EN

Sığınacaq dağılsa, 400 itin taleyi necə olacaq? - Rəsmi açıqlama

Zaqatala rayonunda fəaliyyət göstərən və 400-dən çox itin saxlanıldığı sığınacaq dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Bu barədə “Qafqazinfo”ya “Naynuxana” adlı sığınacağın sahibi, heyvansevər Nizami Ramazanov məlumat verib. 

O bildirib ki, bura Azərbaycanın ən böyük heyvan sığınacaqlarından biri hesab olunur və hazırda ciddi problem yaşayır: “Sığınacağımız 5 ildir fəaliyyət göstərir. Sığınacaq ərazisi indiyədək illik 4000 manat (3 aydan bir 1000 manat) olmaqla icarəyə götürülüb. Bu müddət ərzində ərazidə geniş tikinti və abadlıq işləri aparılıb, heyvanların saxlanılması üçün şərait yaradılıb. Lakin torpaq sahəsinin sahibi ərazini satışa çıxarıb və qiyməti 120 000 manat olaraq müəyyən edib”.

Sığınacaq sahibi bu məbləği ödəmək imkanında olmadığını əlavə edir: “Ərazi sahibi sığınacaq üçün müəyyən vaxt təyin edib və bu müddət ərzində ərazinin boşaldılmasını tələb edir. İlkin olaraq avqust ayına qədər vaxt verildiyi bildirilsə də, bu müddətin nə qədər uzadılacağı dəqiq deyil. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, indiyədək konkret maliyyə və ya təşkilati dəstək göstərilməyib. Mövzu ictimailəşdirildikdən sonra Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə bizi icraya dəvət etdi və bu məsələyə baxılacağını söylədi. Bununla belə, konkret vaxt çərçivəsi və həll mexanizmi təqdim olunmayıb”

Şikayətçinin sözlərinə görə, mövcud vəziyyət olduqca kritikdir: “Yeni torpaq sahəsinin alınması, hazırkı ərazidə qurulmuş infrastrukturların sökülməsi və başqa əraziyə daşınması, həmçinin yenidən tikinti işlərinin aparılması böyük maliyyə və zaman tələb edir. Əgər qısa müddətdə lazımi dəstək göstərilməzsə, 400-dən çox itin yenidən küçəyə buraxılması riski yaranır ki, bu da həm heyvanlar, həm də ətraf mühit üçün ciddi təhlükə deməkdir. Hazırda əsas çıxış yolu ya mövcud ərazinin satın alınması, ya da təcili şəkildə yeni uyğun torpaq sahəsinin təmin edilməsidir. Əks halda, illərlə qurulmuş bu sığınacağın fəaliyyətini davam etdirməsi sual altında qalır”.

“Naynuxana” sığınacağının sahibi dövlət qurumlarına, iş adamlarına və xeyirxah insanlara müraciət edərək bu problemin həlli üçün təcili dəstək göstərilməsinin istəyir.

Məsələ ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bizə belə cavab verildi: “Araşdırma zamanı müəyyən edilib ki, sözügedən sığınacaq Zaqatala rayonunun Aşağı Tala kəndində xüsusi mülkiyyətdə olan 1,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir.

Məsələ ilə əlaqədar torpaq mülkiyyətçisi ilə görüş keçirilib. Görüş zamanı o, ətraf ərazidə yaşayan sakinlərin şikayətləri, eləcə də torpaq sahəsinin təyinatına uyğun istifadəsinin təmin edilməsi zərurəti ilə əlaqədar olaraq bir neçə dəfə, sonuncu dəfə 2025-ci ilin avqust ayında cari ilin mart ayınadək həmin ərazinin boşaldılması üçün möhlət verdiyini bildirib və ərazinin boşaldılmasında israrlı olduğunu qeyd edib.

Bununla yanaşı, tərəfimizdən aparılan əlavə danışıqlar nəticəsində mövcud vəziyyət nəzərə alınaraq torpaq mülkiyyətçisi ilə sığınacağın başqa əraziyə köçürülməsi məqsədilə əlavə müddətin verilməsi barədə razılıq əldə olunub”

Chosen
17
3
ekologiya.az

8Sources