EN

Güllərin “yumşaq gücü”: lalələr və orkide diplomatik alət kimi istifadə olunur » AzadMedia.az

Güllərin

Hər il Pasxa ərəfəsində Vatikan möhtəşəm gül kompozisiyaları ilə bəzədilir, Ağ Ev bağlarındakı lalələr isə birbaşa Niderlanddan gətirilir. Lakin bu güllər yalnız dekorativ məqsəd daşımır — bir çox ölkələrdə onlar diplomatik münasibətlərdə incə alət kimi istifadə olunur.

“El País” nəşrinin yazdığına görə, güllərin siyasətdə istifadəsi qədim dövrlərə gedib çıxır. Qədim Misirdə lotus çiçəkləri məbədləri bəzəyir, Yunanıstan və Romada isə zeytun budaqları və güllər sülh və ilahi himayənin simvolu sayılırdı. Müasir dövrdə də onların emosional təsiri qalır: düzgün seçilmiş gül kompozisiyası gərginliyi azalda, tədbirin rəsmi əhəmiyyətini artıra və ölkənin “yumşaq güc”ünün bir hissəsinə çevrilə bilər.
ABŞ-da Cənubi Kaliforniya Universitetinin diplomatiya üzrə eksperti Nikolas Kall bildirib ki, siyasi sammitləri gülsüz təsəvvür etmək mümkün deyil. Onun sözlərinə görə, güllərin təbii və qısaömürlü olması onlara xüsusi dəyər verir və etimad yaradır.

Bununla belə, gül seçimi həssas məsələdir. 1990-cı illərdə Şimali İrlandiyada keçirilən sülh danışıqları zamanı zanbaqların katolik respublikaçılar, qızılgüllərin isə protestantlarla əlaqələndirilməsi səbəbindən seçim diqqətlə aparılırdı. Yanlış seçim gərginliyə səbəb ola bilərdi. Əvəzində, bəzi simvollar — məsələn, Belçika və Fransada Birinci Dünya müharibəsini xatırladan xaşxaş çiçəkləri — neytral və hörmətlə qarşılanır.

Lalə rəsmi olaraq Niderlandın milli gülü olmasa da, ölkə ilə sıx əlaqələndirilir. Kral “Anthos” assosiasiyasının rəhbəri Mark-Yan Tervindt qeyd edib ki, lalə baharın və ümidin simvoludur. 2026-cı ilin martında Niderland ABŞ-a Müstəqillik Bəyannaməsinin 250 illiyi münasibətilə 150 min lalə soğanı hədiyyə edib.

Digər ölkələr də çiçəklərdən diplomatik jest kimi istifadə edir. Lixtenşteynda rəsmi qonaqlara edelveys buketləri təqdim olunur. Sinqapurun Milli Orkide Bağında isə dünya liderlərinin adını daşıyan orkidelər yetişdirilir.

Tarixdə lalələr həm də iqtisadi hadisə ilə yadda qalıb. XVII əsrdə Amsterdamda “Lalə çılğınlığı” adlanan ilk maliyyə köpüyü yaranmış, bəzi lalə soğanlarının qiyməti ev dəyərinə çatmışdı.

Qeyd edək ki, 2023-cü ildə papatya Niderlandın rəsmi milli çiçəyi elan edilsə də, lalə hələ də ölkənin əsas simvollarından biri olaraq qalır və diplomatik əhəmiyyətini qoruyur.

Chosen
25
1
azadmedia.az

2Sources