Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, dövlətimizin başçısının vurğuladığı kimi, iki ölkə "hər zaman olduğu kimi, bir yerdədir” və bu birlik yalnız siyasi bəyanatlarla deyil, real əməkdaşlıq layihələri ilə də möhkəmlənir. "Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsi artıq uzun illərdir formalaşmış qarşılıqlı etimadın göstəricisidir. Bu münasibətlər yalnız diplomatik protokol səviyyəsində deyil, həm də prinsipial məsələlərdə – suverenlik, ərazi bütövlüyü və regional sabitlik kimi mövzularda özünü açıq şəkildə büruzə verir. Bu baxımdan iki ölkə arasında əməkdaşlıq Cənubi Qafqaz üçün nümunəvi model kimi qiymətləndirilə bilər.”
Millət vəkili bu gün regionda formalaşan yeni geosiyasi reallıqların Bakı və Tbilisi arasında əlaqələrin əhəmiyyətini daha da artırdığını vurğulayıb: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Cənubi Qafqaz artıq keçmişdə olduğu kimi münaqişələr məkanı deyil, tədricən sülh və əməkdaşlıq zonasına çevrilir. Bir zamanlar qarşıdurmalar və qeyri-sabitliklə xarakterizə olunan bu coğrafiyada indi yeni imkanlar yaranır. Bu imkanlardan düzgün istifadə olunması isə region ölkələrinin məsuliyyətli və uzaqgörən siyasətindən asılıdır. Qlobal miqyasda artan gərginlik fonunda Cənubi Qafqazda sabitliyin qorunması xüsusi əhəmiyyət daşıyır. Dünyanın müxtəlif bölgələrində müharibə və toqquşmaların davam etdiyi bir vaxtda Azərbaycan və Gürcüstanın nümayiş etdirdiyi əməkdaşlıq modeli regional təhlükəsizliyə mühüm töhfə verir. Bu model yalnız siyasi dialoqla məhdudlaşmır, həm də iqtisadi və nəqliyyat layihələri ilə tamamlanır. Bu kontekstdə Orta Dəhliz xüsusi önəm kəsb edir. Azərbaycan və Gürcüstan ərazisindən keçən bu nəqliyyat marşrutu Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır. Son illərdə Orta Dəhlizin inkişafına yönəlmiş addımlar, infrastrukturun genişləndirilməsi və logistika imkanlarının artırılması regionun qlobal ticarət xəritəsində mövqeyini gücləndirir. Azərbaycanın enerji resursları və Gürcüstanın tranzit imkanları birləşərək qarşılıqlı faydalı əməkdaşlıq modeli formalaşdırır. Bu əməkdaşlıq nəticəsində həyata keçirilən iri layihələr – neft və qaz kəmərləri, dəmir yolları və liman infrastrukturu – artıq öz effektivliyini sübut edib. Eyni zamanda, yeni təşəbbüslər regionun iqtisadi potensialını daha da artırmağa xidmət edir. Tbilisi görüşü bir daha göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri yalnız bugünün deyil, gələcəyin də strateji təminatıdır”.