EN

Premyer Liqa: “Zirə” “Şamaxı” ilə oyunda qələbəni əldən verib

Bakı, 7 aprel, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Zirə” öz meydanında “Şamaxı” ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 1:1.

Matçın ilk hissəsində hesab açılmayıb. Qonaqlar 59-cu dəqiqədə azlıqda qalıblar. Dieqo Balau birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 66-cı dəqiqədə “Zirə”nin müdafiəçisi Ruan Renato təyin olunan penaltidən yararlana bilməyib. Buna baxmayaraq, meydan sahibləri cəmi 3 dəqiqə sonra hesabı açıblar. Leroy Mikels fərqlənib. Matçda son nöqtəni isə 90+2-ci dəqiqədə Edqar Ədilxanov qoyub.

Bu nəticədən sonra xallarını 43-ə çatdıran “Zirə” 4-cü pillədə qərarlaşıb. “Şamaxı” isə 31 xalla 8-ci sırada qalıb.

Qeyd edək ki, XXVI turun əvvəlki oyunlarında "Qəbələ" "Kəpəz"ə 2:0, "Neftçi" "Sumqayıt"a 3:1, "Qarabağ" "Karvan-Yevlax" 7:0 hesabı ilə qalib gəlib, “İmişli” – “Turan Tovuz” oyununda isə heç-heçə qeydə alınıb – 1:1. Tura bu gün keçiriləcək “Araz-Naxçıvan” – “Sabah” matçı ilə yekun vurulacaq.

Chosen
20
2
azertag.az

10Sources