EN

“Belə davranışı Əliyar Ağayevə yaraşdırmadım” Vidadi Əhmədov Rəhim Həsənovun izahatı haqda nə dedi?

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ölkə kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz” – “Zirə” matçı təkcə “qartallar”ın qələbəsi ilə yox, həm də FİFA referisi Əliyar Ağayevin nəticəyə təsir edən yanlış qərarları ilə yadda qaldı. Belə ki, ölkənin ən məşhur hakimi “bozqurd”un haqq etdiyi iki penaltini vermədi! Belə arxayın danışmağımızın səbəbi isə AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun məlum epizodları dəyərləndirməsi və Ağayevin yanlış qərarlar verdiyini təsdiq etməsidi. Rəhim bəy Renatonun Xorxe Silvanın üzünə zərbə endirdiyini, “Zirə”nin futbolçusunun rəqibə güc tətbiq etdiyini, “Turan Tovuz”un oyunçusu Roderik Millerin ayağını tapdalayan Qismət Alıyevin isə düşüncəsiz hərəkətə (rəqibə qarşı yaranan təhlükənin nəticələrinə əhəmiyyət verməmək – red.) yol verdiyini söylədi. Sədrin fikrincə, həm Renato, həm də Qismət “sarı” almalıymış.Əlbəttə, belə biabırçılığa operativ reaksiya vacib idi. “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev də məhz bu cür etdi. Matçdan dərhal sonra media nümayəndələrinin önünə çıxan funksioner komandasının haqqının yeyildiyini, əziyyətlərini Əliyar Ağayevə haram etdiklərini dedi. Bir qədər də irəli gedərək bildirdi ki, belə hakimlər futboldan uzaqlaşdırılmalıdı. Ehtiram bəy tovuzlu azarkeşlərin də bu məsələyə səssiz qalmamasını istədi. Bu barədə fikirlərini öyrənmək üçün müraciət etdiyimiz “Ultras Turan” fanklubunun rəhbəri Kamal Saqqayev klub rəhbərinə dəstək olduqlarını, sözləriylə razılaşdıqlarını bildirdi.Biz bu məsələ haqda “Turan Tovuz”un sabiq prezidenti Vidadi Əhmədovun də fikrini öyrənməyi lazım bildik:

“Bacardığım qədər “Turan Tovuz”un oyunlarını tribunadan izləyirəm. Bu gün mübariz, iddialı və döyüşkən komanda formalaşıb. Matçlar çox xoş təsir bağışlayır. Təbii ki, bütün bunların qısa zamanda araya-ərsəyə gəlməsi sevindirici haldı. Hiss olunur ki, klubda yaxşı əhval-ruhiyyə var. Məhz belə məqamda hakim Əliyar Ağayevin bu cür hərəkət etməsi heç də xoş olmadı. “Turan Tovuz” yaxşı rəhbərliyə, komandaya malikdi. Əliyar Ağayev isə FİFA referisidi. Yəni o da hakimlərin ən yaxşılarındandı. Amma yanlış qərar verdi. Niyə? Qolunu qəsdən Silvanın üzünə çırpan Renatoya qırmızı vərəqə göstərilməliydi. Onun “sarı”sı da var idi. Roderik Millerin ayağını tapdalayan Qismət Alıyevə isə sarı vərəqə göstərilməliydi. Lakin Əliyar Ağayev nə penaltiləri təyin etdi, nə də futbolçuları cəzalandırdı. Çox xoşagəlməz haldı. Səhvmi deyək, qərəzmi? Düzü, dilim gəlmir, lakin bu cür təcrübəylə, hətta VAR-a baxandan sonra belə qərarı dəyişməməyin başqa adı yoxdu. Əliyar Ağayev utancverici davranışa yol verdi, ona yaraşdırmadım. Klubun prezidenti Ehtiram Quliyev “Turan Tovuz” üçün öz vəsaitini xərcləyir. Belə adamlara dəstək olmaq, əziyyətini qiymətləndirmək, həvəsləndirmək lazımdı. Yaxşı ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov hadisələri düzgün qiymətləndirdi. Ümid edirəm ki, federasiyanın cavabı futbolçuların ruhdan düşməsinə mane olacaq, döyüşmək üçün özlərində güc tapacaqlar”.

Vidadi bəydən “Turan Tovuz”un avrokuboklara yollanmaq şansını necə dəyərləndirdiyini də soruşduq:

“Komanda 1994-cü ildə çempion olanda film hazırlanmışdı. Həmin filmdə bildirmişdim ki, ən böyük arzum Tovuzda avrokubok oyunlarının keçirilməsidi. Arzumun məhz bu mövsüm reallaşacağına inanıram. Stadion təmir olunur. Yəqin ki, işlər qısa müddətdə başa çatacaq”.

KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
icma.az

2Sources