EN

Prezident İlham Əliyevin Gürcüstana səfəri dövlətlər arasındakı münasibətlərin inkişafına təkan verəcək - ŞƏRH

Bakı, 7 aprel, AZƏRTAC

Sovet İttifaqı dağıldıqdan sonra Cənubi Qafqazda müstəqillik əldə edən Azərbaycan ilə Gürcüstan yaxın əlaqələr qurmağa başlayaraq gələcək iqtisadi inkişafı planlaşdırdılar. Ermənistandan fərqli olaraq rəsmi Bakı ilə Tbilisi qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri olmadan iqtisadi inkişafın çətin olacağını başa düşürdülər. İri neft şirkətləri ilə 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanda hasil olunan neftin Qərbə nəql olunması məsələsi gündəmə gəldi.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, məhz bu məsələ Azərbaycanın neft strategiyasının əsas xəttini təşkil edirdi.

“Ermənistan ilə münaqişəli vəziyyət bu ölkənin ərazisindən kəmərlərin çəkilməsini mümkünsüz edirdi. Bu zaman Ulu Öndər Heydər Əliyev ilə Gürcüstanın sabiq Prezidenti Eduard Şevarnadze arasında razılıq əldə olundu və Bakı-Tbilisi-Ceyhan neft, az sonra isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri çəkildi. Azərbaycan nefti və qazı ilk dəfə Gürcüstan üzərindən dünya bazarlarına çıxarıldı ki, bu da praqmatik siyasətin nəticəsi idi. Bununla da hər iki dövlət bu kəmərlərdən faydalanmağa başladı. Ümummilli Liderin siyasi irsini davam etdirən Prezident İlham Əliyev Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi islahatları davam etdirərək Asiya ilə Avropa arasında ticarət əlaqələrinin qurulmasında Azərbaycanın coğrafi mövqeyini düzgün qiymətləndirdi və tranzit infrastrukturunu təkmilləşdirməyə başladı.

Bakı-Tbilisi-Qars dəmir yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ən uğurlu beynəlxalq əhəmiyyətli nəqliyyat layihəsidir. Bu gün Orta Dəhlizin yük aşırım həcminin artması və yüklərin Mərkəzi Asiya və Çindən Azərbaycana, buradan isə məhz Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya daşınması dövlətimizə həm iqtisadi divident, həm də siyasi zəmanət qazandırır. Prezident İlham Əliyevin Gürcüstana səfəri ikitərəfli əlaqələrin inkişafına təkan verməklə yanaşı, dövlətlər arasındakı münasibətlərin inkişafına da təkan verəcək”, - deyə deputat əlavə edib.

Chosen
8
1
azertag.az

2Sources