EN

Hərbi ittifaqların çöküşü və gecikən "Türk NATO”su

 

Əvvəllər siyasi-iqtisadi əməkdaşlıq platforması kimi çıxış edən bu birlik şimalımızda və cənubumuzda gedən müharibələr fonunda təhlükəsizlik çətirinə çevrilə bilər

İranla müharibə fonunda Şimali Atlantika Müqaviləsi Təşkilatında ( NATO), eləcə də Rusiyanın moderatorluğu etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yaşanan çatlar yeni hərbi ittifaqların yaradılması perspektivini gündəmə gətirib. Xüsusən Türk Dövlətləri Təşkilatının (TDT) fəallığı və son bir ayda İstanbulda, Budapeştdə və Bakıda üç ardıcıl müzakirələr keçirməsi diqqət çəkib. Əvvəllər əsasən mədəni, iqtisadi və siyasi əməkdaşlıq platforması kimi çıxış edən bu birlik indi artıq getdikcə təhlükəsizlik və geosiyasi koordinasiya mərkəzi kimi dəyərləndirilir.

Xüsusilə Yaxın Şərqdə və regionun cənub cinahında baş verən hərbi-siyasi gərginliklər, o cümlədən İran ətrafında formalaşan riskli ssenarilər türk dövlətləri üçün yeni reallıq yaradır. Bir sözlə, görünən odur ki, ya birlik dərinləşəcək, ya da hər dövlət təhlükəsizliyini təkbaşına təmin etməyə məcbur qalacaq.

Hazırkı mərhələdə TDT-nin əsas problemi onun hələ də tam formalaşmış kollektiv təhlükəsizlik mexanizminə malik olmamasıdır. Üzv və müşahidəçi dövlətlər arasında siyasi iradə mövcud olsa da, bu iradə institusional və hərbi-strateji çərçivəyə tam çevrilə bilməyib. İran ətrafında mümkün eskalasiya, böyük güclərin regionda toqquşan maraqları və enerji-nəqliyyat xətlərinin təhlükə altına düşməsi fonunda Türk dünyasının parçalı təhlükəsizlik modeli artıq ciddi risklər yaradır.

Bu mənada tez-tez səsləndirilən “Türk NATO-su” ideyası, sadəcə, simvolik çağırış deyil, reallıqdan doğan zərurət kimi gündəmə gəlir. Məsələ NATO-ya alternativ qurmaq yox, türk dövlətlərinin öz aralarında koordinasiyalı müdafiə, kəşfiyyat mübadiləsi, ortaq hərbi planlaşdırma və böhranlara kollektiv cavab mexanizmi formalaşdırmasındadır. Əks halda, böyük güclərin təzyiqi qarşısında hər bir türk dövləti ayrı-ayrılıqda zəif həlqəyə çevrilə bilər.

Ramil

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ lideri Trampın NATO-nu “kağız pələng” adlandırması, KTMT-nin isə formallıqdan kənara çıxa bilməməsi fövqündə TDT-nin hərbi qanadının yaranması fürsətləri meydana çıxır. Onun fikrincə, bu proses orqanik şəkildə inkişaf etməli və süni yollarla yaranmamalıdır. “Biz zəifləməkdə görünən hərbi blokların tamamilə yoxa çıxacağına inanmalı deyilik. NATO nüvə bombası olan bir neçə dövləti özündə birləşdirir. Hazırda bu alyans Ukraynanı beş ildir ki, hərtərəfli dəstəkləyir. Yəni mən bu hərbi ittifaqın çökəcəyini gözləmirəm. Sadəcə, indi daha çox güc və resurs sərf edən illəridir. Əslində NATO Ukrayna münaqişəsində öz monolitliyini sınaqdan keçirdi. Tramp administrasiyasının fərqli baxışı ola bilər, amma alyans Ukraynada gedən müharibə şəraitində daha iki dövləti üzv qəbul etdi, Rusiya ilə sərhədlərini yaxınlaşdırdı və Baltik gölünü götürdü. Ona görə də TDT-nin hərbi bloka çevrilməsi baş versə belə, bu hadisə NATO ilə də əməkdaşlığı özündə ehtiva etməlidir”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, digər tərəfdən, nəzərə almaq lazımdır ki, TDT-də əsas iştirakçı olan Türkiyə özü də NATO dövlətidir: “Hətta belə bir alyans yaransa da, onun hərbi qüdrəti NATO ilə müqayisə oluna bilməz. Etiraf etmək lazımdır ki, NATO-da ABŞ, Britaniya, Fransa, Almaniya və digər inkişaf edən hərbi sənaye kompleksinə malik ölkələr var. TDT-yə üzv ölkələr isə özünü onunla müqayisə etmədən regionda təhdidlərə qarşı birgəlik nümayiş etdirə bilər. Çünki təhlükəsizlik indi ən ciddi məsələdir". 

Hərbi ekspert KTMT-yə gəlincə, bura üzv ölkələrdən TDT-yə də qoşulanların olduğunu xatırladıb: “Ona görə bu prosesdə Türkiyə və Azərbaycan, eləcə də Qazaxıstan xüsusi rol oynamalıdırlar. Onların qətiyyətli mövqeyi və Rusiya qarşısında iradəsi nəticəsində belə bir müdafiə blokunun yaradılması mümkün ola bilər. KTMT ömrünün ən zəif dövrlərini yaşayır. Bu təşkilatın gücü Rusiyadır. O da Ukraynada müharibəni davam etdirir. Məncə, müharibədən sonra Rusiyaya öz problemlərini həll etmək üçün vaxt lazım olacaq və o səbəbdən də KTMT-nin fəaliyyətini dirçəltmək çətin görünəcək. TDT-yə üzv ölkələr də bu imkanları dəyərləndirməli, heç bir bloka rəqib olmağı qarşısında məqsəd qoymadan təhlükəsizlik çətirini yarada bilər. Dünyada artan müharibələr bunu deməyə əsas verir”.

Hərbi analitik hesab edir ki, əgər bu struktur hərbi blok şəklində yaradılacaqsa, Rusiya və İranın, eləcə də Qərbin reaksiyası izlənilməlidir. Eyni zamanda Azərbaycanın da artıq Qoşulmama Hərəkatından çıxmasını ehtiva edəcək. R.Məmmədli TDT-nin hərbi-texniki əməkdaşlıq şəklində birgə mərkəzinin yaradılmasını istisna etmir. Onun fikrincə, bu qərar yaxın zamanda verilə bilər.

Xatırladaq ki, ötən il oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Tədbirdə ən çox diqqət çəkən məqamlardan biri Prezident İlham Əliyevin TDT-yə üzv ölkələr arasında hərbi, müdafiə və təhlükəsizliyə dair əməkdaşlığını nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda birgə hərbi təlimlər keçirməsini təklif etməsi olub. Ötən həftə isə Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının ikinci görüşü baş tutub. Platforma Türk dünyasını eyni masa ətrafında birləşdirərək strateji maraqlar əsasında əməkdaşlığın möhkəmlənməsinə töhfə vermək məqsədi daşıyır. Onu da deyək ki, 2009-cu il 3 oktyabrda, Naxçıvanda keçirilən zirvə görüşündə “Naxçıvan Sazişi”nin imzalanması ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. Türk dövlətlərinin əzminə əsasən yaradılan şuranın adı, 2021-ci ildə dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olaraq tanınmağa başlayıb. Artıq TDT, 8 türk dövlətini eyni çətir altında birləşdirərək daha güclü əməkdaşlıq platformasına çevrilib. Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

Chosen
17
1
musavat.com

10Sources