ASELSAN şirkətinin Türkiyədə ilk dəfə universitet-sənaye əməkdaşlığı çərçivəsində İTÜ, ODTÜ və Hacettepe Universitetlərində həyata keçirdiyi ASELABS laboratoriyalarında gələcəyin kritik texnologiyaları formalaşdırılacaq.
ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, şirkət ASELABS-dakı tədqiqat-inkişaf fəaliyyəti ilə qlobal texnologiya səviyyəsində iddiasını daha da yüksəldəcək.
Bu münasibətlə Türkiyə Prezidentinin müavini Cevdet Yılmaz və Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün iştirakı ilə ASELSAN Gölbaşı Texnologiya Mərkəzində “Universitet – Müdafiə Sənayesi Güc Birliyi” mərasimi keçirilib.
Mərasim çərçivəsində Universitet – Sənaye Əməkdaşlığı Mükafatları təqdim olunub, 2025 ASELSAN Akademiyası Məzun Mərasimi və üç fərqli universitetdə yaradılmış altı ASELABS laboratoriyasının açılışı həyata keçirilib. ASELSAN-ın baş direktoru Ahmet Akyol mərasimdən əvvəl C.Yılmaz və H.Görgünə yüksək texnologiyalı milli alt sistemlər və mövcud layihələr haqqında məlumat verib.
Mərasimdə çıxış edən C.Yılmaz bildirib ki, ASELSAN inkişaf etdirdiyi kritik texnologiyalar və yetişdirdiyi keyfiyyətli insan resursu ilə bu ekosistemdə ən önəmli institusional oyunçulardan biri kimi seçilir: “Çatdığı miqyas, istehsal gücü və maliyyə göstəriciləri ilə ölkəmizin ən dəyərli şirkətlərindən birinə çevrilmiş, Avropada ilk 10, dünyada isə ilk 20 müdafiə sənayesi şirkəti arasında yer alaraq mövqeyini möhkəmləndirmişdir. Tə-İn-ə ayrılan vəsaitlərin artırılması, infrastruktur investisiyalarının gücləndirilməsi və uzunmüddətli, strateji planlaşdırma bu uğurun əsasını təşkil edir.
Prezidentimizin ötən ilin avqust ayında təməlini qoyduğu Oğulbəy kampusunda başlanan 1.75 milyard dollarlıq yatırım da bu vizyonun konkret göstəricisidir. Bu obyekt tamamlandıqda Avropanın ən böyük inteqrasiya olunmuş hava hücumundan müdafiə müəssisəsi olacaqdır”.
Onun sözlərinə görə, ASELSAN Akademiyası universitetlərin bilik bazasını mühəndislərin sahədəki təcrübəsi ilə eyni məkanda birləşdirən sərbəst bir quruluşdur. Akademik təhsil ilə istehsal proseslərinin iç-içə keçdiyi bu yanaşma biliklərin birbaşa texnologiyaya çevrilməsini sürətləndirir.
“Bu gün minə yaxın mühəndisin bu proqram çərçivəsində təhsil alması və yüzlərlə məzunun əldə etdiyi bilikləri konkret layihələrə çevirməsi qurulan sistemin nə qədər möhkəm zəmin üzərində dayandığını göstərir. Keçən akademik ildə məzun olan 95 dostumuzun da bu nailiyyətləri daha da irəli aparacağına qəlbən inanıram. 43 universitetdən 175 akademiklə aparılan yüzlərlə layihə bu əməkdaşlığın çatdığı səviyyəni açıq şəkildə ortaya qoyur.
2024-cü ildə Türkiyənin ilk kvant kompüterini iştirak etdiyim bir mərasimdə ictimaiyyətə təqdim etmişdik. Bu modeli ASELABS çətiri altında genişləndirərək, ODTÜ, İTÜ və Hacettepe Universitetlərimizdə yaradılan yeni laboratoriyalarla yayğınlaşdırırıq. İnanıram ki, ASELSAN bu laboratoriyalarda kommunikasiya və sensor texnologiyalarından sualtı və avtonom sistemlərə, süni intellektdən mikrodalğa materiallarına qədər bir çox sahədə ölkəmizə yeni nailiyyətlər qazandıracaq”, – deyə Cevdet Yılmaz qeyd edib.
Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün də müdafiə sənayesinin strateji düşüncə, qabaqcıl mühəndislik, davamlı tədqiqat mədəniyyəti və güclü insan resursunun birləşdiyi seçkin sahələrdən biri olduğunu vurğulayıb: “Bu sahədə davamlı uğur, universitetlərimizlə sənaye qurumlarımız arasında qurulan güclü əməkdaşlıqla daha da dərinləşir. Biz universitet-sənaye birliyini çox dəyərli bir inkişaf modeli kimi qiymətləndiririk.
Bu model akademik fəaliyyəti sahədəki ehtiyaclarla yaxınlaşdırır, mühəndislik qabiliyyətini elmi istehsalla dəstəkləyir. Strateji texnologiyalarda ölkəmizin rəqabət gücünü daha yüksək səviyyəyə qaldırmaq üçün çalışırıq. Bunun nəticəsində çox güclü bir sinerji yaranır. Belə ki, universitetlərimiz elmi dərinlik təmin edir, sənaye qurumlarımız məhsula çevirmə gücü göstərir və gənclərimiz bu ekosistemin dinamizmini daha da artırır”.
ASELSAN-ın baş direktoru Ahmet Akyol çıxış edərək, bu əməkdaşlığın əhəmiyyətindən danışıb: “Bu gün Universitet-ASELSAN əməkdaşlığı çərçivəsində üç maraqlı mövzuya şahidlik edəcəyik. Kritik texnologiyaları birlikdə inkişaf etdirdiyimiz akademiklərimizə mükafatlarını təqdim edəcəyik. Dördüncü nəsil universitet modeli olan ASELSAN Akademiyasının məzun mərasimini həyata keçirəcəyik. Eyni zamanda, ODTÜ, İTÜ və Hacettepe Universitetlərində yaratdığımız altı ASELABS laboratoriyasının açılışını da reallaşdıracağıq. Dünyada nümunəsi olmayan ASELSAN Akademiya modelində beş universitetdən müəllimlərimiz ASELSAN-a gəlir”.
Onun sözlərinə görə, ASELSAN yeni bir model olan ASELABS-ları Türkiyəyə gətirir: “Bu dəfə universitetlərimizə gedərək qurduğumuz laboratoriyalarda ASELSAN əməkdaşlarını, tədqiqatçıları, akademikləri və magistr tələbələrini bir araya gətiririk. Türkiyənin Tə-İn-ə ən çox vəsait ayıran şirkətlərindən biri olan ASELSAN, 11 Tə-İn mərkəzində fəaliyyətini davam etdirəcək. Hal-hazırda 30 milyon dollar investisiya etdiyimiz ASELABS-larda mövcud işlərimizə əlavə olaraq gələcəyin yüksək giriş baryerinə malik oyun dəyişdirici texnologiyaları üzərində çalışacağıq”.
O bildirib ki, Türkiyənin müdafiə sənayesi son 20 ildə bir-birindən önəmli layihələr həyata keçirib, mümkünsüz hesab edilən işləri bacarıb və artıq “seriyalı istehsal səfərbərliyi” adlandırıla bilinəcək yeni dövrdədir. ASELSAN 2025-ci ildə 286 min məhsulu son istifadəçilərə təqdim edib. Bu il isə 150-dən çoxu “Polad Qübbə” komponenti olmaqla 400 mindən çox məhsulu istehsal edir və mərhələli şəkildə təhvil verir. Şirkət seriyalı istehsal gücünü artırmaq üçün ciddi investisiya təşəbbüsünə başlayıb. Respublika tarixindəki ən böyük müdafiə sənayesi investisiyası olan Oğulbəy başda olmaqla, ASELSAN-ın 3 milyard dollardan çox yatırımı davam edir. Şirkət investisiya və istehsal sahəsində bu intensiv fəaliyyətlə Türkiyəni müdafiə sahəsində daha güclü səviyyəyə qaldıracaq. Bu mərasimdə PUA-ların kəskin gözü ASELFLIR 500-ün seriyalı istehsal xəttindən çıxan 150-ci nümunəsinə də yer verilib.
