Təəssüf ki, istər ölkə kubokunda, istərsə də premyer-liqada gərginliklə mübahisəli hakim qərarları düz-mütənasib şəkildə artır.
Açıq-aşkar görünür ki, ədalət təmsilçiləri hansısa səbəblərə görə belə mübarizə şəraitinə tab gətirmir. Əlbəttə, hadisələrin arxa planında nələr baş verdiyini bilmədən həmin qərarların qərəz, təcrübəsizlik, yoxsa biranlıq səhv olduğunu iddia etmək çətindi. Lakin ilk ehtimalı ağla gətirmək belə qorxuncdu. Hər halda, digər amillər də “fit sahibləri”nin aydan arı, sudan duru olduğunu göstərmir.
Məlumdu ki, ölkə kubokunun yarımfinalının “Turan Tovuz” – “Zirə” matçını əhatə edən od hələ sönməyib. Düzdü, baş hakim Əliyar Ağayevlə VAR hakimi Cavid Cəlilov cəzalandırılıb, lakin bunun ideal çıxış yolundan çox strateji səhv olduğunu düşünə bilərik. Təbii ki, belə biabırçı səhv cəzasız qalmamadı, ancaq bu cür oyunları idarə edə biləcək hakimlərimizin sayının azlığı da sirr deyil. Heç şübhəsiz, qalan 7 turda, həmçinin, ölkə kuboku çərçivəsində keçiriləcək üç oyunda ədalət təmsilçilərinin işi çətin olacaq. Belədə daha optimal çıxış yolu ölkəyə əcnəbi hakimlərin dəvət edilməsidi!
Əlbəttə, bu addımı öz hakimlərimizə inamsızlıq, hətta ölkə futboluna xəyanət sayanlar tapılacaq. Lakin qaş düzəldən yerdə göz çıxarmağa ehtiyac yoxdu. Allah şahidisiz ki, ölkəmizin fəaliyyətdə olan ən təcrübəli hakimi, FİFA referisi “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevdən hansı sözləri, sosial şəbəkələrdə bir çox futbolsevərdən hansı təhqirləri eşitdi. Hələ AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun onu ikinci dəfə ifşa etməsinin yaratdığı təzyiqi demirik. Təbii ki, Əliyar bəyin bundan sonra özünü toparlamasına uzun müddət lazım olacaq. Qalan hakimlər də hansısa səbəbdən belə vəziyyətə düşməkdən “sığortalanmayıb”. Həmçinin 26-cı turda da mübahisəli hakim qərarları oldu. Xüsusilə çempionluğun biraddımlığında olan “Sabah”ın “Araz-Naxçıvan”la oyununda.
Qarşıdan iki Azərbaycan derbisi, “Qarabağ”la “Sabah”ın duelləri, ümumiyyətlə, ilk “4-lük” uğrunda mübarizənin son həddə çatacağı matçlar gəlir. Odu ki, AFFA daşı ətəyindən tökməli, əcnəbi hakimlərin qapısını döyməlidi. Yoxsa bu xamır çox su aparacaq.
KƏNAN BAHADIR