2026-cı il aprelin 7-də ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.
Bu barədə AZƏRTAC-a Ali Məhkəmədən məlumat verilib.
Görüşdə Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə toxunaraq, iki ölkənin əlaqələrinin bütün sahələr üzrə uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, məhkəmə-hüquq sahəsində də əməkdaşlıq qarşılıqlı səfərlər və təcrübə mübadiləsi çərçivəsində daha da möhkəmlənir.
Görüş zamanı ölkəmizdə məhkəmə sisteminin müasir tələblərə uyğun qurulması, elektron xidmətlərin genişləndirilməsi, hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, eləcə də cəza siyasətinin humanistləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Nümayəndə heyətinin rəhbəri Muhsin Şentürk ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi önəm verildiyini qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.