EN

Valyuta Fondunun nikbin ssenarisi

Yeniazerbaycan portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dayanıqlı sülh Cənubi Qafqazda ticarət və investisiya axınlarını genişləndirəcək

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Gürcüstanla IV Maddə üzrə məsləhətləşmələrin yekunlarına dair qiymətləndirməsində Cənubi Qafqaz üçün yeni münbit və sağlam əməkdaşlıq imkanlarının yaradıldığını bildirib. Fond hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin razılaşdırılması və davam edən inamlı sülh prosesi regionun geoiqtisadi simasını büsbütün dəyişdirməkdədir. Bu, həm iqtisadi-ticari, həm investisiya və kommunikasiya bağlantıları üçün mühüm fürsətlər yaratmaqla, regionun inkişaf arxitekturasını möhkəmləndirəcək amildir. Dəyərləndirmələrə əsasən, Gürcüstandan yan keçən alternativ ticarət marşrutları bütün tərəflər üçün kommunikativ yol açmaqla Cənubi Qafqazın logistika landşaftını da əhəmiyyətli dərəcədə dəyişdirə bilər. Ümumilikdə, sülh ssenarisi bütün regionun investisiya cəlbediciliyini artırmaqla, uzunmüddətli inkişaf istiqamətlərini müəyyən edəcək unikal model hesab edilir.

Qiymətləndirmədə vurğulanır ki, geosiyasi qeyri-müəyyənlik əsas risk amili olaraq qalır. Xüsusilə, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi İsrail və Fars körfəzi ölkələrindən turist axınlarının azalmasına, inflyasiyanın sürətlənməsinə və qlobal maliyyə şərtlərinin ağırlaşmasına gətirib çıxara bilər. Lakin münaqişənin uzun sürməsi əks təsirə - maliyyə və turist axınlarının Gürcüstanın xeyrinə yenidən bölüşdürülməsinə, eləcə də Orta Dəhliz üzrə tranzitin artmasına səbəb ola bilər.

Ukrayna münaqişəsinin bitməsi regional dividentləri artıracaq

BVF Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ssenarisinin də bölgəyə təsirlərini qiymətləndirib. Dəyərləndirmələrə görə, bu müharibənin bitməsi də bölgədə yeni müsbət fraqmentasiyalar formalaşdıracaq. İlk növbədə, Qara dəniz logistikası ilə sıx bağlı olan Gürcüstanın miqrant axını, kapital və tranzit ticarətinin artmasından əldə etdiyi iqtisadi faydanın müəyyən qədər azalması ehtimal edilsə də, əlavə imkanlar daha çox faydaverici olacaq. Regional sabitliyin güclənməsi investorların etimadının möhkəmlənməsinə töhfə verəcək ki, bu da əlavə resurs potensiallarını səfərbər edəcək, yeni biznes icmalarını bölgəyə gətirəcək.

Həmin ssenari Cənubi Qafqazın digər ölkələri üçün də eyni ümidverici mühiti vəd edir. BVF hesab edir ki, Azərbaycan və Ermənistan Gürcüstan üçün yaxın tərəfdaş ölkələr kimi Avropa marşrutlarında ortaq yer alır, Qara dənizdən hərəkət edən logistika şaxələri hər iki ölkəni Tbilisi ilə sıx bağlayır. Bu səbəbdən Ukraynada sülhün bərqərar olması Gürcüstandan yan keçən nəqliyyat marşrutlarının axınını gücləndirməklə, bütövlükdə regionun hər 3 ölkəsinin iqtisadi dividentlər əldə etməsinə müsbət təsir göstərəcək. Bu, həm də Cənubi Qafqazda biznes və rəqabət mühiti ilə bağlı vəziyyəti də müsbətə doğru xeyli dəyişdirəcək.

