EN

Türk dövlətləri arasında əməkdaşlıq turizm sektorunda yeni inkişaf mərhələsinin əsasını qoyur - ŞƏRH

Bakı, 8 aprel, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında son illərdə müşahidə olunan çoxşaxəli əməkdaşlıq dinamikası turizm sektorunda da yeni inkişaf mərhələsinin əsasını qoyur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli turizm üzrə ekspert Adnan Zamburkan bildirib.

Onun sözlərinə görə, Türk dünyasını birləşdirən ortaq tarix, mədəniyyət və dil faktoru bu ölkələrin vahid turizm məkanı kimi çıxış etməsi üçün unikal imkanlar yaradır.

“Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi ölkələrin hər biri fərqli turizm üstünlüklərinə malikdir və bu müxtəliflik sinerji effekti yaradır. Azərbaycanın müasir şəhər infrastrukturu ilə yanaşı zəngin tarixi irsi, Türkiyənin inkişaf etmiş turizm sənayesi və geniş xidmət şəbəkəsi, Qazaxıstanın geniş çölləri və təbii landşaftları, Özbəkistanın qədim İpək Yolu şəhərləri, Qırğızıstanın isə dağ turizmi potensialı birləşdirilərək kompleks turizm məhsuluna çevrilə bilər. Bu ölkələr arasında ortaq turizm marşrutlarının yaradılması xüsusi əhəmiyyət kəsb edir. “Bir marşrut – çox ölkə” konsepsiyası çərçivəsində hazırlanacaq paketlər turistlərə qısa müddət ərzində bir neçə ölkəni ziyarət etmək imkanı verəcək. Bu yanaşma xüsusilə uzaq bazarlardan – Avropa, Asiya və Amerika qitəsindən gələn turistlər üçün cəlbedici olacaq və regionun qlobal turizm xəritəsində çəkisini artıracaq”, - deyə Adnan Zamburkan vurğulayıb.

Ekspertin fikrincə, nəqliyyat və logistika sahəsində həyata keçirilən iri layihələr turizm əlaqələrinin inkişafına birbaşa təsir göstərir. Orta Dəhliz boyunca formalaşan müasir infrastruktur, yeni hava marşrutlarının açılması, dəmir yolu xətlərinin genişləndirilməsi turistlərin daha rahat və sürətli hərəkətini təmin edir. Bu isə yalnız turist axınının artmasına deyil, həm də region daxilində turizm xidmətlərinin keyfiyyətinin yüksəlməsinə səbəb olur.

Adnan Zamburkan əlavə edib ki, turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün investisiya mühitinin yaxşılaşdırılması da vacib şərtlərdəndir. Qarşılıqlı investisiyaların təşviqi, mehmanxana və kurort infrastrukturlarının inkişafı, xidmət sektorunda beynəlxalq standartların tətbiqi regionun rəqabət qabiliyyətini artıracaq. Bu baxımdan dövlət və özəl sektor əməkdaşlığının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır: “Mədəni-humanitar tədbirlər turizm əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Türk dünyasına məxsus festivallar, beynəlxalq sərgilər, idman yarışları və mədəniyyət günlərinin birgə təşkili turistlərin marağını artırmaqla yanaşı, ölkələr arasında mədəni inteqrasiyanı daha da gücləndirir.

Bundan əlavə, ekspert dayanıqlı turizm prinsiplərinin tətbiqinin vacibliyini vurğulayıb. Ekoloji cəhətdən təmiz turizm layihələrinin həyata keçirilməsi, milli parkların və təbii irsin qorunması, yerli icmaların turizm fəaliyyətinə cəlb olunması uzunmüddətli inkişaf üçün əsas şərtlərdən hesab olunur. TDT-yə üzv ölkələr arasında inkişaf edən əməkdaşlıq turizm sektorunda geniş perspektivlər açır. Mövcud potensialın düzgün istiqamətləndirilməsi və koordinasiyalı fəaliyyət nəticəsində türk dünyası yaxın illərdə vahid, güclü və rəqabətqabiliyyətli turizm məkanı kimi beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirə bilər”.

Müxbir-Vüqar Qurbanoğlu

Chosen
18
1
azertag.az

2Sources