EN

Səfərinin siyasi və iqtisadi əhəmiyyəti ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi yadda qaldı. Bu səfər təkcə iki qonşu dövlət arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından deyil, eyni zamanda bütövlükdə Cənubi Qafqazda yeni əməkdaşlıq formatlarının formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan və Gürcüstan tarixən dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri ilə seçilib. Prezident İlham Əliyevin səfəri zamanı verdiyi bəyanatlar bir daha göstərdi ki, bu münasibətlər təkcə siyasi dialoqla məhdudlaşmır, həm də iqtisadi, enerji və nəqliyyat sahələrində dərin inteqrasiyaya əsaslanır. Dövlət başçısının vurğuladığı kimi, “biz iqtisadi sahədə böyük uğurlar əldə etmişik” fikri təsadüfi deyil. Bu uğurların əsasında qarşılıqlı etimad, uzunmüddətli əməkdaşlıq və ortaq maraqlar dayanır.

Səfər çərçivəsində keçirilən görüşlər zamanı Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək göstərməsi xüsusi qeyd olundu. Bu, hər iki ölkənin müstəqil və balanslaşdırılmış xarici siyasət kursunun mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin “biz bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birimizi dəstəkləyirik” fikri iki dövlət arasında siyasi həmrəyliyin bariz nümunəsidir.

Səfərin mühüm məqamlarından biri də regionda yaranmaqda olan yeni reallıqların qiymətləndirilməsi oldu. Prezident İlham Əliyev “bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır” deyərək diqqəti dəyişən geosiyasi konfiqurasiyaya yönəltdi. Bu yeni vəziyyət əməkdaşlıq üçün daha geniş imkanlar açmaqla yanaşı, regional sabitliyin möhkəmlənməsi üçün də mühüm zəmin yaradır.

Enerji təhlükəsizliyi sahəsində Azərbaycan-Gürcüstan tərəfdaşlığı artıq qlobal miqyasda tanınan modelə çevrilib. Xəzər hövzəsindən Avropaya uzanan enerji dəhlizlərinin həyata keçirilməsində hər iki ölkənin rolu əvəzsizdir. Bu əməkdaşlıq yalnız iqtisadi dividendlər gətirmir, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına da mühüm töhfə verir.

Nəqliyyat və logistika sahəsində də tərəflər arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Orta Dəhliz kimi mühüm təşəbbüslər Azərbaycan və Gürcüstanı Avrasiya məkanında strateji tranzit mərkəzlərinə çevirir. Bu isə regionun iqtisadi potensialının daha da artmasına səbəb olur.

Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı səsləndirdiyi “yenidən qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir” fikri isə münasibətlərin yalnız rəsmi çərçivələrlə məhdudlaşmadığını, eyni zamanda dərin mənəvi və tarixi bağlara söykəndiyini göstərir.

2026-cı il aprelin 6-da baş tutan bu səfər Azərbaycan-Gürcüstan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu münasibətlər regionda sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunmasında mühüm rol oynamaqda davam edəcək. Mövcud əməkdaşlıq modeli isə Cənubi Qafqazın gələcək inkişafı üçün etibarlı təməl kimi çıxış edir.

Anar Tağızadə

YAP Samux rayon təşkilatının əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
sesqazeti.az

1Sources