EN

AMEA nın rəhbəri: Birinci Türkoloji Qurultay türk xalqları arasında əlaqələrin inkişafında mühüm rol oynayıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 8 aprel, AZƏRTAC

Aprelin 8-də Bakı Slavyan Universitetində (BSU) I Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə BSU-nun rektoru Anar Nağıyev Türk dünyası ölkələri arasında elmi və akademik əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Rektor qeyd edib ki, konfrans Türk dünyasının müxtəlif ölkələrindən olan alim və tədqiqatçıları bir araya gətirərək, türkologiya sahəsində yeni yanaşmaların, elmi istiqamətlərin və əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın türk xalqları arasında elmi və mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, bu platforma ortaq dil və tarix baxımından xüsusi əhəmiyyət daşıyır. Akademik bildirib ki, latın əlifbasına keçid mədəni inteqrasiyanı gücləndirərək qarşılıqlı ünsiyyət, eləcə də əməkdaşlıq imkanlarını daha da genişləndirir.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru Cəfər Cəfərov Birinci Türkoloji Qurultayın türk xalqlarının birliyində mühüm rol oynadığını qeyd edib. Rektor bu qurultayı “birliyimizin elmi pasportu” adlandıraraq, ortaq elmi və mədəni dəyərlərin önəmini vurğulayıb.

Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi və mədəni birliyində mühüm rol oynadığını qeyd edib. O, inteqrasiya məsələsinə diqqət çəkərək bu prosesin ortaq inkişaf baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra Filologiya elmləri doktoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Namanqan Dövlət Universitetinin rektoru Abduqaffar Qırğızbayev, Milli Məclisin deputataı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu və yazıçı-jurnalist Aysel Sadak İltaş çıxış ediblər. Çıxışçılar Birinci Türkoloji Qurultayın əhəmiyyətindən bəhs edərək belə konfransların sadəcə elmi müzakirə platforması deyil, həm də xalqın tarixi yaddaşı ilə birbaşa bağlı olan dəyərlər olduğunu diqqətə çatdırıblar. Qeyd ediblər ki, konfransın mövzusu bu gün dünyada baş verən qlobal hadisələr, mühüm geosiyasi proseslər fonunda xüsusi aktuallıq kəsb edir. Çıxışlarda türkologiyanın türk xalqlarının dilini, tarixini, dinini, ədəbiyyatını, mədəniyyətini, coğrafiyasını və mənəvi irsini bir araya gətirən mühüm elmi körpü rolunu oynadığı vurğulanıb.

Konfrans bədii proqramla davam edib.

Müxbir - Aysel Azadqızı

Fotoqraf - Tofiq Babayev

Videooperator - İlham Nadirov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
azertag.az

1Sources