EN

Uzanan müharibələr fonunda Azərbaycanın sülh modeli - münaqişələr illərlə davam etməyə məhkum deyil - Sevil Mikayılova

Müasir dünyada silahlı münaqişələr artıq regional problem olmaqdan çıxaraq qlobal sabitliyi sarsıdan əsas təhlükə faktoruna çevrilib. Uzanan müharibələr, nəticəsiz sülh təşəbbüsləri, iqtisadi tənəzzül, humanitar böhranlar və siyasi qeyri-müəyyənlik beynəlxalq təhlükəsizlik sisteminin nə qədər kövrək olduğunu açıq göstərir.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Bunun ən S.Mikayılova əlavə edib ki, dünyadakı münqişələrin ən bariz nümunələrindən biri 2022-ci ildən davam edən Rusiya-Ukrayna müharibəsidir.

"İlk mərhələdə qısa müddətdə nəticələnəcəyi gözlənilən bu müharibə artıq illərdir davam edir. Minlərlə insan itkisi, dağıdılmış şəhərlər, çökən infrastruktur və Avropanın enerji təhlükəsizliyinə vurulan zərbə bu müharibənin təkcə iki ölkə arasında deyil, bütöv qitə miqyasında təsirə malik olduğunu göstərir. Nəticə isə hələ də qeyri-müəyyəndir.

Eyni qeyri-müəyyənlik Yaxın Şərqdə müşahidə olunur. İran ilə ABŞ və İsrail arasında artan hərbi gərginlik, qarşılıqlı zərbələr və diplomatik ritorika regionu genişmiqyaslı müharibə riskinə sürükləyib. Qısa müddətdə səngiyəcəyi düşünülən qarşıdurma uzandıqca dünya bazarlarında enerji qiymətləri yüksəlir, logistika zəncirləri pozulur, geosiyasi bloklaşma dərinləşir. Sülh təşəbbüslərinin isə hələ real nəticə verəcəyi bəlli deyil".

Deputat əlavə edib ki, belə bir qlobal fon qarşısında Cənubi Qafqazda baş verən hadisələr fərqli bir presedent kimi diqqət çəkir.

"2020-ci ildə baş vermiş Vətən müharibəsi cəmi 44 gün ərzində nəticələndi və uzun illər davam edən işğal faktına son qoyuldu. Bu, müasir dövrdə nadir rast gəlinən "mütləq hərbi-siyasi nəticə" nümunəsi kimi qiymətləndirilməlidir.

Bu qələbəni şərtləndirən amillər çoxşaxəlidir. İlk növbədə, Azərbaycan əsgərinin peşəkarlığı, döyüş ruhu, texnoloji üstünlük və düzgün hərbi planlama həlledici rol oynadı. Paralel olaraq diplomatik müstəvidə illərlə aparılan balanslı və praqmatik xarici siyasət müharibə dövründə Azərbaycanın manevr imkanlarını genişləndirdi və beynəlxalq mühitdə təcrid olunmasının qarşısını aldı.

Proses 2023-cü ildə keçirilən Qarabağ antiterror əməliyyatı ilə tam məntiqi sonluğa çatdı. Qısa müddətdə, minimal itkilərlə ölkənin suverenliyi bütün ərazilərdə bərpa olundu. Bu mərhələ göstərdi ki, hərbi qələbə yalnız döyüş meydanında deyil, uzunmüddətli siyasi strategiyanın nəticəsi kimi formalaşır.

Bu strategiyanın mərkəzində isə Prezident İlham Əliyevin liderliyi dayanır. Qətiyyətli siyasi iradə, prinsipial mövqe, beynəlxalq hüquqa əsaslanan arqumentasiya və illər boyu aparılan sistemli hazırlıq nəticə etibarilə Azərbaycanın mütləq qələbəsini zəruri və qaçılmaz etdi".

S.Mikayılova son olaraq vurğulayıb ki, dünyanın müxtəlif bölgələrində uzanan, nəticəsiz və dağıdıcı müharibələr fonunda Azərbaycan modeli göstərir ki, düzgün siyasi kurs, milli birlik, güclü ordu və dəqiq strateji hədəflər olduqda münaqişələr illərlə davam etməyə məhkum deyil. Bu, təkcə hərbi qələbə deyil, dövlət idarəçiliyi, diplomatiya və milli iradənin sintezindən doğan geosiyasi nəticədir.

Chosen
7
3
day.az

4Sources