EN

Azərbaycan və Gürcüstan arasında münasibətlər daha da möhkəmlənir - ŞƏRH

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan–Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıq davamlı şəkildə inkişaf edir. Bu əməkdaşlıq, xüsusilə enerji, logistika, iqtisadiyyat, ticarət və turizm sahələrində özünü daha qabarıq göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

O bildirib ki, Azərbaycanla Gürcüstan arasında nəqliyyat, logistika və enerji sahələrində həyata keçirilən əməkdaşlıq nəticəsində irihəcmli layihələr reallaşdırılıb. Bu layihələr üçtərəfli əməkdaşlığı daha da gücləndirməklə yanaşı, region çərçivəsini aşaraq digər ölkələr üçün də fayda yaradır. Bu əməkdaşlıq, həmçinin qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Enerji və nəqliyyat layihələri vasitəsilə region beynəlxalq əhəmiyyət kəsb edən strateji məkana çevrilir.

“Proqnozlara görə, yaxın illər ərzində bu əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir. Eyni zamanda, investisiya mühiti də Azərbaycan və Gürcüstan arasında qarşılıqlı şəkildə daha da cəlbedici olur. Azərbaycan indiyədək Gürcüstan iqtisadiyyatına təxminən 3,7 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.

Bununla yanaşı, hər iki ölkənin üçüncü dövlətlərdə birgə investisiya layihələri həyata keçirməsi də gündəmdə olan məsələlərdəndir. Bu isə əməkdaşlığın coğrafiyasını genişləndirən mühüm amillərdən biri kimi çıxış edir”,- deyə N.Həsənov deyib.

Deputatın sözlərinə görə, ən vacib məqamlardan biri regionda formalaşan yeni reallıqlar fonunda Azərbaycan və Gürcüstan arasında etibarlı, səmimi və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmlənməsidir. Qlobal problemlər fonunda bu əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyi baxımından hər iki ölkədə sabitliyin qorunması yüksək qiymətləndirilir. Bu sabitlik mövcud çətinliklərin və problemlərin daha effektiv şəkildə aradan qaldırılmasına, eləcə də əməkdaşlığın davamlı inkişafına zəmin yaradır.

Chosen
37
azertag.az

1Sources