EN

"Qarabağ" "Sabah"la niyə bacarmır? - Bütün gizlinlər AŞKAR OLDU

"Qarabağ" ölkə kubokunda da "Sabah"ı məğlub edə bilmədi.

Yarımfinal mərhələsinin ilk oyunu 2:2 hesablı bərabərliklə başa çatdı.

Artıq mövsümdə üçüncü oyundu Ağdam klubu "bayquşlar"la bacarmır. Əvvəlki oyunlardan biri bərabərliklə (3:3), digəri "Sabah"ın qələbəsi ilə (2:1) başa çatıb.

"Köhlən atlar"ın düşdüyü durumu hərə bir cür şərh edir.

Yaranmış vəziyyəti legioner limitinin ləğvinə bağlayanlar var. Ki, əvvəlki illərdə "Qarabağ" yaxşı yerlilərin hesabına üstünlük əldə edin, rəqibinə qalib gəlirdi. Amma bu gün elə bir üstünlüyü yoxdur.

Və ya Valdas Dambrauskas amilini qabardanlar da az deyil.

Təbii ki, hər iki faktın burada rolu müəyyən qədər ola bilər. Lakin tamamilə yaranmış situasiyanı yuxarıdakı iki detala bağlamaq doğru deyil.

Niyəsini faktlarla izah edək.

"Qarabağ" yalnız bu mövsüm "Sabah"a qarşı çətinlik çəkmir.

Uğursuz tendensiya son 3 mövsümü əhatə edir.

Tərəflər arasındakı son 10 görüşdə "Qarabağ"ın yalnız bir qələbəsi var.

Əgər bugünkü nəticələr limitin ləğvinə görədirsə, bəs əvvəlki iki mövsümün payına düşən 7 görüşdə niyə "Sabah"la oyunlar çətin keçib?

Deməli, heç də məsələ limit deyil.

Bəs Dambrauskas?

Bəli, litvalı ölkəmizə gəlmiş bacarıqlı məşqçilər sırasındadır.

İşinə söz ola bilməz.

Oynatdığı futbol, ortaya qoyduğu yanaşma, əldə etdiyi nəticələr bunu əyani sübut edir.

Lakin "Qarabağ"ın başına gələnlər konkret onunla da bağlı hesab oluna bilməz.

Qurban Qurbanov Dambrauskasa qədər İqor Ponomaryov, Krunoslav Renduliç və Vasili Berezutskinin də çalışdırdığı "Sabah"la qarşıdurmalarda uğurlu ola bilməyib.

Murad Musayevin gedişindən sonra Masazır klubunu müvəqqəti olaraq Ponomaryov çalışdırıb. Və qısa müddətdə "Qarabağ" önünə çıxdığı 2 görüşdə məğlub olmayıb - 3:3, 4:3.

Komandanın başına keçən Krunoslav Renduliç də "Qarabağ"la ilk qarşıdurmasında 3 xala sevinib - 3:2.

Ağdam klubunun son 10 görüşdəki yeganə qələbəsi isə məhz Renduliçli dövrə təsadüf edir - 3:2.

Xorvatiyalı mütəxəssisi əvəzləyən Vasili Berezutski ilə duellər də Qurbanov üçün daha ağır keçib.

4 dəfə "Sabah"ı "Qarabağ"la görüşə çıxara rusiyalı mütəxəssis məğlubiyyət yaşamayıb.

3 dəfə 1:1 hesablı bərabərlik qeydə alınıb.

Ölkə kubokunun finalında isə "Qarabağ"ı məğlub edərək (3:2) "Sabah"a tarixində ilk titulu qazandırıb.

Legioner limitinin ləğvini çox qabardanlara xatırladım ki, həmin finalda "Sabah" meydana 5 azərbaycanlı oyunçu ilə çıxmışdı.

Qısası, "Sabah"ın "Qarabağ"a tərs rəqib olması nə Dambrauskasın dönəminə təsadüf edir, nə də Vasili Berezutski və ya Krunoslav Renduliçin.

Tarixi İqor Ponomaryovun dövründən başlayır.

İşin içində məşqçilər və limitin ləğvindən daha çox bir tərslik var.

Bu isə həm Azərbaycanda, həm də Avropa futbolunda tez-tez rast gəlinən futbol hadisəsidir.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
29
sportinfo.az

1Sources