AZ

TDT nin Bakıda keçirilən görüşü Türk dünyasının gələcək inkişafı üçün mühüm addımlardan biridir ŞƏRH

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 aprel, AZƏRTAC

Türk Dövlətlər Təşkilatı (TDT) çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasında mühüm rol oynayır. Türk Dövlətlər Təşkilatı hökumət başçılarının/Vitse-prezidentin ölkəmizdə keçirilən son görüşü Təşkilata üzv ölkələrin rəsmilərinin bir araya gələrək iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika əlaqələri, enerji təhlükəsizliyi və regional sabitlik kimi məsələləri müzakirə etməsi baxımından xüsusi önəm daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, görüşdə qarşılıqlı investisiyaların artırılması, ticarət dövriyyəsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi əsas prioritetlər kimi ön plana çıxıb.

“Azərbaycan bu prosesdə həm coğrafi mövqeyi, həm də siyasi təşəbbüsləri ilə körpü rolunu oynayır. Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə Avropaya uzanan nəqliyyat dəhlizlərinin inkişafı Türk dövlətləri arasında inteqrasiyanı sürətləndirir. Görüş çərçivəsində Prezident İlham Əliyevin türk dövlətləri arasında münasibətlərin strateji xarakter daşıdığını vurğulaması, “Türk dünyası bizim ailəmizdir” fikri bu əməkdaşlığın, sadəcə, siyasi və iqtisadi deyil, eyni zamanda, mənəvi və tarixi bağlara əsaslandığını ifadə edir. Çünki bizi siyasi, iqtisadi maraqlardan başqa ortaq dil, mədəniyyət və ənənələr kimi dəyərlər birləşdirir və bunlar mövcud əməkdaşlığın əsas sütunlarındandır. Eyni zamanda, belə görüşlər Təşkilatın struktur və təsir baxımından möhkəmlənməsinə və təmərküzləşməsinə xidmət edir ki, nəticədə TDT daha da güclənərək günümüzün reallıqlarına uyğun siyasi qərarlar verir. Təşkilatın beynəlxalq platformalarda ortaq mövqedən çıxış etməsi türk dövlətlərinin qlobal təsir imkanlarını artırır. Həmçinin ortaq bazarların formalaşdırılması və sərmayə mühitinin yaxşılaşdırılması regionun iqtisadi gücünü yüksəldir”, - deyə Y.Hacızadə vurğulayıb.

Politoloqun sözlərinə görə, Türk Dövlətlər Təşkilatının fəallaşması regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Bu təşkilat təkcə üzv ölkələr arasında əməkdaşlıq platforması deyil, həm də Avrasiya məkanında mühüm güc mərkəzlərindən birinə çevrilmək potensialına malikdir. Xüsusilə Azərbaycan və digər üzv ölkələr enerji təhlükəsizliyi sahəsində enerji resurslarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayır. Avropa ilə Asiya arasında alternativ və etibarlı yol kimi Orta Dəhliz (Trans-Xəzər marşrutu) ön plana çıxır. Regional sabitliyin qorunması üçün koordinasiyalı siyasət, təhlükəsizlik sahəsində əməkdaşlığı vacib amilə çevrilir.

“Azərbaycanda keçirilən görüş və aparılan müzakirələr Türk dünyasının gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm addımlardan biridir. Azərbaycan Prezidenti İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” fikri isə bu birliyin ideoloji əsasını təşkil edərək, dövlətlər arasında əlaqələrin daha da dərinləşməsinə güclü təkan verir. Bu yanaşma göstərir ki, türk dövlətləri yalnız ortaq keçmişi deyil, həm də ortaq gələcəyi paylaşmaq niyyətindədir və bu istiqamətdə ardıcıl siyasət həyata keçirilir”, - deyə Yalçın Hacızadə əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
50
azertag.az

10Mənbələr