"Gürcüstan-Azərbaycan əlaqələri həmişə öz məzmunu və perspektivləri baxımından əhəmiyyətli olub. Bu münasibətlər təkcə iki ölkənin maraqlarına xidmət etməyib, eyni zamanda bütün regionun, hətta qitənin maraqlarına uyğun şəkildə inkişaf edərək mühüm nəticələr ortaya qoyub".
Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan əməkdaşlığı bu səviyyədə olmasaydı, bu gün Avrasiyanın enerji mənzərəsini dəyişən bir sıra iri layihələrin həyata keçirilməsi mümkün olmazdı. Eyni zamanda Azərbaycan Avropa, Çin və Mərkəzi Asiya arasında logistika və enerji nəqli mərkəzi rolunu oynaya bilməzdi.
Bu baxımdan Azərbaycan-Gürcüstan əlaqələri həmişə önəmli olub və bundan sonra da öz strateji əhəmiyyətini qoruyub saxlayacaq: "Prezidentin Gürcüstana səfəri, aparılan danışıqlar və ortaya qoyulan mövqelər bu münasibətlərin gələcəkdə daha geniş potensiala malik olduğunu bir daha nümayiş etdirdi.
Ermənistanla münasibətlərin normallaşması fonunda bəzi dairələr düşünürdü ki, Azərbaycan-Ermənistan sülh prosesi Gürcüstanla əlaqələrə mənfi təsir göstərə bilər. Gürcüstanda da müəyyən narahatlıqlar var idi ki, bu proses ölkənin tranzit, nəqliyyat və enerji mərkəzi kimi rolunu zəiflədə bilər.
Lakin son proseslər göstərdi ki, əksinə, Gürcüstanın rolu zəifləməyib, daha da güclənmək potensialına malikdir. Xüsusilə Çin, Mərkəzi Asiya və Avropa arasında əlaqələrdə Azərbaycan və Gürcüstanın birgə rolu daha da artır.
Bir daha sübut olundu ki, Azərbaycan-Ermənistan sülhü Gürcüstanın əhəmiyyətini azaltmır, əksinə, yeni imkanlar yaradır. Həm müharibədən sonra ilk ticarət addımlarında, həm də gələcək iqtisadi əməkdaşlıqda Gürcüstan mühüm tranzit məntəqə kimi çıxış edir.
Bundan sonra da Azərbaycan-Ermənistan sülhü Gürcüstanın Orta Dəhlizdə rolunun daha da artmasına səbəb olacaq. Bu baxımdan həm Gürcüstanda, həm də Azərbaycanda müəyyən dairələrin narahatlığı üçün ciddi əsas yoxdur.
Əksinə, ortada Azərbaycan, Gürcüstan və Ermənistanın maraqlarına uyğun, böyük potensiala malik Orta Dəhlizin genişlənməsi kimi strateji layihə mövcuddur. Bu layihənin inkişafı hər üç ölkənin maraqlarına xidmət edir.
Əsas məsələ isə odur ki, Azərbaycan, Ermənistan və Gürcüstan bir-birini düzgün anlasın və əməkdaşlıq imkanlarını maksimum dərəcədə dəyərləndirsin".