EN

Neftçalada Milli Qəhrəman Samid İmanovun əziz xatirəsi anılıb - FOTOLAR

Neftçala rayonunda 2016-cı ilin Aprel ayında şəhid olan Milli Qəhrəman Samid Gülağa oğlu İmanovun 45 illik yubileyi və 10 illik anım günü qeyd olunub.

"Unikal" xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Rayon ağsaqqalları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin üzvləri Milli Qəhrəman Samid İmanovun və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarını ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə şəhid Milli Qəhrəman Samid İmanovun şəxsi əşyalarından və eksponatlardan ibarət sərgiyə baxış keçirilib, onun şərəfli ömrü və döyüş yolu ilə bağlı məlumat verilib. 

Tədbirə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycanın hərb tarixində mühüm mərhələ olmaqla yanaşı böyük Zəfərə aparan yolun başlanğıcı olub. Həmin döyüşlər zamanı Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək mühüm strateji mövqeləri azad etdi. Aprel döyüşləri zamanı Talış kəndi ətrafındakı yüksəkliklər, Lələ təpə yüksəkliyi və digər istiqamətlərdə yerləşən vacib yollar düşməndən azad olunub, bununla da Azərbaycan Ordusunun gücü və döyüş ruhu bir daha təsdiqləndi. RİH-in başçısı qeyd edib ki, bu uğurların məntiqi davamı olaraq baş verən 44 günlük Vətən Müharibəsi Azərbaycan xalqının parlaq Qələbəsi ilə başa çatdı. Bu tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu və şəhidlərimizin qanı yerdə
qalmadı.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Milli Qəhrəman Samid İmanovun anası Xuraman İmanova,  Milli Qəhrəman Samid İmanovun həyat yoldaşı Badam İmanova, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, Xüsusi Dövlət Mühafizə Xidmətinin “A” Xüsusi Təyinatlı Dəstəsinin keçmiş komandiri, ehtiyatda olan polkovniki Hikmət Ağayev, “Kür-Xəzər” Xeyriyyə İB-nin sədri Akif Kərimov, AYB-nin ədəbi işçisi, şairə Güləmail Murad, “Neftçala-Gündoğar” rayon qəzetinin redaktoru Bədirə Niftalıyeva, Vətən Müharibəsi Qəhrəmanı, Milli Qəhrəman Samid İmanovun döyüşçü yoldaşları Mərdan Musayev, Nizami Əliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü, "Tərxis olunmuş hərbiçilərin gəncləri maarifləndirmə" sədri Emin Həsənli Samid İmanovun Vətənə sonsuz sədaqəti, peşəkarlığı və yüksək mənəvi keyfiyyətləri ilə hər zaman seçilən hərbçilərdən biri olmasını, xidmət etdiyi müddətdə üzərinə düşən bütün tapşırıqları layiqincə yerinə yetirdiyini, döyüş yoldaşları arasında böyük hörmət və nüfuz qazandığı bildiriblər. Xüsusilə vurğulanıb ki, 2016-cı ilin aprel döyüşləri zamanı göstərdiyi igidlik, qətiyyət və fədakarlıq onun adını Azərbaycan hərb tarixində qəhrəmanlıq nümunəsi kimi əbədiləşdirib və gənc nəslə çatdırılması mühüm əhəmiyyət kəsb edir.

Şəhid İmanov Samid Gülağa oğlu 14 oktyabr 1981-ci ildə Neftçala rayonu Həsənabad qəsəbəsində anadan olub. 2016-cı il aprel ayının 3-dən 4-ə keçən gecə təmas xəttində başlanan döyüşlər zamanı döyüşlərdə şücaət göstərib və qəhrəmancasına şəhid olub. Aprelin 09-da Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub. 
Mayor Samid İmanov xidməti dövründə "Hərbi xidmətdə fərqlənməyə görə" II və III dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" II və III dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qələbə günü münasibəti ilə baş tutan hərbi parada qatıldığı görə" medalı və “Qızıl Ulduz” medalları ilə təltif olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19.04.2016-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Samid İmanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Tədbirin sonunda Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyi tərəfindən hazırlanan Milli Qəhrəman Samid İmanovun əziz xatirəsinə həsr olunan musiqili-bədii kompozisiya təqdim edilib.

Chosen
16
1
unikal.az

10Sources