsir edəcəyini düşünmürəm.
Hal-hazırda yalnız Bakı şəhərində istismar olunan taksi avtomobillərinin sayı kvotadan təxminən 10 min ədəd çoxdur. Təklif olunan taksilər tələbdən az deyil.
Bir sözlə, taksi sistemi daha nizamlı və keyfiyyətli sistemə keçəcək. Daha keyfiyyətli və güvənli bir sistemlə idarə olunacaq, nəticədə isə daha təhlükəsiz, komfortlu və peşəkar xidmət formalaşacaq”-deyə Eldəniz Cəfərov qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.