“ASELSAN Akademiya çərçivəsində aparılmış magistr işi, ASELFLIR 500-ün yüksək hündürlükdəki performansını yaxşılaşdırdı. ASELSAN dünən yeni bir rekorda imza atdı. Respublika tarixində ilk dəfə bir şirkətin bazar dəyəri 37 milyard dollara çatdı. Borsa İstanbulun açıq fərqlə ən dəyərli şirkəti olan ASELSAN, 2200 dollara yüksələn kiloqram başına ixrac dəyəri, KOBİ-lərə ötürdüyü illik 4 milyard dollara yaxın vəsait və hər il Türkiyənin ən yaxşı universitetlərindən məzun olan təxminən 2 min gənc üçün yaratdığı məşğulluqla iqtisadi və sosial rifahımız üçün də əsas bir aktor olmağa davam edəcək”, – deyə Ahmet Akyol vurğulayıb.
Universitet – müdafiə sənayesi əməkdaşlığının ASELSAN məhsul və sistemlərinə gətirdiyi texnoloji dərinliyin vurğulandığı mərasimdə ASELSAN-la birgə layihə həyata keçirən altı akademikə mükafatlar Cevdet Yılmaz tərəfindən təqdim edilib.
ASELSAN-ın Türkiyənin aparıcı universitetlərində yaratdığı ASELABS laboratoriyaları sayəsində akademiklər ilə ASELSAN mühəndisləri texnologiya inkişafı layihələrində birlikdə çalışa biləcəklər. Bu çərçivədə ODTÜ-də Yeni Nəsil Rabitə və Sensor Texnologiyaları Laboratoriyası, Optomexanik və Fotonik Qabaqcıl Material Texnologiyaları Laboratoriyası və MEMS İnertial Sensor Texnologiyaları Laboratoriyası, İTÜ-də RF Mikrodalğa İnnovativ Material Texnologiyaları Laboratoriyası və Sualtı, Suüstü və Avtonom Texnologiyalar Laboratoriyası, Hacettepe Universitetində isə Süni İntellekt Texnologiyaları Laboratoriyası yaradılıb.
Universitetlərdəki bakalavr, magistr və doktorant tələbələr ASELABS laboratoriyalarında gələcək nəsil texnologiyalar üzərində işləyərək qlobal səviyyədə rəqabət apara bilmək imkanı qazanacaqlar. Beləliklə, ASELSAN-ın təşəbbüsü ilə Türkiyənin qabaqcıl texnologiya sahələrində yetişmiş mühəndis və tədqiqatçı resurslarının inkişafına şərait yaradılacaq. ASELABS-lardakı tədqiqat fəaliyyətlərinin təsiri ilə müdafiə sənayesi ekosistemində və universitetlərdə davamlı bir dövrün formalaşmasına töhfə veriləcək.
Proqram çərçivəsində ASELSAN Akademiyasının 2024-2025 akademik il məzun mərasimi keçirilib. ASELSAN Akademiyası 2017-ci ildə YÖK-ün himayəsi və beş tədqiqat universitetinin (Gazi Universiteti, Gebze Texniki Universiteti, Hacettepe Universiteti, İstanbul Texniki Universiteti və ODTÜ) əməkdaşlığı ilə yaradılıb. Proqram həm ölkədə, həm də dünyada ASELSAN-ın illərdir Türkiyədə aparıcı olduğu universitet – sənaye əməkdaşlığına fərqli bir perspektiv qazandıran ilk model kimi diqqət çəkir.
ASELSAN Akademiya proqramında əməkdaşlar ASELSAN kampusundan çıxmadan beş paydaş tədqiqat universitetində magistr və doktorant təhsili ala bilirlər. Uğurla davam edən proqramda hazırda 876 magistr və 125 doktorant olmaqla, ümumilikdə 1001 əməkdaş təhsilini davam etdirir. Proqramın indiyədək 556 ASELSAN əməkdaşı məzun olaraq magistr və doktorant dərəcələrini əldə edib. 2024-2025 akademik ilində isə 86 magistr və 9 doktorant olmaqla ümumilikdə 95 ASELSAN əməkdaşı proqramdan məzun olub.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */






