Qusar yaşıllıqlar diyarıdır. Müxtəlif ağac növləri ilə örtülən meşələr, rayon mərkəzindəki park və xiyabanlar Qusara xüsusi gözəllik verir. Burada hər küçə, hər məhəllə, hər kənd hündür və yaraşıqlı ağaclarla əhatələnib.
Rayonumuzda bahar girəndən müxtəlif ərazilərdə ağacəkmə aksiyaları keçirilir. Camaatımız bu tədbirlərdə yaxından iştirak edir. Aksiya çərçivəsində Qusar-Şahdağ, Qusar-Xudat, Qusar-Həzrə, Qusar-Samur və Həzrə-Sudur istiqamətləri üzrə avtomobil yollarının kənarlarında 1000 həmişəyaşıl, yerli ağac növlərindən olan 4360 ağac tingi əkilmiş, əkilən ağaclar suvarılmış, onlara zəruri aqrotexniki qulluq göstərilmişdir.
Ağacəkmə aksiyasında rayon rəhbərliyi ilə yanaşı, yerli sakinlər və hətta Qusara təşrif buyuran qonaqlar da yaxından iştirak edirlər. Hamı yaxşı bilir ki, ağacəkmə aksiyaları ətraf mühitin qorunması, yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın bərpasına töhfə vermək məqsədi daşıyır və belə tədbirlərdə iştirak etmək hər kəsin vətəndaşlıq borcudur.
Sevda SULTANOVA,
Qusar şəhər sakini