EN

Saxta tibbi sənədlər hazırlayıb istifadə edən taksi parkının əməkdaşına hökm oxundu

Nərimanov Rayon Məhkəməsində rəsmi sənədləri qanunsuz hazırlamada təqsirləndirilən Alim Səmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 4 300 manat məbləğində cərimə cəzası təyin edilib.

 

İttihama görə, Alim Səmədov hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdıraraq qanunsuz hazırlayıb və bilə-bilə həmin sənədlərdən istifadə edib.

 

Belə ki, o, tanışı tərəfindən “WhatsApp” vasitəsilə göndərilmiş qeydiyyat şəhadətnamələrindən istifadə etməklə işlədiyi MMC-lərin birinə məxsus taksi parkında fəaliyyət göstərən avtomobillər üçün 150 manat müqabilində buraxılış kartlarının alınmasını təşkil etmək məqsədilə qanunsuz fəaliyyət göstərib.

 

Araşdırmalarla müəyyən olunub ki, təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdən 11 aprel 2025-ci il tarixədək olan müddət ərzində söügedən taksi parkında fəaliyyət göstərən çoxsaylı sürücülərin adlarına guya narkoloji müayinədən keçmələrini təsdiq edən rəsmi sənədləri saxtalaşdıraraq hazırlayıb. Həmin sənədlər hüquq verən rəsmi sənədlər kimi təqdim olunub.

 

Daha sonra Alim bu saxta sənədləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən aidiyyəti qurumun – AYNA-nın “e-operator.ayna.gov.az” portalına daxil etməklə istifadə edib.

 

Beləliklə, təqsirləndirilən şəxs vahid niyyətlə hərəkət edərək rəsmi sənədlərin saxtalaşdırılması və həmin sənədlərdən istifadə olunması ilə bağlı qanunvericiliyin tələblərini pozub.

 

Toplanmış sübutlar əsasında onun əməli Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə, yəni rəsmi sənədlərin saxtalaşdırılması və istifadəsi kimi tövsif edilib.

 

Məhkəmə iclasında dindirilən Alim ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi əməli etiraf edib.

 

Qeyd: Alim Səmədov sözügedən MMC-də baş mütəxəssis vəzifəsində çalışır.

 

Kamal Məmmədov

Tarix: 10 Aprel 2026, 10:22   
Chosen
22
pravda.az

1Sources