Zaqatala rayonunda sahibsiz heyvanların taleyi ilə bağlı ciddi narahatlıq doğuran vəziyyət yaranıb.
NOCOMMENT.az xəbər verir ki, rayonda fəaliyyət göstərən və yüzlərlə itin sığındığı heyvan sığınacağı bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. Sığınacaq uzun illərdir Zaqatala sakini Nizami Ramazanov və onun bacısı tərəfindən idarə olunur. Onlar yaralanmış, müxtəlif səbəblərdən xəsarət almış, maşın vurmuş və küçələrdən tapılmış sahibsiz itləri toplayaraq müalicə edir, qidalandırır və yaşatmağa çalışırlar. Bu fəaliyyət demək olar ki, tamamilə könüllü və xeyriyyə yardımları hesabına davam etdirilir. Hazırda sığınacaqda 400-ə yaxın it saxlanılır. Problem isə sığınacağın yerləşdiyi torpaq sahəsi ilə bağlıdır. Ərazi illik 4 min manat icarə haqqı ilə istifadə olunur. Lakin torpaq sahibi sahəni daha yüksək qiymətə satmaq niyyətindədir və ərazinin boşaldılmasını istəyir. Sığınacağın rəhbəri çıxılmaz vəziyyətdə qalıb: “Bu qədər iti birdən-birə köçürmək üçün nə yer var, nə də imkan. Əgər alternativ ərazi tapılmasa, onları hara aparacağımı bilmirəm. Aralarında aqressiv olanları da var. Əgər yeni ərazi və ya dəstək tapılmasa, itlərin küçəyə buraxılması ehtimalı var”.
Ekspertlər bildirirlər ki, belə hallarda nəzarətsiz qalan sahibsiz heyvanların sayı sürətlə artır, bu da epidemioloji və təhlükəsizlik problemləri yarada bilər.
Sığınacaq rəhbərliyi artıq müxtəlif dövlət qurumlarına, iş adamlarına və heyvansevərlərə müraciət edib. Onların əsas istəyi sığınacaq üçün yeni ərazi və ya maddi dəstək almaqdır. Əks halda Zaqatala yaxın günlərdə çox ciddi mənzərə ilə üzləşə bilər – 400 sahibsiz it eyni anda küçələrə buraxıla bilər”.
Zaqatala Rayon İcra Hakimiyyətindən Musavat.com-a bildiriblər ki, problem haqda məlumatlıdırlar və həlli istiqamətində çalışırlar.