Ermənistanda dövlət borcunun ÜDM-ə nisbətinin azaldığı barədə rəsmi açıqlamalara baxmayaraq, onun xidmət xərcləri büdcə üçün daha ağır yükə çevrilib. Yerli iqtisadçı Mesrop Arakelyan dövlət borcunun real təsiri ilə bağlı Paşinyan hökumətinin mövqeyini tənqid edib. Arakelyan bildirib ki, dövlət borcunun ÜDM-ə nisbətinin azalması formal göstəricidir və daha vacib məsələ onun xidmət dəyəridir. Onun sözlərinə görə, son illərdə büdcədən yalnız borcun faiz ödənişlərinə ayrılan vəsaitin payı əhəmiyyətli dərəcədə artıb. Əgər 2017-ci ildə bu məqsədlə büdcə gəlirlərinin təxminən 8,1 faizi xərclənirdisə, 2025-ci ildə bu göstərici 10,6 faizə yüksəlib. İqtisadçı hesab edir ki, 2,5 faiz bəndi artım dövlət resurslarının daha böyük hissəsinin kreditorlara yönəlməsi deməkdir və bu, sosial və infrastruktur layihələrinə ayrılan vəsaiti məhdudlaşdırır.
Ermənistanın sabiq baş naziri Hrant Baqratyan bununla bağlı bildirib ki, ölkənin ÜDM artımı 2017-2025-ci illərdə (8 il ərzində) vəd edilən orta illik 7 faiz olmaq əvəzinə 5,4 faiz təşkil edib, 2,5 dəfə artım yoxdur : “Qeyd edək ki, 2010-2017-ci illərdə (yenə 8 il) ÜDM artımı 37 faiz, 2001-2008-ci illərdə isə (yenə 8 il) 126,6 faiz olub. İndi dollar ifadəsində artıma gələk. 2025-ci ildə 2017-ci illə müqayisədə dollar 68 faiz ucuzlaşıb (o cümlədən dolların dram qarşısında 25 faiz dəyər itirməsi). Əgər nazir bu qədər biliyə sahib olsaydı və 29,5 milyarddan 68 faizi çıxarsaydı, onda yuxarıda qeyd etdiyim eyni, 52,7 faizlik ÜDM artımını alardı. Öncədən deyək ki, oyunlar və əyləncələr hesabına əldə edilən qabaqlayıcı “inkişaf” şəraitində bu artımların hamısını bu hakimiyyətin rəsmi statistikasından götürmüşük”.
Baqratyan bildirib ki, adambaşına düşən ÜDM 2017-ci ildə həqiqətən də 3 869 dollar olub (Dünya Bankının məlumatlarıdır). “2025-ci ildə müqayisəli qiymətlərlə bu göstərici 5 620 dollar təşkil edib və 8 il ərzində cəmi 1,45 dəfə artıb. Nəzərə almaq lazımdır ki, bu müddətdə cənab Papoyanın hökumətinin “fədakar” fəaliyyəti nəticəsində Qarabağ itirilib. 9 474 dollar göstəricisi cari rəqəmdir və dolların dəyər itirməsini də özündə ehtiva edir. Qısaca desək, nazirin müqayisəsi savadsızdır və ucuz manipulyasiyadır. Qeyd edək ki, əsasən oyunlar və əyləncələr hesabına əldə edilən iqtisadi artımın əhalinin həyat səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Doğrudan da, mənim düzəltdiyim rəqəmləri artım kimi qəbul etsək belə, yenə də əhalinin həyat səviyyəsində cüzi artım var (pensiyaçılar və kəndlilər daha pis yaşayır, büdcə sektorunda cüzi yaxşılaşma, iqtisadiyyatın özəl sektorunda isə nəzərəçarpan yaxşılaşma mövcuddur). Burada da qeyd etməliyik ki, bu yaxşılaşma əsasən “Vətəndaş Müqaviləsi” Partiyasının elitasına aiddir”, - deyə o vurğulayıb. Ermənistanın sabiq baş naziri deyib ki, Statistika Komitəsi müqayisəli qiymətlərlə ixrac həcmlərinin uçotunu aparmır ki, ixracın real artımı barədə nəticə çıxaraq. Nazirin 4,5 milyardı necə hesabladığına cavab verə bilmərəm.
Xatırladaq ki, Ermənistanın hazırda 14 milyard dollardan çox dövlət borcu var. 2018-ci ildən etibarən, Nikol Paşinyanın baş nazir vəzifəsini tutduğu dövrdən bəri dövlət borcu təxminən iki dəfə artıb. Bu barədə Ermənistanın “Hetq” nəşri “Ermənistanın dövlət borcu: Rəqəmlər, faktlar, artan faiz ödənişləri” başlıqlı məqaləsində yazıb. Nəşr qeyd edib ki, dövlət borcu hakimiyyət və müxalifət arasında daimi müzakirə mövzularından biridir. Dövlət büdcəsinin xərcləri gəlirlərdən, yəni vətəndaşlardan və bizneslərdən toplanan vergilərdən çox olduğu üçün dövlət cari xərcləri tam qarşılamaq məqsədilə borc götürür. Beləliklə, illər ərzində Ermənistanın dövlət borcu formalaşıb və artıb. Borcdakı artım təkcə mövcud hakimiyyət dövründə deyil, əvvəlki illərdə də müşahidə olunub. İqtisadi şoklar zamanı ölkə daha çox borca güvənib. Bu, xüsusilə 2020-ci ildə pandemiya və Qarabağ müharibəsi fonunda iqtisadiyyatın zəiflədiyi, büdcə gəlirlərinin azaldığı dövrdə özünü göstərib.
Baş nazir Nikol Paşinyan 2025-ci il noyabrın 13-də parlamentdə çıxışı zamanı bildirib: “Demək istəmirdik, amma deyək, silah almışıq. Silah almışıq və bunu borc hesabına etmişik, çünki buna ciddi ehtiyac var idi və dərhal lazım idi”. Onun sözlərinə görə, borcun artmasına 2020-ci il pandemiyası da təsir edib: “Bilirsiniz ki, COVID olub. Müharibə dövründə ölkənin pandemiyanın öhdəsindən gəlməsi üçün kredit götürmüşük”, - deyə müəllif vurğulayıb.
Nəşr bildirib ki, borc yalnız müharibə və pandemiya dövründə deyil, sonrakı illərdə də artmağa davam edib. Hətta 2022-ci ildən sonra, Ermənistanın Qərb ilə Rusiya arasında ticarətdə tranzit ölkəyə çevrildiyi və yüksək iqtisadi artım qeydə aldığı dövrdə də borc artıb. Bu ilin yanvar ayının sonuna olan məlumata görə, ümumi borcun təxminən yarısı, 7,2 milyard dolları xarici borcdur. Bunun 6,7 milyard dolları hökumətin, qalan hissəsi isə Mərkəzi Bankın borcudur. Xarici borcun böyük hissəsi beynəlxalq təşkilatlardan və müxtəlif ölkələrdən, Dünya Bankı, Asiya İnkişaf Bankı, Fransa, Rusiya və digərlərindən alınan kreditlərdən ibarətdir.
Sevinc Azadi, “İki sahil”