EN

Bakı silah ı zərərsizləşdirdi: Moskvadan Paşinyanla bağlı yeni addım

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İyun ayında Ermənistanda keçirilməsi planlanan parlament seçkiləri öncəsi baş nazir Nikol Paşinyana qarşı təzyiqlər artmaqdadır.

Ekspertlər onun gərgin keçən Moskva səfərindən sonra seçkiyə təsir edəcək addımlar atmağa başladığını, xüsusilə xaricdə yaşayan ermənilərin seçkidə iştirakına problemlər yarada biləcəyini vurğulayır.

Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, Qərb və Rusiya hazırkı mərhələdə maraqlarının toqquşduğu, həmçinin müdaxilə imkanlarının mövcud olduğu hər bir regiondan maksimum şəkildə istifadə etməyə çalışırlar:

“Bu baxımdan, Rusiya 2018-ci ildə Qərbin dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyanın fəaliyyəti müddətində itirilmiş imkanları yenidən dəyərləndirmək niyyətindədir. Bunun üçün ən əlverişli şərait kimi Ermənistanda gözlənilən parlament seçkiləri ön plana çıxır. Paşinyanın Moskvaya səfəri zamanı Prezident Vladimir Putin açıq şəkildə Ermənistandakı Rusiya yönümlü siyasətçilərə dəstəyini ifadə etdi. Paşinyan öz növbəsində mövqeyini ortaya qoysa da, daha çox münasibətləri gərginləşdirməməyə fokuslandı.

Aydındır ki, Rusiya Cənubi Qafqazda təsir rıçaqlarını zəiflətmək niyyətində deyil. Bu səbəbdən də ənənəvi təzyiq vasitələrindən biri olan qaz amilindən istifadə etməklə Ermənistana aydın mesaj verdi. Azərbaycanın yaratdığı yeni reallıqlar göstərir ki, Rusiya artıq Qarabağ kartı vasitəsilə regionu əvvəlki kimi idarə edə bilmir. Qarabağ məsələsi təkcə Bakı və İrəvan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və daha geniş regional kontekst üçün yeni reallıqlar formalaşdırıb.

Nikol Paşinyan və komandası tərəfindən verilən bəyanatlar onların Azərbaycanla münasibətləri gərginləşdirməmək xəttini seçməsinə əsaslanır. Bu kontekstdə Ermənistan parlamentinin sədri Alen Simonyanın hər iki ölkəni bir-birinin təhlükəsizliyinin təminatçısı kimi gördüyün deməsi diqqət çəkir. Proseslər daxili siyasətə də təsirsiz ötüşmür. Prezident İlham Əliyevin Gürcüstana səfəri, daxili siyasətdə baş verən dəyişikliklər və atılan addımlar Azərbaycanın regional proseslərdə aktiv mövqe tutduğunu göstərir.

Təbii ki, Ermənistanda keçmiş prezident Robert Köçəryan və revanşist qüvvələrin hakimiyyətə gəlməsi arzuolunan deyil. İrəvanın Bakı ilə imzaladığı sənədlər konkret hakimiyyətə deyil, Ermənistan dövlətinə aiddir. Bununla belə, revanşist ritorikanın yenidən gücləndirilməsi müsbət nəticələr vəd etmir. Mövcud vəziyyətdə Paşinyanın komandasının seçkilərdə qalib gəlməsi daha real görünür. Rusiya prosesə müəyyən təsir göstərməyə çalışsa da, görünür, Ermənistan cəmiyyəti seçimində Paşinyana üstünlük verəcək.”

Şəbnəm Həsənova

Ekspertin sözlərinə görə, Azərbaycan istənilən ssenariyə hazır olmalıdır:

“Bu yanaşma Prezident İlham Əliyev tərəfindən dəfələrlə vurğulanıb. Məhz bu səbəbdən Azərbaycanın hərbi büdcəsində artım oldu. Ermənistan da öz növbəsində hərbi potensialını yenidən nəzərdən keçirir. Bu prosesləri yalnız Ermənistan–Azərbaycan münasibətləri çərçivəsində deyil, daha geniş regional kontekstdə qiymətləndirmək lazımdır. Çünki geosiyasi dinamika sürətlə dəyişir və kifayət qədər həssasdır.

Müharibə ssenarisinin özü ilə yanaşı, onun ehtimalı belə Ermənistan üçün ciddi risklər yaradır. 44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları zamanı tərəflər arasında mövcud fərq açıq şəkildə görünmüşdü.

Azərbaycan yalnız Ermənistanla münasibətlər baxımından deyil, ümumilikdə regional və qlobal proseslər kontekstində də istənilən ssenariyə hazırdır. Bununla belə, ölkənin siyasəti və ritorikası müharibə deyil, sülh üzərində qurulub. Mövcud Ermənistan hakimiyyətinin bəyanatları da bu istiqamətdədir. Həmçinin güclü olmaq və müdafiə qabiliyyətini qorumaq strateji prioritet olaraq qalır.

Paşinyanın bu yanaşması həm regional aktorlarla balans yaratmaq, həm də daxili ictimai rəyi nəzərə almaq məqsədi daşıyır. Ümumiyyətlə, heç bir cəmiyyət müharibə istəmir. Azərbaycanın yaratdığı reallıqlar Ermənistan cəmiyyətində xüsusilə müharibə ehtimalına qarşı ciddi həssaslıq formalaşdırıb. Bu baxımdan, Paşinyan həm daxili, həm də xarici auditoriyada sülh və quruculuq gündəmini önə çıxarmağa çalışır”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
globalinfo.az

1Sources