Bir neçə gün əvvəl müşahidə edilən aramsız yağışlardan sonra su basan Zabrat-Maştağa yolunda hələ də təhlükəli vəziyyət davam edir.
Bu barədə “Qafqazinfo”ya həmin yoldan istifadə edən bir neçə sürücü şikayət edib.
Onların sözlərinə görə, yağış kəssə də, yoldakı su çəkilmir:
“Yol çox bərbad vəziyyətdədir. Dağılmış yollar bizə “sürprizlər” edir, dolmuş sudan qarşıdakı yolu görmürük deyə, iri gölməçələrə düşürük, maşınımız pis vəziyyətə qalır. Cəmi bir neçə metrlik yolda yığılan suya görə az qala, “Ayxan” marketin qarşısınadək uzun tıxaclar yaranır. Yağışdan sonra yol təhlükəli vəziyyətə düşdüyündən orada neçə maşının nömrəsi düşüb, eləsi var təkəri cırılıb, bəzi zəif mühərriki olanlar da, ümumiyyətlə, yolda sönüb qalır. Məcburuq ki, yolumuzu onlarla km uzadıb alternativ yerlərdən gedək”.
Şikayətçilər əvvəlki yağışlarda da oxşar problemlə üzləşdiklərini, həll olunmadığından aylarla davam etdiyini deyirlər:
“Bir gün yağış yağır, bir ay o yolda su qurumur”.
Məsələ ilə bağlı ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Xidmətdən sorğumuza cavab olaraq bildirildi ki, Zabrat qəsəbəsinin həmin hissəsində mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil:
“Ümumiyyətlə, ərazi qrunt sularının səviyyəsinin çox olduğu yerdir. Bununla yanaşı, intensiv yağışlar zamanı ətrafda toplanan su drenaj sisteminə axıdılır. Suların həcmi çox olduğuna görə sistem suları tam şəkildə ötürə bilmir. Sukanal idarələri normadan dəfələrlə artıq yağan intensiv yağışlardan sonra xidməti ərazilərində yağış sularının kənarlaşdırılması işlərini gücləndirilmiş iş rejimində fasiləsiz şəkildə icra edirlər.
Qeyd edilən ünvandakı vəziyyətlə bağlı da yerli sukanal idarəsi məlumatlıdır. Ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Lakin buna baxmayaraq, müvafiq sukanal idarəsinin briqadaları tərəfindən ərazinin mümkün şərtləri çərçivəsində suyun çəkilməsi istiqamətdə sakinlərə köməklik göstərilir”.

Xidmətdən, həmçinin bildirildi ki, Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində hazırda müxtəlif ərazilərdə irihəcimli layihələrin tərkib hissəsi olaraq yeni kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğularının tikintisi işləri həyata keçirilir:
“Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində tikinti-quruculuq işləri mərhələli şəkildə icra olunur”.
Qeyd edilib ki, bu layihələrin icrası tullantı sularının idarə edilməsinə, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və intensiv yağışlar zamanı subasma hallarının qarşısının alınmasına imkan yaradacaq.