EN

Müharibə HEROİNİ bahalaşdırıb – Narkomafiya YENİ marşrut axtarışında

Yaxın Şərqdə müharibə təkcə geosiyasi balansı deyil, həm də qlobal kriminal iqtisadiyyatı çalxalayır. Ekspertlər və beynəlxalq analitik mərkəzlər İran üzərindən keçən əsas narkotik marşrutunun bağlanacağını müzakirə edir.

ABŞ, Avropa və Rusiya mətbuatında yayılan xəbərlər göstərir ki, İranda hərbi eskalasiya narkotik tranzitinə təsir etsə də, bu axını tam dayandırmaq real görünmür. Çünki on milyardlarla dollarlıq qlobal narkotik biznesi siyasi sərhədlərdən və müharibələrdən daha çevik mexanizmlərlə işləyir.

Beynəlxalq narkotik monitorinq təşkilatlarının məlumatına görə, Əfqanıstanda istehsal olunan heroinin böyük hissəsi “Balkan marşrutu” ilə Avropaya çatdırılır. Bu marşrut Əfqanıstan-İran-Türkiyə-Balkan ölkələrindən keçməklə Qərbi Avropaya daşınır. ABŞ və Avropa təhlükəsizlik ekspertləri bildirirlər ki, həmin yol logistika baxımından ən əlverişli quru dəhliz sayılır. İran bu sistemdə əsas tranzit qovşağı, Türkiyə isə Avropaya giriş qapısı rolunu oynayır. Məhz buna görə də Qərb analitikləri hesab edirlər ki, İranda genişmiqyaslı hərbi əməliyyatlar baş verərsə, Balkan marşrutu ciddi zərbə ala bilər.

Lakin Avropa İttifaqının Narkotiklər üzrə Agentliyi və bir sıra tədqiqat institutları qeyd edir ki, beynəlxalq narkotik kartelləri uzun illərdir müxtəlif ssenarilərə hazırdır. Əgər İran üzərindən keçən marşrut riskli olarsa, hətta bağlanarsa, narkotik şəbəkələri artıq istifadə etdikləri alternativ istiqamətləri gücləndirə bilər. İstiqamətlərdən biri “Şimal marşrutu” adlanır. Həmin marşrut Əfqanıstandan başlamaqla Tacikistan-Qazaxıstan-Rusiyadan keçməklə Avropada bitir. Rusiyanın təhlükəsizlik analitiklərinə görə, İran marşrutunun zəifləməsi bu xəttin daha da aktivləşməsinə səbəb ola bilər. Digər alternativ isə dəniz marşrutlarıdır. Bu halda narkotiklər Pakistan və Hind okeanı vasitəsilə Afrikanın şərq sahillərinə, oradan isə Avropaya daşınır.

Уничтожение

Kriminal iqtisadiyyat üzrə ekspertlərin ortaq qənaəti belədir ki, müharibələr narkotik ticarətini dayandırmır, sadəcə, marşrutları dəyişir. Tarixdə buna çoxsaylı nümunələr var. Yaxın Şərqdə münaqişələr, Balkan müharibələri və hətta Əfqanıstanın özündə uzun illər davam edən savaşlar narkotik istehsalını və ticarətini məhv etməyib. Əksinə, qeyri-sabitlik bəzən kriminal şəbəkələrin fəaliyyətini daha da genişləndirib.

Mütəxəssislərin diqqət çəkdiyi başqa bir faktor isə Taliban hakimiyyətinin son illərdə xaşxaş əkinlərinə qarşı tətbiq etdiyi qadağadır. Bu qərar Əfqanıstanda opium istehsalını kəskin azaldıb. Lakin bazar mexanizmləri artıq yeni istiqamətə yönəlir. Ekspertlər yaxın illərdə heroin qıtlığının müşahidə ediləcəyi, bunun da qiymət artımına gətirib çıxaracağını qeyd edirlər. Sintetik opioidlərin, xüsusilə fentanil tipli maddələrin yayılması kimi risklərin artacağı proqnozlaşdırılır.

Bəzi beynəlxalq analitiklər isə İran marşrutunda problemlər yaranacağı halda Cənubi Qafqazın alternativ tranzit dəhlizi kimi istifadə edilə biləcəyini də istisna etmirlər. Bu isə region ölkələri, o cümlədən Azərbaycan üçün təhlükəsizlik baxımından yeni çağırışlar yarada bilər. Beləliklə, Qərb və Rusiya analitiklərinin ümumi qənaəti belədir ki, İranda mümkün müharibə Əfqananıstan mənşəli narkotiklərin Avropaya axınını tam dayandırmayacaq. Sadəcə, marşrutlar dəyişə, tranzit xərcləri arta və narkotik şəbəkələri yeni yollar axtarmağa məcbur qala bilər. Kriminal iqtisadiyyatın sərt qaydası isə dəyişmir, harada tələb varsa, orada yeni yol da tapılır...

E.Məmmədəliyev,
Musavat.com

Chosen
18
50
musavat.com

10Sources