Dayanıqlı sülh və sabitlik naminə

BVF ilə yanaşı, digər qlobal institutların ehtimalları da Cənubi Qafqazın 3 ölkəsi arasında mühüm siyasi yaxınlaşma fonunda bölgədə yeni geoiqtisadi arxitekturanın formalaşacağına və sabitliyin möhkəmlənəcəyinə dərin inamı ehtiva edir. Nüfuzlu institut - “ING” analitiklərinin fikrincə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması yönündə atılan ardıcıl və iradəli addımlar regional əhval-ruhiyyəni xeyli müsbət yöndə dəyişdirməklə, mühüm siyasi amil kimi iqtisadi situasiyalara  hədsiz pozitiv təsir edir. İlk növbədə, Ermənistan nəqliyyat blokadasından çıxmaq və regionun nəhəng marşrutlarına qoşulmaq fürsəti əldə edir. Ermənistan üçün ikinci mühüm şans dayanılqlı və uzunömürlü yanacaq təminatının qurulmasıdır. Regionda mürəkkəb vəziyyətin dərinləşməsi, digər amillər, eləcə də Ermənistanın hazırda qaz aldığı ölkələrin yanacağın qiymətini artırmaq xəbərdarlıqları bu ölkə üçün problemlər yaradır, ancaq digər çıxış yolu açılır - bu, Azərbaycanın enerji tədarükünü başlatmasıdır. Ən diqqətçəkən və faydalı məqam odur ki, Azərbaycanın yanacaq amilindən heç bir ölkəyə qarşı siyasi məqsədlər üçün istifadə etmir, neft və qaz ixrac etdiyi ölkələrə yalnız iqtisadi partnyorluq yanaşması sərgiləyir. Hətta qlobal bazar qiymətlərindən daha sərfəli müqavilələr təklif edir. Bu, Gürcüstanın timsalında uzun illərdir ki, nəzərə çarpır. Gürcüstanın təbii qaz təchizatını və enerji təhlükəsizliyini 90 faiz təmin edən Azərbaycan orta bazar qiymətindən də sərfəli tariflə yanacaq nəql edir. Belə yaxşı imkan indi də Ermənistan üçün yaradılmaqdadır. Ötən ilin sonlarından başlayaraq Azərbaycan Ermənistana gedən yüklərin daşınmasına geniş qapı açıb, bütün bölgələrdən gələn mallar məhdudiyyətlər olmadan maneəsiz İrəvana çatdırılır. Eləcə də Azərbaycan özü Ermənistana neft və neft məhsullarının təchizatına başlayıb. Bu iqtisadi humanizmdən erməni iqtisadiyyatı və sahibkarlar, sadə təchizatçılar, eləcə də regionun bütün ölkələri qazanır.

Ermənistan üçün yeni fürsətlər

Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmalara əsasən, nəqliyyat bağlantılarının ana xətti olan Zəngəzur dəhlizi quruculuğu da sürətlə irəliləyir, Orta Dəhlizin ana qovşaqlarından biri olan bu xətt regionda qarşılıqlı etimadın möhkəmləndirilməsi, sabitliyin qorunması və inteqrasiya proseslərinin inkişafı üçün yeni perspektivlər açır. Bu baxımdan yeni siyasi-geoiqtisadi konfiqurasiyalar mühitində Cənubi Qafqazda əməkdaşlıq formatının daha da möhkəmlənməsi təmin edilməkdədir. Bunu Azərbaycan Prezidentinin aprelin 6-da Gürcüstana səfəri zamanı rəsmi Tbilisi tərəfindən verilən bəyanatlarda da izlədik. Gürcüstanın baş nazirinin vurğuladığı kimi bölgə Şərqdən Qərbə doğru istiqamətlənən qlobal transnəqliyyat və enerji, logistika qovşaqlarının kəsişdiyi ən strateji coğrafiyalardan biridir. Çindən Xəzər dənizi regionu, Türkiyə-Qara dəniz və Avropa marşrutlarının ən mühüm həlqələri bu coğrafiyalardan keçir.

Ona görə də dayanıqlı sülh şəraitində regionda bərqərar olan dərin etimad mühiti Ermənistanı da çoxşaxəli bağlantılara cəlb edəcək. İrəvan Orta Dəhliz boyunca zəruri nəqliyyat infrastrukturlarına qoşulmaqla, logistika, azad ticarət və gömrük, sərhəd-keçid sistemlərinin rəqəmsallaşması, fiber-optik bağlantı və digət iqtisadi formatlarda yer almaq imkanı qazana bilər.

Beləliklə, Cənubi Qafqaz regionda sülh və sabitliyin dayanıqlılığı böyük bir coğrafiyada rifah və inkişaf arxitekturasını möhkəmləndirmiş olacaq. Regionda investisiya, müştərək biznes proqramları, nəqliyyat, logistika, tranzit həmrəyliyinin formalaşması çoxtərəfli iqtisadi platformalar yaratmaqla bütün tərəflərin faydalanmasına səbəb ola bilər.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
yeniazerbaycan.com

2Sources