EN

"ABŞ-İran danışıqları baş tutmaya bilər" - SƏBƏB

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün bu axşam İslamabada gedəcək. Nümayəndə heyəti İranın təqdim etdiyi 10 bəndlik plan əsasında ciddi danışıqlar aparmaq niyyətindədir.

ABŞ-İran danışıqlarından müsbət nəticə gözlənilirmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Əli Orucov bildirdi ki, Pakistanın vasitəçiliyi ilə ABŞ-İran arasında İslamabadda hansısa nəticə gözləmək hələ çox tezdir:

"Tərəflərin mətbuata verdiyi açıqlamalardan məlum olur ki, arada ciddi fikir ayrılıqları qalır və sərt ritorika hələ qalır. Belə bir gərgin atmosferdə ilk təmaslar məncə daha çox təbliğat və kəşfiyyat xarakterli olacaq. Tehran və Vaşinqton təbliğat savaşında görüşdən öz xeyirlərinə istifadəyə üstünlük verəcəklər. ABŞ-nin təklif etdiyi bəndləri Tehran, İranın irəli sürdüyü şərtləri isə Vaşinqton qəbuledilməz sayır. O zaman məntiqi sual yaranır: İslamabadda nəyi müzakirə edəcəklər? Ehtimal olunan variantlardan biri də odur ki, belə bir görüş baş tutmaya da bilər. Çünki atəşkəslə bağlı razılaşmanın pozulması ilə bağlı qarşılıqlı ittihamlar qalır. İsrail İranın müttəfiqi olan Hizbullah bəhanəsi ilə Livanda hərbi əməliyyatlarını genişləndirib ki, bu da etirazlara yol açıb. Lakin bununla belə atəşkəsin müvəqqəti elan olunması dünya iqtisadiyyatında və neft-qaz bazarında bir qədər rahatlıq yaradıb. Neftin qiyməti az da olsa əvvəlki səviyyəsindən aşağı düşüb. Ümid edək ki, fevralın 28-dən başlayan müharibədə ilk əldə olunan atəşkəs növbəti mərhələ üçün əlverişli zəmin yaradacaq. Bu müharibədən dünya ictimaiyyəti qazansın və qlobal təhlükəsizlik üçün faydalı olsun".

NURİYYƏ

Chosen
28
redaktor.az

1Sources